Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2022 15:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti xanım Maya Sanduya təbrik məktubu ünvanlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı məktubunda bütün Moldova xalqını şəxsən öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib.
İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycan-Moldova münasibətlərinin bu gün uğurla inkişaf etdiyini vurğulayıb. Həmçinin qeyd edilib ki, ötən dövr ərzində ölkələrimiz arasında siyasi dialoq və müxtəlif sahələrdə əməkdaşlıq genişlənib, xalqlarımız arasında tarixən mövcud olan təmaslar intensivləşib.
"İnanıram ki, ölkələrimiz arasında ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə daha da möhkəmlənəcəkdir", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlətimizin başçısı, həmçinin Prezident xanım Maya Sanduya ən xoş arzularını çatdırıb, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.