Tarix: 4 Oktyabr 2019 16:40
“Qarabağ”ın futbolçusu Dani Kintana Avroliqanın qrup mərhələsinin ikinci turunda “Düdelanj”la oyundan (4:1) sonra “Marca”ya açıqlama verib.
Qol.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi matçda baş verən qalmaqallı hadisə barəsində danışıb:
“Keçən il “Arsenal”la oyunda da belə halla rastlaşmışdıq. Azarkeşlərdən biri əlində bayraq stadiona qaçsa da, onda oyun dayandırılmamışdı. Düşünürəm ki, biz bu cür təxribatlara uymamalıyıq. Amma başa düşürəm ki, bu bəzi oyunçularımız üçün olduqca çətindir. Komanda yoldaşlarım arasında Qarabağ uğrunda döyüşlərdə ailəsini itirən, torpaqlarından didərgin düşənlər var. Düşünürəm ki, baş verənlərə nə qədər az diqqət yetirsək, bir o qədər az təxribat olar. Unutmayaq ki, “Qarabağ” münaqişənin olduğu bölgəni təmsil edir".
Kintana hakimlərin qərarı barədə də fikirlərini bildirib: “Hakim bizə dedi ki, bayraq yenidən görünsə, buna fikir verməyək və oyunumuzu oynayaq. Qarşıda bizi APOEL ilə oyunu gözləyir. Səfərdə də oxşar halla qarşılaşa biləcəyimizlə bağlı bizi məlumatlandırıblar. Çünki orada da çoxlu erməni mühacirlər yaşayır. Belə halların davamlı olması utancvericidir”.