Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2022 20:55
"Hacıbabadan sonra bütün ömrümü qızım Şölə ilə bağladım. Həyatımı yalnız onun üçün yaşadım, onunla, təhsili ilə məşğul oldum. Bilirsiniz ki, Şölə Ankaranın Hacettepe universitetinin siyasi bilimlər və dövlət idarəetmə fakültəsində təhsil alır. Bacardığımı etdim ki, qızım savadlı, xalqına, millətinə lazımlı bir övlad olsun. Deyə bilmərəm ki, onun tam bəhrəsini görmüşəm. Düzdür, Şölə bir neçə xarici dil bilir, universitetdə çox gözəl təhsil alır. Universiteti bitirəndən sonra işə düzələr, ilk maaşını görəndə bəhrə o zaman olacaq. Onda artıq rahat ola biləcəm ki, onun üçün nələrisə edə bilmişəm, əlini çörəyə çatdıra bilmişəm"
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, görkəmli sənətkar Hacıbaba Bağırovun ömür-gün yoldaşı Arzu Bağırova deyib. O daha sonra əlavə edib.
"Mənə görə valideynlərin övladlarına verə biləcəyi ən böyük miras təhsildir. Qalan hər şey-bəxtdir, sağlıqdır, ruzidir, bunlar Allahın əlindədir. İnşallah, Allah gözəlindən yazar. Demək olar ki, Şölə ilə birlikdə oxuyuram, onunla gəlib, onunla qayıdıram. Bir sözlə, gözümdən qoymuram. Həyatım tam ona bağlıdır. Burada mənim anam Şölə xanımın da çox əziyyəti var. Səhər universitetə gedəndə nənəsi də zəng edib maraqlanır. Bu dəfə onu özümüzlə Ankaraya gətirməmişik. Sosial şəbəkədə qızımın, ümumiyyətlə bizim ailənin ünvanına çox xoş sözlər yazırlar, dualar edirlər. Onların hər birinə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Necə ki, onlar mənim övladıma dua edir, Hacıya rəhmət oxuyur, hər rəyi oxuyanda eyni sözləri mən də onların övladlarına arzulayıram, mən də onların ölənlərinə rəhmət diləyirəm" deyə Arzu Bağırova deyib.
Sənətkarın həyat yoldaşı gənc nəsil aktyorlardan da danışaraq bildirib ki, o vaxtkı nəsil üçün Hacıbaba Bağırovun yeri hər zaman görünür.
"İnsanlar Hacının çəkildiyi o dövrün filmləri-"Ulduz", "Alma almaya bənzər",
"Şirbalanın sonuncu məhəbbəti", "Mehman" la, "Hicran", "Bankir adaxlı" və s. tamaşalar ilə böyüyüb. O filmlərlə, tamaşalarla böyüyən nəsil üçün Hacıbabanın yoxluğu hiss olunur. Amma bugünkü nəsil bir başqa zövqlə böyüyür. Daha müasir filmlərə meyl edirlər. Tik-tokla, vaynla böyüyürlər. Hacıbabanın sənətdə yoxluğu hər nəsildə bir cür hiss oluna bilər, hamısında eyni hiss ola bilməz. Gənclər var ki, o vaxtkı nəsil aktyorları heç tanımır. Bəzi gənclər də var ki, o filmlərlə, tamaşalarla maraqlanır. Mən o vaxt gənc idim, səhər tezdən televizorun qarşısında oturub "Səhər görüşləri" ni izləyirdim ki, indi Hacını, Siyavuşu, Nəsibə xanımı göstərəcəklər. Allah onların hər birinə qəni-qəni rəhmət etsin. Zaman dəyişir, vaxt və hər şey dəyişir" deyə Arzu Bağırova deyib.
Arzu Bağırova bildirib ki, bu gün kifayət qədər gənc istedadlı aktyorlar var.
"Deyə bilmərəm ki, gənc nəsil aktyorlar sevilmir. Sevilənləri də var. Akademik Musiqili Teatrda kifayət qədər istedadlı gənclər var. Böyük bir sənətkarın həyat yoldaşı olduğuma görə sənət haqda danışmaq mənim üçün böyük məsuliyyətdir. Heç vaxt, heç kimi pisləmərəm, kiminsə sənətinə "kiçikdir" deyə bilmərəm. Bəyəndiklərim haqda deyə bilərəm, bəyənmədiklərim haqda susaram. Heç vaxt kiminsə arxasınca "bunu bəyənmirəm" demirəm. Bəyənmirsənsə kanalı çevirirsən, bəyənmirsənsə tamaşasına getmirsən, bəyənmirsənsə filminə baxmırsan. Güclə səni heç kim məcbur edə bilməz" deyə o bildirib.
Arzu Bağırova maddi vəziyyətindən də söz açıb.
"İndi elə bir zəmanədir ki, hamının sıxıntıları var. Bu sıxıntılar məndən də yəqin ki, yan keçməyib. Amma yenə də şükür olsun. Ağlamağı və naşükürlüyü sevmirəm. Hər günümüzə şükür edirəm. İki valideyn bir övladı bəzən oxutdura bilmir, təsəvvür edin ki, mən təkəm. Neyləyə bilərəm? Mənim də alnıma bu yazılıb. Allah hər bir insana qaldıra biləcəyi qədər yük verir. İstəsəm də, istəməsəm də öhdəsindən gəlməliyəm. Əgər bir insanın sağlamlığı yerindədirsə, demək ki, hər şey ondan sonra gəlir. Səhər ayılanda anam və övladım yanımdadırsa bu mənim üçün maddi vəziyyətin yaxşı olmağı deməkdir" deyə sənətkarın xanımı deyib.