Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda konfransın materialları çapdan çıxıb

“İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda konfransın materialları çapdan çıxıb

Tarix: 25 Sentyabr 2019 10:20

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər il 27 mart tarixinin “Elm Günü” kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə 4 aprel 2019-cu il tarixdə Elm Gününə həsr olunmuş Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən “İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda konfransın materialları nəşr olunub.

Aİİ-dən Trend-ə bildirilib ki, konfransa təqdim edilən məqalələr mövzunun aktuallığı, elmi əhəmiyyəti, əldə olunmuş yeniliklərə və nəticələrə əsasən Təşkilat Komitəsi tərəfindən seçilərək kitaba daxil edilib. Kitabda 17 məqalə yer alıb.

Topluda “İslam bioetikasında klonlaşdırmaya münasibət”; “XIV-XX əsrlərin məşhur azərbaycanlı fiqh alimləri”; “Sənət əsərləri üzərindəki təsvirlər türk – İslam mədəniyyətinin nümunəsi kimi”; “XVIII – XX əsrin əvvəllərində Azərbaycanın maddi mədəniyyətində İslamın rolu”; “Əhməd bəy Ağaoğlunun İslam dinində elmə münasibət haqqında fikirləri”; “Fərabi fəlsəfəsində ilk varlıq anlayışı”; “İslam dininin tətbiqi sənət nümunələrinə təsiri” və digər məqalələr dərc olunub.

Kitaba “Ön söz” yazan Aİİ rektoru i.f.d. Ceyhun Məmmədov qeyd edib ki, ölkəmizdə elmin və təhsilin inkişafına böyük qayğı göstərilir. Bu istiqamətə diqqətin artırılması məqsədilə Respublika Prezidenti İlham Əliyevin 2018-ci il aprelin 9-da Azərbaycanda “Elm Günü”nün təsis edilməsi haqqında Sərəncamına uyğun təşkil olunan tədbirlər gənclərdə tədqiqat sahəsinə marağı gücləndirmək məqsədi daşıyır.

C.Məmmədov, həmçinin bildirib ki, İnstitut gəncləri Din psixologiyası, Din sosiologiyası, Dinlər tarixi və fəlsəfəsi kimi elm sahələrində tədqiqatlara cəlb edir və bu araşdırmaların gələcəkdə din sahəsi ilə yanaşı, müxtəlif elm sahələrinə də töhfə verə biləcəyi qənaətindədir.

Aİİ rəhbəri, həmçinin vurğulayıb ki, ali təhsil müəssisəsində gənclərin elmi tədqiqatlara cəlb olunması məqsədilə müxtəlif tədbirlər təşkil edilir. İnstitutda dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunur. Bu qəbildən olan tədbirlər araşdırma aparan gəncləri bir araya gətirərək, fənlərarası istiqamətdə tədqiqatların inkişafına öz töhfəsini verəcək.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutu elmi kitabların çapına xüsusi önəm verir. Ali təhsil müəssisəsi kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə İnstitut müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının nəşri daxildir. Bununla yanaşı, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də İlahiyyat sahəsində problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İslam sivilizasiyası tarix müasirlik mövzusunda konfransın materialları çapdan çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ