Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı İrəvanı buna məcbur etdi - Akopyan

Bakı İrəvanı buna məcbur etdi - Akopyan

Tarix: 8 Oktyabr 2022 09:30

Praqada dörtərəfli görüşün (İlham Əliyev, Şark Mişel, Emmanuel Makron və Nikol Paşinyan - red.) nəticəsi olaraq qəbul edilən bəyanatla Azərbaycan Ermənistanı hüquqi olaraq Qarabağ məsələsindən imtina etməyə vadar etdi.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Praqa bəyanatını şərh edən politoloq Vigen Akopyan deyib.

Akopyan bildirib ki, artıq Ermənistanın "Qarabağ qarşısında" heç bir hərbi-siyasi öhdəliyi yoxdur:

"Doğrudur, Paşinyan Xankəndi-Bakı dialoqu haqda danışır. Ancaq biz yaxşı bilirik ki, Bakı heç vaxt buna getməyəcək - xüsusilə İlham Əliyev. İlham Əliyev bu barədə dəfələrlə bəyanat verib".

Akopyanın fikrincə, hazırda Qarabağdakı əhali və rus sülhməramlılar özləri məsuliyyət daşıyırlar:

"Buna görə də digər məsələlər artıq Rusiya ilə müzakirə ediləcək. Gerisini də bilirik: Azərbaycan vaxtı çatanda rus sülhməramlıların çıxmasını tələb edəcək və bildirəcək ki, erməni əhali üçün heç bir təhdid yoxdur.

Bu cür "açılımın" səbəbi odur ki, Ermənistan özü ərazi bütövlüyü məsələsi ilə üz-üzə qalıb. Paşinyan təsadüfən demir ki, əsas hədəf Ermənistanın 29,8 min kv.km ərazisini qorumaqdır. Buna görə o, 1991-ci il sənədinə müraciət edib.

İrəvanın Qarabağdan imtinası nəticəsində Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa razılaşa bilər. Bu mənada Paşinyanın xanımı Anna Akopyanın qəzetində dərc edilən məlumata diqqət çəkilməlidir. Orda bildirilirdi ki, Azərbaycan 1919-1920-ci illər xəritəsi ilə sərhədlərin müəyyən edilməsini tələb edir".

Akopyan qeyd edib ki, buna baxmayaraq, ilin sonuna qədər sülh sazişi imzalansa belə, xəritəsiz keçinmək olmayacaq:

"Sülh imzalansa da, sərhədlərin delimitasiya və demarkasiyası aparılmalıdır. Bu baxımdan sülh sazişi ümumi xarakter daşıyacaq, delimitasiya və demarkasiya, torpaq məsələləri, o cümlədən anklavlar (Qazaxın 7 kəndi və Naxçıvanın bir kəndi nəzərdə tutulur - red.) əlavə olaraq həll ediləcək. Bunları isə xəritəsiz həll etmək mümkün deyil".

O ki qaldı AB-nin "mülki missiya"nı Ermənistana göndərməsinə, Akopyan hesab edir ki, burada İrəvan "hiyləgər" bir gediş edib:

"Erməni tərəfi yaxşı bilir ki, yeni aktorların gəlişi Rusiya və İranın hansı reaksiyasına səbəb ola bilər. Məhz buna görə də bəyanatda belə bir formul seçilib.

Regiona, əslində isə Ermənistana sərhəddəki vəziyyəti yoxlamaq üçün beynəlxalq güclər gəlir və bu rus gücləri deyil, KTMT də deyil. Nəticə etibarilə, missiyanın Ermənistan-Rusiya münasibətlərinə guya zidd olmaması üçün onları "mülki missiya" sousu altında təqdim etmək qərara alınıb. Amma onun o qədər də "mülki" olmayacağı göz qabağındadır.

Ermənistan indiyə qədər də bölgəyə beynəlxalq oyunçuları cəlb etməyə çalışırdı".

Akopyan onu da xatırladıb ki, beynəlxalq oyunçuları ərazisinə buraxan Bakı deyil.


Etiketlər:  Bakı İrəvanı buna məcbur etdi Akopyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ