Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2019 21:28
Bakı. Trend:
"Çox təəssüflər olsun ki, 80-ci illərin sonu, 90-cu illərin əvvəlində, xüsusilə də 1992-1993-cü illərdə, AXCP-Müsavat çütlüyünün hakimiyyətdə olduğu dövrlərdə 267 min hektar üzüm sahəsi vəhşicəsinə məhv edilib".
Trend-in məlumatına görə, bunu Göyçay rayonunda keçirilən "Narçılığın inkişafı: qarşıda duran vəzifələr" mövzusunda respublika müşavirəsində Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
O bildirib ki, ötən əsrin 70-80-ci illərində Azərbaycanda 267 min hektar üzüm sahəsi olub: "Biz ötən əsrin 70-80-ci illərdə aqrar sahədə mövcud olan ənənələrimizə çatmaq yolunda mübarizə aparmalıyıq. Məsələn, 80-ci illərdə ölkədə 267 min hektar üzüm sahəsi olub. Bu gün biz 16 min hektar üzüm sahəsi ilə kifayətlənməli oluruq. Çox təəssüflər olsun ki, 80-ci illərin sonu, 90-cu illərin əvvəlində, xüsusilə də 1992-1993-cü illərdə, AXCP-Müsavat çütlüyünün hakimiyyətdə olduğu dövrlərdə 267 min hektar üzüm sahəsi vəhşicəsinə məhv edilib. Azərbaycanda 80-90-cı illərdə barama istehsalı 6 min ton təşkil edib. Bu gün biz hədəfi Dövlət Proqramına salmışıq. Biz 6 min ton barama istehsal edirdik. Nəyin hesabına? Çünki, Azərbaycanda 30 barama qurutma məntəqəsi, barama tədarük məntəqələri var idi. 31 baramaçılıq idarəsi var idi. Nə baş verdi? 1991-ci ildə biz 6 min ton barama istehsal edirdik, amma 1992-1993-cü illərdə bu infrastruktur darmadağın edildi. Hesab edirəm ki, bunun yalnız bir adı var - vəhşilik və barbarlıq!"
Nazir bildirib ki, aqrar sahənin inkişafı üçün vaxt tələb olunur: "Dövlətimiz qətiyyətlə bu sahənin inkişafına diqqət yetirir. 30 ilə qurulmuş bir infrastrukturu - 264 min hektar üzüm sahəsini bir neçə ilə məhv etmək mümkündür, amma bunun bərpası üçün onilliklər lazımdır. Hazırda biz Ulu Öndər Heydər Əliyev tərəfindən bizə qoyulmuş mirasın bərpasına çalışırıq."
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin