Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Putin nüvə silahına əl atacaq və qalib gələcək" - Tanınmış nəşrdən sensasiya

Tarix: 9 Oktyabr 2022 19:36

Əgər Ukrayna-Qərb münasibətlərində gərginlik davam edərsə, Putin dəfələrlə xəbərdarlıq etdiyi kimi nüvə silahına əl atacaq.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "National İnterest" jurnalı yazır.

"İstər Ukraynada konkret hədəfə qarşı istifadə olunsun, istərsə də nümayişkarənə addım olsun, nəticə eyni olacaq. Belə bir addım, şübhəsiz ki, ABŞ və NATO-nun qisasa əl atmayacağını nəzərə alsaq, Qərbin Kiyevə dəstəyini sarsıdacaq. Bu, həm də NATO alyansının dağılmasına səbəb ola bilər. Əslində Putin uduzmaqla qalib gələ bilər. Qərb liderləri və müdafiə ekspertləri uzun müddətdir ki, Ukraynaya qarşı kampaniya uğursuz olarsa, Moskvanın nüvə silahına əl atacağı ehtimalı üzərində düşünürlər. İndi bu ehtimal demək olar ki, müəyyənləşib", - "National İntrest" vurğulayır.

Rusiyanın nüvə doktrinasında açıq şəkildə qeyd olunur ki, nüvə silahından istifadə ekzistensial təhlükə yarandığı halda mümkündür: "Putin qismən səfərbərlik elan edərək belə bir ekzistensial təhlükəni formalaşdırıb. O, Qərbin Ukraynaya dəstək verməkdə məqsədinin Rusiyanı məhv etmək olduğu iddiasını təkrarlayıb. Putin işarə edib ki, Moskvaya ölkənin ərazi bütövlüyünü qorumaq üçün nüvə silahından istifadəyə icazə verilib, indi bura Ukraynanın ələ keçirilən hissələri də daxil olacaq.

Rusiya Ukraynanın uğurlu hücumuna nüvə silahı ilə cavab verərsə, NATO və Qərb nə edəcək? NATO-nun buna ekvivalent nüvə zərbəsi ilə cavab verməyəcəyi demək olar ki, dəqiqdir. Son bir neçə onillikdə ABŞ və ya NATO-nun yüksək səviyyəli müharibə oyunlarında iştirak edən hər kəs belə bir nəticəyə gəlib ki, Vaşinqtondan, hətta NATO-dan da belə cavab almaq olduqca çətindir. Hətta belə bir hücumun hədəfi ABŞ qüvvələri və ya NATO olsa belə...

Hücum kütləvi olmadıqda, ABŞ hökumətini və NATO ölkələrini təmsil edən qruplar demək olar ki, həmişə gərgin ənənəvi kampaniyaya və ya geri çəkilməyə üstünlük verirlər.

Əgər Putin Ukraynaya qarşı nüvə silahından istifadə edərsə, Qərbin variantları daha da məhduddur. Ukrayna NATO üzvü deyil və alyansın nüvə çətiri ilə qorunmur. Qərb liderləri nüvə silahı ilə cavab verməyi anlaşılmaz hesab edərdilər. Keçmiş ABŞ rəsmisi və nüvə silahlarına nəzarət üzrə danışıqlar aparan bir veteran Rusiyanın nüvə zərbəsinə Vaşinqtonun necə cavab verəcəyi ilə bağlı deyib: "Mən ABŞ-ın gərginləşəcəyinə inanmıram. Təbii ki, onlar nüvə silahı ilə cavab verməyəcəklər".

Güman edirik ki, Putin bunu bilir.

Qərb liderləri, xüsusən də ABŞ prezidenti Co Bayden Rusiyanın nüvə silahından istifadəsinə cavab olaraq Ukraynaya dəstəyini ikiqat artırmaq, onu daha modern və daha yaxşı silahlarla təmin etmək, Rusiyaya qarşı iqtisadi sanksiyaları genişləndirmək və qələbə qazanmağa çalışmaqla cavab verəcəklərini vəd edir".

"National İntres" qeyd edir ki, HIMARS buraxılış qurğuları, uzaqmənzilli raketlər, qabaqcıl pilotsuz uçuş aparatları, ağır zirehli maşınlar və hətta F-16 döyüş təyyarələri də daxil olmaqla Qərb hərbi ləvazimatları ilə təmin edilən Ukraynaya Rusiya ordusunun qarşısını almaq təminatı verəcək. Ancaq bu, müharibəni bitirməyəcək:

"Əslində, Qərbdən gözlənilən cavab Putinin əlini gücləndirəcək. Onun nüvə silahından ilkin istifadə etməsi Qərbin zəifliyini nümayiş etdirərək daha az mütənasib cavabla qarşılanacaq. Moskva nüvə silahından istifadə etməkdən qurtulacaq, çəkindirmənin mənasız olduğunu sübut edəcək və gələcəkdə nüvə silahından təkrar istifadə hüququ qazanacaq. Putinin ölkə daxilində mövqeyi, şübhəsiz ki, yaxşılaşacaq. O, Qərbə qarşı çıxan və Vətəni müdafiə etmək üçün nüvə silahından istifadə etdiyinə görə cəzadan qurtulan Rusiya lideri olduğunu iddia edəcək.

Putin hesab edir ki, Ukraynada müharibə Rusiyaya ekzistensial təhlükəni aradan qaldırmaq üçün lazımdır. Bu kontekstdə nüvə silahından istifadə haqlıdır. Eləcə də Qərbin eskalasiyası riski qəbuledilməzdir. Putinin 2018-ci ildə verdiyi müsahibədə dediyi kimi, nüvə silahından ilk istifadə qlobal fəlakətə gətirib çıxarsa belə, məntiqlidir. Əgər orada Rusiya yoxdursa, bizə sülh niyə lazımdır?

Vətəni müdafiə etmək üçün ifrata varmağa hazır olan Putin Rusiyada dərin hörmət, daha doğrusu, qorxu oyadacaq. Bu, Putin üçün kifayətdir".

Milli.Az


Etiketlər:  Putin nüvə silahına əl atacaq qalib gələcək Tanınmış nəşrdən sensasiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ