Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2022 12:08
Prokurorluq əməkdaşlarının Saatlı rayon sakinindən rüşvət tələb etməsi ilə bağlı iddialar təsdiqini tapmayıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, "Kanal 13" Youtube kanalında Saatlı rayon sakini Elnur Rzayevin ondan rayon prokurorluğunda 5 min manat məbləğində rüşvət tələb olunması, guya aralarında razılaşdırılmış məbləği vermədiyinə görə üzr istəməsi ilə bağlı videomüraciəti yayılıb.
Törətdiyi cinayət əməlləri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq olunmuş Elnur Rzayevin həmin videomüraciəti ilə bağlı bildirilir ki, o, 2009-2019-cu illər ərzində Saatlı rayon Təhsil Şöbəsinin Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək büdcə vəsaitini taladığına görə Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi istintaq olunaraq 29 may 2019-cu il tarixdə baxılması üçün rayon məhkəməsinə göndərilib.
Cinayət işinə müvafiq məhkəmə instansiyalarında baxıldıqdan sonra yekun olaraq Şirvan Apelyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarı ilə Elnur Rzayevə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 8 min manat məbləğində cərimə cəzası təyin edilib. Bundan əlavə bildirilir ki, Elnur Rzayevin Saatlı rayon prokurorluğunun əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı 04 may 2019, 09 oktyabr 2019 və 11 fevral 2020-ci il tarixli müraciətləri üzrə Baş Prokurorluqda araşdırma aparılıb, lakin göstərilən xüsusatlar öz təsdiqini tapmayıb.
Baş Prokurorluq tərəfindən bir daha media istifadəçilərinə müraciət edilməklə dövlət qurumunun rəsmi mövqesini almadan bu növ məlumatların yayılmaması xahiş edilir.