Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2022 21:15
ABŞ hökuməti Ukraynaya nüvə zərbəsinin yolverilməzliyi və bunun nəticələri ilə bağlı mesajı çatdırmaq üçün Hindistan və Çini Rusiyaya təzyiqini artırmağa sövq etməyə çalışır.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə ABŞ rəsmilərinə istinadən "Politico" qəzeti yazıb.
"Hindistan və Çin cənab Putinə açıq şəkildə izah edə bilərlər ki, nüvə silahından istifadə fəlakətli dərəcədə qorxunc ideyadır. Onlar bunu etməlidirlər. Ümid edirəm ki, belə də olacaq", - ABŞ rəsmisi nəşrə deyib.
Dövlət Departamentinin yüksək rütbəli rəsmisi də bildirib ki, Çin və Hindistan bununla bağlı öz üzərinə düşəni etməlidir.
Qəzetin yazdığına görə, ABŞ Prezidenti Co Bayden və komandası BMT vasitəsilə hərəkətə keçməyə çalışır. Nəşrin mənbələri bildirirlər ki, ABŞ Rusiyanın veto hüququna malik olduğu Təhlükəsizlik Şurasından yan keçməklə, Ukraynanın şərq ərazilərinin Rusiyaya qanunsuz ilhaqında dair "referendumlar"ı pisləyən qətnamənin qəbul edilməsinin tərəfdarıdır.
Qəzetə açıqlama rəsmilər deyirlər ki, Çin və Hindistan liderlərinə təsir Rusiyanı inandırmaq üçün daha təsirli yoldur.
Sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik haqqında fərman imzalayıb. O, ruslara müraciətində deyib ki, Rusiya öz ərazi bütövlüyünü və xalqını qorumaq üçün əlində olan bütün vasitələrdən, o cümlədən, nüvə silahlarından istifadə etməyə hazır olacaq.
Qeyd edək ki, bundan əvvəl Hindistanın Ermənistana 270 milyon dollar məblğində silah və hərbi texnika satması barədə məlumat yayılıb. Məlumata görə, sentyabrın əvvəlində Ermənistan ordusunu silah-sursatla təchiz etmək üçün İrəvanla Dehli arasında müqavilə imzalanıb.