Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2022 14:06
Paşinyanı pozuculuq işlərinə məcbur edən kimdir - Qərb, yoxsa Rusiya?; düşmən təxribatlara ara vermir, Azərbaycan Müdafiə Nazirliyindən növbəti xəbərdarlıq: "Vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür"
Deputat: "Ermənistan dövlət deyil, terror təşkilatı olduğu üçün hər cür təxribatları həvəslə qəbul edir və bu zaman öz lehinə nəticə əldə edəcəyini düşünür"
Ermənistan sülh anlaşmasına az qalmış yenə də təxribatlara əl atdı. Bununla da o, Moskvada və Brüsseldə paralel şəkildə aparılan prosesi, qurulmuş mexanizmləri də faktiki olaraq darmadağın etmiş oldu.
Postmüharibə dövründə biz yalnız onun şahidi olduq ki, proseslər konkret bir razılaşma nöqtəsinə çatanda Ermənistan həmin prosesi pozmaq üçün təxribatlara əl atır. Hesab edirdik ki, ötən ay aparılan "Qisas" əməliyyatından sonra ermənilər "ağıllanar", reallıqları bir daha dərk edər, "Dəmir yumruq"un yerində olduğunu anlayarlar. Hətta sonuncu Brüssel görüşündən sonra Azərbaycan humanizm nümayiş etdirərək 5 erməni hərbiçisini qarşı tərəfə təhvil verdi. Ancaq Ermənistan hakimiyyəti xarici dairələrin, ağalarının təsiri ilə yaxın vaxtlarda imzalanacaq sülh prosesini pozmaq üçün daha böyük qanlı təxribatlar törətmək yolunu seçdi.
İlkin rəylər bundan ibarətdir ki, N.Paşinyan maraqlı xarici dairələrin təsiri ilə Cənubi Qafqazda Azərbaycanın yaratdığı status-kvonu dəyişmək üçün avantüraya gedib, Qafqazda yenidən qanlı qarşıdurmalar törətmək öhdəliyi götürüb və buna görə də məlum sərhəd təxribatları həyata keçirilib. Faktiki olaraq Paşinyan nə 10 noyabr bəyanatına əməl edir, nə də Brüssel prosesində götürülən öhdəlikləri yerinə yetirir.
Prezident İlham Əliyev Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirib. "Yeni Müsavat"ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib. Dövlət başçısı bu genişmiqyaslı təxribatın məhz Ermənistan tərəfindən törədildiyini qeyd edərək buna görə bütün məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib. Prezident İlham Əliyev Azərbaycanın Brüsseldə aparılmış müzakirələrin davamı olaraq sülh gündəliyini dəstəklədiyini vurğulayıb.
Fakt bundan ibarətdir ki, Ermənistan bütün istiqamətlər üzrə indiyədək gəlinmiş razılıqları alt-üst etdi, məsələ yenidən "0" nöqtəsinə doğru gerilədi. Hətta rusiyalı ekspertlər belə açıqca bəyanat verdilər ki, Azərbaycan-Ermənistan sərhədində baş verənlərin yeganə səbəbi Paşinyan hakimiyyətinin 10 noyabr bəyanatına əməl etməməsidir. Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Vladimir Putinin keçmiş müşaviri, tanınmış politoloq Sergey Markov deyib ki, Azərbaycan və Ermənistan arasında silahlı toqquşmaların olmaması üçün tərəflər arasında 10 noyabr 2020-ci il tarixli sazişin bəndləri tam icra olunmalı və sülh müqaviləsi bağlanmalıdır: "Belə olmayan halda döyüşlər davam edəcək. Ermənistan öz qoşunlarını Qarabağdan tam çıxarmayıb, nəqliyyat dəhlizləri hələ də açılmayıb. Ermənistan sərhədin demarkasiyası və delimitasiyası prosesini uzadır. Qarabağın ermənilər yaşayan hissəsində Azərbaycan heç bir əməliyyat həyata keçirmir. Atəşkəsin əldə olunması üçün vasitəçi dövlətlər lazımdır, bunların da başında Rusiya gəlir".
Şərhçi İqor Korotçenko da oxşar məzmunlu açıqlama ilə çıxış edib. O, həmçinin baş verənlərə görə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) hərbi dəstək üçün müraciət etməsini də hüquqi baxımdan qanunsuz hesab edib: "Burada söhbət lokal sərhəd insidentindən gedir. Üstəlik, Azərbaycan və Ermənistan arasındakı sərhəd delimitasiya olunmayıb. Ona görə də, "de- fakto" tərəflərin təmas xətti mövcuddur". Rusiyalı ekspert qeyd edib ki, silahlı insidentin mənbəyi Ermənistan tərəfidir və onun silahlı təxribatıdır: "Azərbaycanın hərəkətləri isə cavab və məcburi xarakter daşıyır".
Bu arada ABŞ səfirliyinin ənənəvi "narahatlıq" bəyanatı yayıldı, faktiki olaraq ermənipərəst bir mövqe sərgilədilər. Azərbaycanın rəsmi açıqlamalarına, təkzibinə əhəmiyyət vermədən "Ermənistan daxilində yaşayış məntəqələrinə və mülki infrastruktura zərbələr endirilməsi barədə məlumatlardan ciddi narahatıq. Həmişə aydın şəkildə bəyan etdiyimiz kimi, münaqişənin hərbi yolla həlli ola bilməz. Biz istənilən hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq" dedilər. Fransa isə hətta Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması təşəbbüsünü irəli sürüb. Hansı ki, BMT TŞ-nin Ermənistanın Azərbaycan torpaqlarından qeyd-şərtsiz çəkilməsi haqqında 4 qətnaməsi 30 il icra olunmadı və onu Azərbaycan özü həyata keçirdi...
Ortaya belə bir mənzərə çıxır ki, Qərb - xüsusən ABŞ və Fransa (həmsədr ölkələr!) Ermənistanı sülh müqaviləsi imzalamaqdan yayındırmaq üçün təzyiqlər edir! Digər bir versiya isə odur ki, Rusiya Paşinyanı Qərbin yox, onun diqtəsilə hərəkət etməyə məcbur edir və son baş verənlər də buradan qaynaqlanır.
Bütün hallarda, vəziyyət artıq kifayət qədər gərgindir, Ermənistan bütün prosesi pozub. Bəs bundan sonra nə olacaq və olmalıdır? Savaş hara qədər davam edə bilər? Ermənistanı sülhə məcbur etmək üçün indiyədək atılan addımlar effektiv deyilsə, daha nə edilməlidir? Hər halda, qeyri-müəyyənlik sonsuzadək davam edə bilməz və bir çıxış yolu tapılmalıdır.
Sonxeber.net xəbər verir ki, deputat Hikmət Babaoğlu "Yeni Müsavat"a bildirdi ki, Ermənistan genişmiqyaslı təxribata əl atmaqla hər kəsə aydın olan iki faktı bir daha təqdim etdi: "Əvvəla, bir daha aydın oldu ki, Ermənistan sülh istəmir, ikincisi, regionumuzda sülh istəməyən hərbi-siyasi güc mərkəzlərinin əlində dağıdıcı alətdir. Paşinyanı belə təxribatlara sövq edən daxili və xarici faktorlar var. Onun hakimiyyətdə olan hərbi-siyasi komandası monolit deyil, radikal qərarlar qəbul etmək üçün Paşinyana təsir göstərir və təxribatların danışıqlar masasında onun əlini gücləndirəcəyinə inandırırlar. Başqa bir tərəfdən, Paşinyan nəticə etibarilə bir Soros layihəsi olduğu üçün müstəqil qərarlar qəbul edə bilmir. Ona görə də tez-tez bir-birinə zidd olan mövqelər nümayiş etdirir. Bir tərəfdən ilin sonunadək sülh müqaviləsi bağlanmasının zəruri olduğu haqqında komandasına göstəriş verir, cəmisi bir neçə gündən sonra sülhə gedən körpüləri yandıracaq təxribatlara əl atır. Dolayısı ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını istəməyən, regionumuzu öz imperialist ambisiyalarının geostrateji rəqabət meydançasına çevirmək istəyən mərkəzlərə xidmət edir. Sonuncu təxribat da əvvəlcədən düşünülmüş planlı təxribat idi. Fransanın dərhal məsələni BMT Təhlükəsizlik Şurasının gündəminə gətirməklə bağlı hərəkətə keçməsi də bunu sübut edir. Ancaq başqa bir tərəfdən də Rusiya hesab edir ki, Qərb məhz onun səyləri nəticəsində əldə edilmiş üçtərəfli bəyanat uğurunu istismar edərək onun nailiyyətini oğurlamaq istəyir". Millət vəkili qeyd etdi ki, belə məqamlarda Ermənistandan tələb olunana dövlət ağılı ilə hərəkət edə bilməsidir: "Ancaq Ermənistan dövlət deyil, terror təşkilatı olduğu üçün hər cür təxribatları həvəslə qəbul edir və bu zaman öz lehinə nəticə əldə edəcəyini düşünür. Ancaq bu, olmayacaq. Çünki Azərbaycan güclüdür və təkcə sonuncu erməni təxribatı zamanı onun bütün sərhədboyu təchizatını cəmisi 7 saata darmadağın etdi". Savaşın nə qədər davam edəcəyinə gəldikdə, H.Babaoğlu bildirdi ki, hətta sülh müqaviləsi imzalansa belə, hər ana savaş ola bilər: "Çünki Ermənistan etibar ediləsi tərəfdaş deyil. Ona görə də biz güclü olmalıyıq və Ermənistana sülhə riayət etməkdən başqa çarə buraxmamalıyıq. Elə bunu da edirik".
Yazı çapa hazırlanarkən Ermənistanın təxribatları davam edirdi. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutulur.
Rəsmi məlumatda daha sonra deyilir: "Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya və digər ağır atəş vasitələrindən istifadə olunmaqla sərhədyanı ərazilərdə hücum və təxribatlar davam etdirilir. Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür". Qeyd olunub ki, Azərbaycan Ordusu tərəfindən yalnız legitim hərbi hədəf olan atəş nöqtələrinə qarşı lokal cavab tədbirləri həyata keçirilir. "Ermənistan tərəfi təxribatçı əməllərindən çəkinməli və atəşkəs haqqında əldə olunmuş razılaşmaya riayət etməlidir", - nazirlikdən qeyd olunub.
Diqqət edin, Ermənistanın təxribatlarına beynəlxalq aləmdən hər hansı reaksiya verilmir. Azərbaycan sərt tədbirlərə əl atan kimi, yerbəyerdən üstümüzə tökülürlər, terrorçu Ermənistanı müdafiə edirlər. Özü də Ermənistanın sentyabrın 14-də də davam edən xain təxribatları Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycanı mühakimə (?!) etməklə bağlı əsassız təşəbbüsünün fonunda baş verir...