Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2022 23:48
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan səfəri dünyanın gündəmini silkələdi. İki türk dövlətinin bu qədər yaxınlaşması, əməkdaşlığı ən üst səviyyəyə gətirmələri düşmənlərin gözünü dəlir, dostları sevindirir.
Türkiyə kimi qüdrətli dövlətin dəstəyini, himayəsini qazanmağımız bizi xalq olaraq çox ürəkləndirir. İşğaldan azad etdiyimiz torpaqlara addımlarımızı daha inamla atmağımızı təmin edir.
Açıq demək lazımdır, qələbə qazanandan sonra da içimizdə narahatlıq qalıb. Böyür-başımız düşmənlə çevrələnib, qınanılası deyilik. İran və Rusiya amilinin yaratdığı rahatsızlıq, gərginlik qalib duruşumuza təsirsiz qalmır. Hər zaman deyirdik, kaş Türkiyə Azərbaycana dəstək versin, Qarabağı, işğaldakı digər torpaqları azad edək. Bu, bizim üçün qurtuluş demək idi. Nəhayət, arzularımız çin oldu. Türkiyə Azərbaycana 44 günlük müharibədə mənəvi-siyasi dəstəyini əsirgəmədi. Qəhrəman Azərbaycan Ordusu düşməni əzib keçdi. İşğal altında inləyən ərazilərimizin böyük hissəsini yağıdan təmizlədi.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, qələbəmiz artdıqca, arzularımızın, iddialarımızın sərhədləri böyüdü. Cəbrayıl alındı, Füzuli dedik. Füzuli işğaldan azad edildi, Zəngilan söylədik. Zəngilan düşməndən təmizləndi, Qubadlıya doğru irəlilədik, sonra Şuşaya bayraq sancdıq. "Ağdam, Laçın, Kəlbəcəri qaytarmasaq, qələbə tam olmaz" söylədik, hər üç rayonu diplomatik yolla azad etdik. Hədəf böyüdü - Zəngəzur, İrəvan, Göyçə nidası qopdu dilimizdən. Milləti millət edən onun hədəfləridir. Böyük hədəflər seçib, ona tərəf irəliləmək fərdləri də, millətləri də böyüdür, inkişaf etdirir. Ən böyük hədəfimiz tarixi torpaqlarımıza qovuşmaqdır. Qovuşuruq. Qovuşacağıq.
Hədəflərimizi böyütdükcə, torpaqları azad etdikcə düşmən də dinc dayanmır - o da fitnə-fəsadını böyüdür. Zəngəzur dəhlizi ilə bağlı İran Azərbaycana qarşı aqressiyasını artırır. Ortaya qırmızı xətt mövzusu atır. Azərbaycanın cənub sərhədlərinə nəzarəti təmin etməsi Tehranın yuxusunu qarışdırıb. Ermənistanın 30 ilə yaxındır İranla sərhəd rayonlarımızı işğal altında saxlamasını özünün qırmızı xətti elan etməyən rəsmi Tehran, Azərbaycanın tarixi sərhədlərinə nəzarəti bərpa etməsindən rahatsızlıq keçirir.
İran rejimini narahat edən əsl səbəb başqadır. Azərbaycan xalqı sürətlə özünün ən ali hədəfinə - Güneylə Quzeyin birləşməsi amalına yaxınlaşır. Fars rejimini dəli edib, düzlərə salan budur!
Qarabağ, Şərqi Zəngəzur hərbi, siyasi, iqtisadi və mənəvi baxımdan başdan-başa türkləşir. Türkiyə hər şeyi ilə Qarabağdadır, Şərqi Zəngəzurdadır. Bu elə bir prosesdir, qarşısını kimsə ala bilmir. Alması mümkün deyil. Çünki sifarişçi xalqdır. Mənbəyi tarixdir. Mayası haqdır. Bir başqa ölkə Türkiyə qədər Azərbaycanda möhkəmlənə bilməzdi. Xalq buna imkan verməzdi. Zəngilan aeroportunun açılışına Ərdoğanın yerinə Putin, yaxud Avropa ölkələrindən birinin prezidenti gəlsə idi, bu qədər coşğu, sevgi ilə qarşılanmazdı. Hətta buna ictimai təpki olardı.
Prezident İlham Əliyevin müharibədən sonra ən böyük hədəfi Türkiyə-Azərbaycan əməkdaşlığının coğrafiyasını, mahiyyətini böyütmək idi. Bunu bacardı. İ.Əliyev cəmi iki il öncə savaş gedən, qan axıdılan torpaqlarda sülhü təmin edib, orda əməkdaşlıq mühiti yatarmağı hədəfləyib.
Prezidentin digər hədəfi Türk dünyasının sürətli inteqrasiyası, birləşməsidir. Bunun da öhdəsindən gəldi. İlham Əliyevin Orta Asiya ölkələrinə - Qırğızısatana və Türkmənistana sonuncu səfərlərini izlədik. Türk dünyasının lideri kimi qarşılandı, ehtiram göstərildi, şəxsinə sayğı ifadə edildi. Azərbaycan yeni dünya düzənində bölgənin əsas açar ölkəsidir. Regional və qlobal oyunçudur. Bütün siyasi anlaşmaların, meqa projelərin mərkəzi ölkəsi Azərbaycandır.
İlham Əliyev Azərbaycanı qısa müddətdə və ağır geopolitik şərtlərdə qalib dövlətə, diqtə edən güc mərkəzinə çevirdi.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən Türk dünyası ilə bağlı olduqca maraqlı və vacib fikir söyləyib. Sitat: "Təəssüf ki, tarixin müxtəlif mərhələlərində Türk dünyası fraqmentləşdirilib və hələ indi də bizim diqqətimizi və sıx birgə siyasətimizi tələb edən məsələlər mövcuddur. Lakin Türk dünyası dövlətləri milli dövlətlər çərçivəsində artıq birləşiblər".
Ölkə başçısı bu günlərdə dünya azərbaycanlıları ilə bağlı da fikir söyləyib. Sitat: "...Dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik".
İlham Əliyev burada iki mühüm xəttin sintezini təqdim edir: Türkçülük və Azərbaycançılıq. Biri olmasa, digəri yaşamaz. Bu xətt siyasi Turançılıq nəzəriyyəsinin əsas sütunudur. O nəzəriyyənin müəllifləri, fikir babaları Azərbaycan ziyalıları olublar. Bu gün həmin nəzəriyyəni praktik olaraq həyata keçirmək şərəfi İlham Əliyevə nəsib olub.
Bu möhtəşəm gedişata, siyasətə çomaq soxanlar da tapılır. Ərdoğanın Zəngilan səfəri İranın və Qərbin Azərbaycandakı agentura şəbəkəsini eyni anda hərəkətə gətirdi. Başda Əli Kərimli, Sevinc Osmanqızı olmaqla, Qərbin "beşinci kolon"u Türkiyə prezidentinin ölkəmizə səfərini gözdən salmaq üçün əllərindən, dillərindən gələn pisliyi etməkdədirlər. Ölkə ilə, xalqla açıq düşmənçilik aparırlar. Bu adamların içi pisliklə doludur. Tək arzuları var: azad olunan torpaqlar bir gün yenidən işğal edilsin. Məsələn, bu zombi dəstəsi çox istəyər ki, İran bir gecə Azərbaycana hücuma keçsin. Kimsə məni ifrata varmaqda suçlaya bilər. Fəqət bu dəstəni çox yaxşı tanıdığım üçün bu fikirləri çəkinmədən yazıram. Bu siyasi yamyamlar İranı, Ermənistanı müdafiə edirlər, haqq qazandırırlar. 12-14 sentyabr sərhəd böhranında açıq dedilər ki, Azərbaycan Ermənistana hücum edib. Mənsub olduqları (həm də olmadıqları) ölkəni bütün dünyaya işğalçı kimi tanıtmağa çalışdılar.
Bəzi Qərb dövlətləri ilə İran demokratiya çadrasına bürünüb, siyasi və geopolitik zina yapırlar. O zinadan isə siyasi-ideoloji biclər törəyib. Həmin biclər Vətənə xainlik, fars-erməni birliyinə nökərlik, ölkəyə dönüklük edirlər.
Azərbaycan-Türkiyə dostluğu, əməkdaşlığı, Ərdoğan-Əliyev müttəfiqliyi ən ali məqama yetişdiyi vaxtlarda Qərbdən, Şərqdən üstümüzə pislik yağır. Azərbaycanı, Türkiyəni hədəf alırlar. Bu iki dövlət liderləri, cəmiyyətləri ilə birlikdə, əxlaqsızca və allahsızca üzərimizə yönələn hücumlara mərdcə sinə gərir. Nələrin öhdəsindən gəlmədik. Necə xəyalları gerçəkləşdirmədik. Necə xəyanətləri zərərsizləşdirmədik. Bu da gələr, bu da keçər.
Və sonda
Polkovnik Babək Səmidlinin səs yazısının bu günlərdə yayılması da təsadüf sayıla bilməz. Ordunu, dövləti gözdən salmaq, Türkiyəni beynəlxalq birlik qarşısında suçlu çıxarmağa hesablanmış addıma bənzəyir. Səs yazısında bir məqam diqqətimi çəkdi. Ordudakı "beşinci kolon" Prezident İlham Əliyevin Qarabağ siyasətini sabotaj etmək üçün sona qədər dirəşib. Silahlı qüvvələrin içində yuva qurmuş xəyanət çetesi İlham Əliyevi Qarabağı işğaldan azad etmək fikrindən daşındlırmağa çalışıb. Amma Ali Baş Komandan sağlam, milli qüvvələrə inanıb, güvənib bu hədəfindən geri çəkilməyib. Bu səs yazısından sonra orduda yeni həbslərin başlayacağı istisna edilmir. Güman ki, yaxın vaxtlarda səs-küylü, sensaion olaylara şahidlik edəcəyik.