Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2022 16:16
İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşlərinə start verilib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, mərhələnin ilk günündə Azərbaycan millisinin 3 üzvü çıxışını qələbə ilə başa vurub.
48 kq çəki dərəcəsində mübarizə aparan Nərmin Əlizadə Mahur Marikyanla (Ermənistan) döyüşüb. Boksçumuz hər 3 raundda rəqibindən üstün olub. O, yekunda 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gələrək Marikyanı mübarizədən kənarlaşdırıb.
Nərmin yarımfinalda polşalı Silva Formela ilə üz-üzə gələcək.
Aynur Mikayılova Byanka Balintin (Almaniya) ardınca Lamprini Giannakopoulounu (Yunanıstan) da məğlub edib. Təmsilçimiz döyüşü 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. Onun növbəti rəqibi ingiltərəli Katerin Pumfri olacaq.
Emili Rzayeva (70 kq) isə rəqibi Olqa Filipçukun (Ukrayna) döyüşə gəlməməsi səbəbindən yarımfinala vəsiqə qazanıb. Həmyerlimiz növbəti qarşılaşmasında Gül Yılmaz (Türkiyə) ilə gücünü yoxlayacaq.
Yarımfinala vəsiqə qazanan hər 3 boksçumuz özü üçün ən azı bürünc medalı təmin edib. Onlar bu mərhələnin döyüşlərinə oktyabrın 2-də çıxacaqlar.
Milli üzvlərindən Qızbəs İsgəndər (54 kq) Ella-Mae Lonsdale (İngiltərə) ilə, Aysu İsmayılova (46 kq) isə Mariya Trifilli (Yunanıstan) ilə döyüşüb. Hər iki görüşdə rəqib mərhələ adlayıb.
Qeyd edək ki, Avropa çempionatında 1/4 final mərhələsində Azərbaycan yığmasının daha 4 boksçusu rinqə çıxacaq.