Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertlər keçiriləcək

Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertlər keçiriləcək

Tarix: 13 Sentyabr 2022 17:18

18-26 sentyabr 2022-ci il tarixlərində XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu festival, müxtəlif konsert proqramlarını əhatə edir. 

Ü.Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının açılışı 18 sentyabr 2022-ci il tarixində saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində möhtəşəm proqramla qeyd olunacaq. Tədbirdə dirijorlarMustafa Mehmandarov və Rusiyanın Xalq artistiSergey Skripkanın  rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Fransa musiqiçiləri David Gerşoviç (violin), Slava Gerşoviç (piano) və Rusiyanın Xalq artisti, violinoçu Vadim Repin  çıxış edəcəklər. Proqramda Ü.Hacıbəyli, F.Əmirov, K.Sen-Sansınəsərləri və Azərbaycan Respublikasının Xalq artisti P.Bülbüloğlunun ilk dəfə olaraq - violin və orkestr üçün konserti səslənəcək. 

Festivalın ikinci günü, 19 sentyabr saat 17:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi çərçivəsində  Kamera və Orqan Musiqisi Zalında "Üzeyir sənətinin gənclik sədaları" adı altında gənclik proqramı tərtib edilərək, layihə iştirakçıları çıxış edəcəklər. Burada nəyin ki, Ü.Hacıbəyli, F.Əmirov, T.Quliyev, H.Rzayev, A.Məlikov, eyni zamanda gənc və istedadlı bəstəkarlar T.Əhədova, R.Əhmədzadə, L.Əhmədovanın əsərləri səslənəcək. Konsertdə pianoçular A.Manafzadə, F.Bəylərova, C.Abdinzadə, violinoçu T.Abdullayev, klarnet ifaçısı Ş.Əliyev, arfa ifaçısı P.Əşari, kamança ifaçısı M.Məhərrəmova, tar ifaçısı C.Bəşirli, violonçel ifaçısı V.Qurbanov çıxış edəcəklər. Həmçinin, Azərbaycan Milli Konservatoriyasının Tələbə Xoru dosent L.Zalıyevanın rəhbərliyi altında səhnəyə çıxacaqlar. 

Senyabr ayının 21-i saat 18:00-da Kamera və Orqan Musiqisi Zalında İslam Manafovun piano musiqisi axşamı keçiriləcək. Solist İ.S.Bax, D.Skarlatti, F.Şopen, M.Musirqski, A.Skryabin, S.Prokofyev, Q.Qarayev, A.Bəbirovun əsərlərini səsləndirəcək. 
Eyni gün, 21 sentyabr saat 19:00-da isə, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Üzeyir ənənəsinin sönməyən ulduzlari" adlı tədbir keçiriləcək. "Muğamdan simfoniyaya doğru" olan bu konsert Fikrət Əmirovun 100 illiyinə həsr olunacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Azərbaycan Respublikasının Xalq artisti, dirijor Yalçın Adıgözəlov rəhbərlik edərək, F.Əmirov, Niyazi və A.Əlizadənin simfonik əsərlərini səsləndirəcəklər.

Kamera və Orqan Musiqisi Zalında 22 senyabr saat 18:00-da,  "Şuşa ili" çərçivəsində "Şuşanın fəsilləri" adlı silsilə konsertlər layihəsi təşkil edilərək "Payızın Palitrası - Qələbə Rəngləri" adını daşıyan konsert olacaq. Bu layihə, pianoçu Rəna Rzayevanın solo konsertini nəzərdə tutur. Proqram Q.Qarayev, F.Əmirov, Niyazi, C.Hacıyev, A.Əlizadə, X.Əhmədli Cəfərin əsərlərini əhatə edəcək. 

23 senyabr 2022-ci il tarixində saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Macarıstandan dəvət olunmuş məşhur Mendelson Kamera Orkestri çıxış edəcək. Solistlər Fəqan Həsənli (piano) və Əziz Pənah(qoboy) olacaqlar. Onlar V.A.Motsart, L.Bethoven, Ü.Hacıbəyli, B.Bartok və A.Əlizadənin əsərlərini səsləndirəcəklər. 
"Üzeyir sənətinin gənclik sədaları" layihəsi bu dəfə, 24 sentyabr saat 19:00-da Kamera və Orqan Musiqisi Zalında "Detaşe" violinoçular ansamblının konserti ilə təqdim olunacaq. Ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti Zəhra Quliyevadır. Azərbaycan, rus və Qərbi-Avropa bəstəkarlarının əsərləri Z.Quliyeva, X.Mirqulamlı, Ş.Rəsulova, O.Mustafazənin solo çıxışları ilə ifa olunacaq. 

25 sentyabr saat 18:00-da, Azərbaycan Dövlət Simli Kvarteti və Azərbaycan Dövlət Triosu Kamera və Orqan Musiqisi Zalında çıxış edəcəklər. " İlk ifalar" adlı konsert proqramında E.Mirzəyev, S.Fərəcov, L.Cəfərova, E.Dadaşova, V.Məmmədzadə, R.Hüseynova, A.Hacıəsgərlinin əsərləri səslənəcək. Solistlər Leyla Əliyeva (piano) və Aynur Xəlilova (piano) olacaqlar. 

Eyni tarixdə, (25 sentyabr) saat 19:00-da  Azərbaycan Respublikasının Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri "Türk yurdunun musiqi aləmi" adlı konsert proqramı ilə çıxış edəcəklər. Konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Qanun ifaçısı Çinarə Mütəllimovada solist olaraq orkestr ilə eyni səhnəni bölüşəcək. Proqramda B.Bartok, C.Quliyev, H.F.Alnar və F.Əlizadənin əsərləri səslənəcək. 

Festivalın son günü, 26 sentyabr tarixində saat 19:00-da, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Qazaxstandan olan "Turan" folklor ansamblı çıxış edəcəklər. Dirijor - Ayrat Kaşayev (Tatarıstan) və solist - Nərgiz Əliyarova  " Türk yurdunun musiqi aləmi" adlı konsertdə eyni səhnəni bölüşəcəklər. Proqramda Azərbaycan (F.Əmirov, A.Məmmədova), Türkmənistan (M.Bəşimov), Tatarıstan (E.Nizamov), Özbəkistan (M.Bafoyev) və Qazaxıstan (A.Raimkulova) bəstəkarlarının əsərləri ifa olunacaq. 

Ümid edirik ki,Ü.Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı hər il olduğu kimi,bu dəfə də məşhur  musiqiçilərlə və maraqlı, rəngarəng konsert proqramları ilə dinləyicilərin sevgisini və rəğbətini qazanaraq yadda qalacaq. 

Milli.Az


Etiketlər:  Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertlər keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ