Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2022 08:28
Parabadmintonçumuz İbrahim Əliyev Uqandanın paytaxtı Kampala şəhərində keçirilən "Uganda Para Badminton International 2022" turnirində bürünc medal qazanıb.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, cari ilin avqustundan etibarən məşqçi Teymur Abbasovla birgə ölkəmizi beynəlxalq arenada təmsil etməyə başlayan İbrahim qısa müddət ərzində qatıldığı ikinci turnirdə mükafatçılar sırasında yer almağı bacarıb.
Parabadmintonçuların şəxsi yarışında qrup mərhələsini ilk sırada başa vuran İbrahim Əliyev uğurlu çıxışının davamını pley-offda da gətirib.
1/4 finalda Manoj Kumara (Hindistan) 2:0 (21-14,21-12) hesabı ilə qalib gələn İbrahim ən güclü 4-lüyə yüksəlməklə bürünc medalı təmin edib. Yarımfinalda turnirin reytinq favoritlərindən sayılan hindistanlı Natarajan Zillaiyə 0:2 (11-21,16-21) hesabı ilə uduzan İbrahim "Uganda Para Badminton International 2022" turnirində bürünc medala sahib çıxıb.
Bu, həm də Azərbaycan parabadmintonu tarixində beynəlxalq turnirlərdə qazanılan ilk medaldır.