Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2019 16:48
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizdə səmərəli idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində operativliyin artırılması, vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi istiqamətində müsbət nailiyyətlər əldə edilmişdir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlərə baxılması işi prokurorluq orqanlarının əsas vəzifələrindən biri hesab edilməklə son illər bu sahədə işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılması istiqamətində müasir üsul və metodlardan istifadə edilmişdir.
2001-ci ildən başlayaraq vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qarşıya qoyulmuş vəzifələrin həlli istiqamətində bir çox işlər görülmüş, o cümlədən Baş Prokurorluqda “Qaynar xətt”, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində isə “161 Qaynar xətt” əlaqə mərkəzləri yaradılaraq uğurla fəaliyyət göstərmişdir.
Ötən müddət ərzində “Qaynar xətt” əlaqə mərkəzləri vətəndaşlarla, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsinə, bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə, operativliyin və aşkarlığın artırılmasına xidmət etmiş, müraciətlərin həlli istiqamətində zəruri tədbirlər görülmüşdür.
Dövlət başçısı cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin meyarlarını müəyyən edən tövsiyələrindən irəli gələrək qanunçuluğun və vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, daxil olmuş ərizə və şikayətlərə dərhal baxılması, müraciət müəlliflərinin məlumatlandırılması və izahların verilməsi məqsədilə Baş Prokurorluqda “961” nömrəli Çağrı Mərkəzi yaradılmışdır.
Oktyabrın 2-dən fəaliyyətə başlayacaq “961” nömrəli Çağrı Mərkəzində prokurorluğun fəaliyyət istiqamətləri üzrə, eləcə də prokurorluq işçilərinin qanunsuz hərəkətləri, ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilən pozuntular barədə müraciətlərin qəbulu və qeydə alınması, daxil olan sualların birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması mümkün olacaqdır.
Aşkarlığın təmin edilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə səs yazılarının qeydə alınacağı və fasiləsiz olaraq fəaliyyət göstərəcək Çağrı Mərkəzinə müraciətlərin qəbulu və cavablandırılması respublikanın istənilən regionundan stasionar telefonlar, eləcə də mobil operatorlar vasitəsilə ödənişsiz həyata keçiriləcəkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin