Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 19:04
"Baku Steel Company" şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rasim Məmmədovun vəkilləri Pərviz Məmmədov və Zibeydə Sadıqova vəsatətlə çıxış ediblər.
Onlar Rasim Məmmədovun ev dustaqlığına buraxılmasını istəyiblər.
Zibeydə Sadıqova bildirib ki, Rasim Məmmədov haqqında həbs qətimkan tədbiri seçilərkən göstərilən əsaslar aradan qalxıb: "Artıq məhkəmədə də ittiham tərəfin şahidlərinin əksəriyyəti dindirilib. Onun məhkəmədən yayınmaq niyyəti yoxdur. Çünki məhkəmə prosesinin yekunlaşması və bəraət almasında israrlıdır. Rasim Məmmədovun əvvəllər məhkumluğu olmayıb, iş adamıdır. O, 2021-ci il yanvarın 28-də öz kabinetindən maşına mindirilərək DTX-yə gətirilib və şübhəli şəxs qismində saxlanılıb".
Hakimlər isə Rasim Məmmədovun ev dustaqlığına buraxılması haqda vəsatəti təmin etməyiblər.
Məhkəmədə Rasim Məmmədovun dostu olmuş mərhum Mehman Hüseynovun istintaqa ifadəsi elan olunub.
O, ifadəsində bildirib ki, Rasim Məmmədovla eyni məktəbdə təhsil alıblar, oradan bir-birini tanıyırlar. Sonradan Rasim Məmmədov atasının avtomobilini onun işlədiyi maşın təmiri sexinə gətirirmiş: "Mənə təklif elədi ki, Baku Oksford məktəbinin tikintisinə nəzarət edim. Əvvəl 900 manat, sonralar 3000 manat maaş verdi".
"Baku steel Company"də Rasim Məmmədovun birinci müavini işləmiş Çingiz Həsənov da onlarla məktəb yoldaşı olub. Mehman Hüseynov onun adına olan "Royal Steel" MMC haqqında ifadəsində bildirib ki, şirkətin onun adına açılması təklifi Çingiz Həsənovdan gəlib: "Çingiz dedi ki, Rasim şirkət açır, şirkətin hüquqi ünvanı sənin ünvanın olsun. Mən də şəxsiyyət vəsiqəmi verdim.
Şirkətin necə fəaliyyət göstərməsindən xəbərim olmayıb. Bilirdim ki, metallurgiya işi ilə məşğuldur. Mən o şirkətlə bağlı yalnız sənədlərə imza atmışam. Mühasib Tamara sənədləri gətirirdi, mən də imzalayırdım".
Mərhum Mehman Hüseynov qeyd edib ki, şirkətin 1 milyon 150 min gəliri olub.
Rasim Məmmədov bu ifadədə yazılanlara etiraz edib və həmin şirkətin ona aidiyyəti olmadığını söyləyib. O təklif edib ki, ifadədə adı çəkilən Tamara məhkəməyə çağırılıb dindirilsin: "O şirkət 2009-2010-cu illərdə fəaliyyət göstərib. Onun o qədər dövriyyəsi olmayıb".
Vəkil Zibeydə Sadıqova da deyib ki, istintaq bu şirkətin ona aid olması haqda heç bir sübut ortaya qoymayıb: "Necə olur, rəsmən "Politon" şirkəti və "Baku Steel Company"nin ona aid olduğunu deyir, qəbul eləmirlər, deyirlər, sənin deyil. Amma "Royal Steel"in ona aid olması haqda heç bir sübut-dəlil olmadığı halda, deyirlər, sənindir, üstəlik, ittiham da verirlər?"
Rasim Məmmədov "Terra" şirkətilə bağlı verilmiş ittihama da münasibət bildirib. Onun sözlərinə görə, isveçrəli vəkilləri şirkətə sorğu göndərib və cavab alıb ki, onun cəmi 6 milyon qazanc olub: "Amma ittihamda 60 milyon yazılıb. "Terra"ya məhkəmə olaraq niyə sorğu göndərmirsiniz? O şirkətin 25 faizi mənimdir, qalan 75 faizi də bilinir kimindir. Mən bu haqda danışmaq istəmirəm. Heç bu, mənə lazım da deyil".
Rasim Məmmədovun keçmiş dostu Yusif Hənifəzadə ötən məhkəmə iclasında dindiriləndə keçmiş zavod rəhbərinin ünvanına bir sıra ittihamlar səsləndirmişdi. O bildirmişdi ki, Rasim Məmmədov "yuxarılara" "Baku Steel Company"nin qazancından göndərdiyini deməklə yalan danışır. 2020-ci ildə Rasim Məmmədov zavoddan "yuxarıya vermək" adı ilə 350 min manat götürüb gedəndə onu izləyib və birbaşa evinə getdiyini, həmin pulu başqasına vermədiyini görüb. Bundan sonra əmin olub ki, "yuxarıya" pul verilmir.
Bundan başqa, Yusif Hənifəzadə iddia edirdi ki, Rasim Məmmədov "Baku Steel Company"nin məhsullarını ucuz satmaq üçün müxtəlif şirkətlər yaradıb. Həmin şirkətlər məhsulu ucuz alıb, daha baha qiymətə satırdı, beləliklə də "Baku Steel Company"ə ziyan dəyirdi: "Biz "Baku Steel Company"ni almaq üçün Londona gedəndə tez-tələsik orada "Royal Company"ni yaratdı".
Rasim Məmmədov keçmiş dostunun ötən məhkəmə iclasında dediklərinə münasibət bildirərkən məhkəmədən Yusif Hənifəzadə haqqında Maştağadakı Psixiatriya xəstəxanasına sorğu göndərilməsini istəyib: "Əgər o adamın orada qeydiyyatda olması təsdiqlənməsə, mənə 20 il verin, razıyam".
O bildirib ki, Yusif Hənifəzadənin onu avtomobillə izləməsi, Bakı sirkinin yanındakı evinə getdiyini görməsi haqda dedikləri yalandır: "Mən 2019-cu ildən o evdə yaşamıram, 2020-ci ildə məni necə görə bilərdi? Deyir ki, "Baku Steel Company"ə aidiyyəti olmayıb. Halbuki onun Mübarizinin (maliyyə direktoru olmuş Mübariz Səmədov əvvəllər "Bakcell"in satış departamentində Yusif Hənifəzadə ilə birlikdə işləyib) pulların hara getməsi haqda istintaqa təqdim etdiyi flaşkartdan da görünür ki, Yusif Hənifəzadə "Baku Steel Company"dən ayda 50 min manat maaş alıb. Mənim qardaşım Süleyman Məmmədov zavodun baş direktoru idi, ayda 10 min manat maaş alırdı, o isə 50 min. Necə olur, Yusifi DTX-yə 5 dəfə çağırıb dindirirlər, qardaşımı isə bir dəfə də çağırmırlar? Yusifin işi "obnaliçka" ilə məşğul olmaq idi. Bütün Bakı onu "obnaliçka Yusif" kimi tanıyır.
Rasim Məmmədov əlavə edib ki, onun istifadə etdiyi avtomobil zirehli idi, 4 tərəfdən kamera ilə çəkiliş vardı. Əgər Yusif Hənifəzadə onu izləsəydi, bunu dərhal bilərdi: "Gəlib burada gözümün içinə baxa-baxa yalan danışır".
Məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsi başlayıb.
Qeyd edək ki, "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.
Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.
Eyni zamanda, onun bu əməlləri ilə "Baku Steel Company" MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.
Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir.
İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində "Baku Steel Company" MMC tanınıb.