Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2022 10:52
Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Dam və onun azərbaycanlı xanımı Suada Hacızadədən müsahibə alıb.
Sonxeber.net həmin müsahibəni təqdim edir:
- Görüşüb söhbətləşmək fürsəti yaratdığınız üçün sizə təşəkkür edirəm. Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqə qurmaq niyyətiniz bizi sevindirdi və vaxt itirmədən görüşünüzə gəldik. Xüsusilə Kristoferi Bakıda görməkdən məmnun olduq.
Suada: Bizimlə görüşə vaxt ayırdığınız üçün biz də sizə təşəkkür edirik.
Gəlin tanışlığınızdan başlayaq, harada və necə tanış olmusunuz?
Kristofer: Atam 2000-ci illərin əvvəllərində Azərbaycana gəlib. Burada qısa müddət qalmasına baxmayaraq, Azərbaycanı çox sevir, çox bəyənir. O vaxtlar atam həm də Suadanın atası ilə tanış olub. ABŞ-a, Los-Ancelesə qayıdanda atam məni ofisinə çağırdı və dedi ki, Azərbaycan adlı bir ölkəyə səfər etmişdim. Çox gözəl ölkədir və parlaq gələcəyi olacaq. Dedi ki, o ölkənin insanları çox mehribandır, mədəniyyəti çox zəngindir. Bilmirəm bunu niyə dedi, amma dedi ki, sən gələcəkdə mütləq Azərbaycandan olan bir xanımla evlən. Həmin vaxt başqa xanımla münasibətlərim var idi, ona görə etiraz etdim. Dedim ki, yox, bu mümkün deyil. İllər sonra Suada ilə instaqramda tanış oldum. Azərbaycan adını görən kimi atamın sözləri yadıma düşdü. Suada ilə düz 4 il instaqramda danışdıq və yaxın dosta çevrildik. Zamanla isə bir-birimizə aşiq olduq.
Atam feysbukda və digər sosial şəbəkələrdə canlı yayıma qoşulurdu. Bir dəfə Yeni ildə o, 100 min izləyicinin iştirakı ilə canlı yayımda olanda ekranda onun adını görür və oxumağa başlayır: Suada Hacızadə. Amma Suadanın kim olduğu, həmin tanışının qızı olduğu ağlına belə gəlməzdi. Suadanı Yeni il münasibətilə təbrik edir və Suada da həmin videonu yazıb saxlayır.