Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kərbəla şəhidi – Yezid ibn Sübeyt Qeysi

Kərbəla şəhidi – Yezid ibn Sübeyt Qeysi

Tarix: 23 Avqust 2022 21:12

Kərbəla şəhidi - Yezid ibn Sübeyt QeysiO, Bəsrənin şərafətli və ehtiram göstərdiyi şiələrindən idi. İbn Ziyad hələ Bəsrədə olduğu və bütün yollara nəzarət etdiyi vaxtlarda Yezid ibn Sübeyt Məkkəyə, İmam Hüseynin (ə) yanına getmək qərarına gəlir.

Onun on oğlu var idi. Öz qərarını onlara bildirib deyir: "Sizlərdən hansınız mənimlə Məkkəyə getmək və canını İmamın (ə) yolunda fəda etməyə hazırdır?" Abdullah və Übeydullah adlı iki oğlu hazır olduqlarını bildirirlər.

Sonra Sübeyt, Munqiz Əbdinin qızı və Bəsrənin kamal sahibi olan şiələrindən Mariyanın evinə gedir. Ora şiələrin toplandığı və ünsiyyət qurduğu yer idi. O, şiələrin arasında öz qərarını elan edir və hamını onunla birlikdə Məkkəyə yola düşməyə dəvət edir.

Həmin camaatın arasından Amir və qulamı, Seyf ibn Malik və Ədhəm ibn Üməyyə onunla razılaşırlar və birlikdə yeddi nəfər olmaqla Məkkəyə yola düşürlər. ("Əbsarul-eyn", səh.110 və "Əyanuş-şiə", c.10, səh.305.)

İmam Hüseyn (ə) Əbtəhdə - Məkkə məntəqələrindən birində - otraq etdiyi zaman İbn Sübeyt də Məkkəyə yetişdi. O, qısa bir istirahətdən sonra İmamın (ə) mənzil etdiyi yerə yollandı.

Digər tərəfdən, İmam (ə) Sübeytin gəlməsi xəbərini eşitdikdə, özü onun xeyməsinə getdi. Ora çatdıqda dedilər: "İbn Sübeyt sizinlə görüşmək məqsədi ilə çölə çıxıb."

İmam Hüseyn (ə) Sübeyti orada gözlədi. İbn Sübeyt İmamın (ə) onun xeyməsinə getdiyini anladıqda, dərhal özünü ora çatdırdı və İmamı (ə) gördüyü zaman, bu ayəni uca səslə oxudu:

قُلْ بِفَضْلِ اللهِ وَبِرَحْمَتِهِ فَبِذَلِكَ فَلْيَفْرَحُوا

"De: Allahın fəzli və rəhməti ilə! Belə isə ona şad olun!" ("Yunis" surəsi, ayə 58.)

Sonra dedi:

ألسّلام عليك يابن رسول الله

"Salam olsun sənə, ey Allah Rəsulunun (s) övladı!"

İmam (ə) onun salamının cavabını verdi. Həzrətin kənarında əyləşən Sübeyt gəliş məqsədini bəyan etdi. İmam (ə) onu dua edərək öz karvanına qoşdu.

O, həmin yerdən Kərbəlaya qədər İmamın (ə) hüzurunda idi. Aşura günü Abdullah və Übeydullah adlı iki oğlu elə ilk həmlədə şəhadətə çatdı. Özü isə sonrakı hücumda döyüşərək şəhid oldu. ("Əbsarul-eyn", səh.111 və "Təbəri tarixi", c.4, səh.263.)

"Nahiyə" ziyarətində onun və iki övladının adı qeyd olunmuşdur:

السَّلَامُ عَلَی زَیدِ بْنِ ثُبَیتٍ الْقَیسِی السَّلَامُ عَلَی عَبْدِ اللَّهِ وَ عُبَیدِ اللَّهِ ابْنَی یزِیدَ بْنِ ثُبَیتٍ الْقَیسِی

"Salam olsun Zeyd ibn Sübeyt Qeysiyə! Salam olsun Yezid ibn Sübeyt Qeysinin iki oğlu Abdullah ilə Übeydullaha!" ("Aşura - Tarixin ən böyük qəhrəmanlıq salnaməsi", Ayətullah Məkarim Şirazi, səh.739-741.)


Etiketlər:  Kərbəla şəhidi Yezid Sübeyt Qeysi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ