Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zorakılığa və təzyiq hallarına məruz qalan uşaqlar üçün ''Qaynar xətt'' yaradılır (FOTO)

Zorakılığa və təzyiq hallarına məruz qalan uşaqlar üçün ''Qaynar xətt'' yaradılır (FOTO)

Tarix: 18 Aprel 2019 14:46

Bakı. Trend:

Bəzən bu və ya digər uşağın məişət zəminində zorakılıq, xüsusən mənəvi-psixoloji təzyiq hallarına məruz qalmaları, nəticədə öz həyatlarına qəsd etməsi faktları ilə rastlaşırıq. Bu da belə hallarla qarşılaşan uşaqlara daha yaxın olmaq, onlara vaxtında və ehtiyac duyduqları mənəvi-psixoloji dəstəyi göstərmək zərurətini artırır. Bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən adekvat cavab tədbiri, eyni zamanda, həmin uşaqlara proaktiv yönümlü dəstəyin təmin edilməsi üçün ayrıca bir "Qaynar xətt"in yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyinin rəhbərinin müavini xanım Min Yuan və Nümayəndəliyin digər əməkdaşları ilə nazirlikdə keçirilən görüşdə bildirib.

Nazir müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial xidmətlər sisteminin inkişafına xüsusi qayğısı nəticəsində bu sistemin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişlənməsi üçün mühüm addımların atıldığını qeyd edib. O, nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası məqsədilə görülən işləri diqqətə çatdırıb.

A.Kərimov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin fəaliyyətindən bəhs edib. Müəssisədə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların reabilitasiyası, normal həyata dönüşü üçün kompleks işlərin aparıldığını bildirib.

O vurğulayıb ki, yaradılması nəzərdə tutulan "Qaynar xətt" də zorakılıq, mənəvi-psixoloji təzyiq halları ilə üzləşən uşaqların operativ şəkildə dəstək tədbirləri ilə əhatə olunmasına xidmət edəcək.

Nazir müavini yaradılmaqda olan “DOST” Mərkəzlərində sosial işçilərin də fəaliyyət göstərəcəyini və onlar tərəfindən müvafiq şəxslərlə bağlı proaktiv formada sosial xidmətlərin təşkil olunacağını deyib.

Xanım M.Yuan nazirliyin baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlara kompleks sosial xidmətlərin təmin edilməsi sahəsində gördüyü işlərin önəmini diqqətə çatdırıb. O, uşaqlar üçün yeni "Qaynar xətt"in yaradılması ideyasının təqdirəlayiq olduğunu, "Qaynar xətt" üçün qabaqcıl dünya təcrübəsinə uyğun və çevik iş mexanizmlərinin formalaşması üçün UNİCEF-in müvafiq dəstəyi təmin edəcəyini deyib.

Görüşdə uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması sahəsində birgə tədbirlərin gücləndirilməsi, zorakılıq halları baş verdikdə cavab tədbirlərinin görülməsi, eləcə də "Qaynar xətt"in məqsədəuyğun fəaliyyətinin qurulması üçün mütərəqqi praktikaların öyrədilməsi məqsədilə təlimlərin təşkili və s. ilə bağlı fikir mübadiləsi aparılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Zorakılığa təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ