Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2022 11:46
Rusiyada qismən səfərbərlik elan olunandan sonra xarici ölkələrə axın edən Rusiya vətəndaşları arasında Azərbaycanı seçənlər də var. Bəs bu vəziyyət ölkə turizminə necə təsir edə bilər?
Sonxeber.net xəbər verir ki, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Musavat.com-a açıqlamasında bildirib ki, rusiyalılar daha çox Rusiya Federasiyasının vizasız rejimi olan ölkələrə üstünlük verirlər. Bunlar sırasında Azərbaycan da axırıncı yeri tutmur:
"Gələnlər arasında hərbi əməliyyatlarda iştirak etmək arzusunda olmayanlar, sanksiyalar ucbatından bizneslərini xaricə köçürmək istəyində olanlar və digər müxtəlif səbəblərdən ölkəni müəyyən və yaxud qeyri-müəyyən müddətə tərk edən insanlar var.
Baş verənlər fonunda hava nəqliyyatı xidmətlərinin qiymətlərini kəskin şəkildə artırmışdılar və bilet satışında qıtlıq əmələ gəlmişdi. Rusiyanın aeroportlarından çıxan reyslərə daha yüksək qiymətlər tətbiq edilib, nəinki ölkəyə gələn reyslərə. Düşünürəm ki, bunlar tələbin kəskin artması və bəzi hallarda spekulyasiya ilə əlaqədar baş verir. Onu da nəzərə almaq lazımdır ki, ölkəmizin quru sərhədləri hələ də bağlı olduğundan Rusiyadan Azərbaycana əsasən hava yolu ilə gəlirlər.
Rusiyalılar daha çox mənzillərə üz tuturlar, qısa müddət bəzi hallarda hotellərdə və digər yerlərdə qaldıqdan sonra özlərinə müvafiq mənzil seçib köçürlər. Hotellərin qiymətində hazırda bahalaşma müşahidə edilməsə də, onsuz da "qara zona"da qalan icarəyə verilən mənzil fondunda bahalaşma görürük. Bu da daha çox Bakının mərkəzindəki mənzillərdə baş verir.
Gələnlər qismən də olsa, turizm və digər xidmətlərdən istifadə edirlər. Bu, iqtisadiyyat üçün faydalıdır.
Rusiya diasporu ölkədə artarsa, onların yanına gələn qohumların, dostların, həmkarların da sayı artar. Nəticədə Rusiyada yaşayanların Azərbaycan haqqında məlumatları artacaq və bu halda turizm xidmətlərinin satışı da arta bilər. Ehtimal edirəm ki, rusiyalıların ölkəyə gəlməsi Azərbaycan üçün ənənəvi turizm istiqamətləri ilə yanaşı, digər turizm növlərinin inkişafına da səbəb ola bilər. Rusiyalıların üstünlük verdikləri turizm vərdişləri burada da öz təsirini göstərə bilər. Ancaq hər şey ölkələr arasında olan münasibətlərdən, siyasi, iqtisadi-sosial və sair amillərdən asılı olacaq".