Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın yeni geosiyasi düzəndə yeri yoxdur- Yunus Oğuz

İranın yeni geosiyasi düzəndə yeri yoxdur- Yunus Oğuz

Tarix: 17 Noyabr 2022 17:04

Milli Vəhdət Partiyasının sədri, yazıçı-publisist  Yunus Oğuz dünyada və regionda baş verən hadisələrlə bağlı "Olaylar"a  müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

-Yunus bəy, Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı ən müxtəlif fikirlər səslənməkdədir. Sizin sözügedən qətnamə  ilə bağlı fikirləriniz nədən ibarətdir?

-Hesab etmirəm ki, Fransa Senatının belə bir qətnamə qəbul etməsində əsas təsir vasitəsi ermənilərdir. Təbii ki, ermənilərin də bu məsələdə təsiri var, lakin dünyanın geosiyasi politikasına baxanda məlum olur ki, artıq dünyanın düzəni dəyişib. Vətən müharibəsinin son günlərində bu fikri AZ TV-də çıxışım zamanı da qeyd etmişdim ki, 2-3  il keçəcək, dünyanın yeni geoiqtisadi və geopolitikası yaranacaq. Əslində heç iki il də keçməyib, artıq dünyanın yeni geopolitik düzəni yaranır. Bu o deməkdir ki, artıq dünyada qüvvələr dəyişir, yeni qüvvələr yaranır. Məsələn, Almaniya ilə Fransa mübarizə aparır ki, Avropaya kim ağalıq edəcək. Almaniyanın yeni kansleri  Olaf  Şolts   Çinin Kommunist Partiyasının sədri il görüşə gedir. Amma onlar bu mübarizədə yaddan çıxarırlar ki, geopolitika dəyişib. Avropanı artıq nə Fransa, nə də Almaniya idarə etmir, Avropanı Böyük Britaniya və ABŞ idarə edir. Baxın, Böyük Britaniya, Avstraliya və ABŞ "AUKUS"  müqaviləsini bağladılar, dərhal Avstraliya Fransanın sualtı qayıqlarından imtina etdi. Fransanın bu məsələdə səsi çıxmadı, milyardlarla dəyəri  olan   müqavilənin pozulmasına etiraz edə bilmədi. Amma guya, Ermənistan onlara pas ötürür, onlar da qışqırırlar. Əslində bu qışqırıq deyil, Makron gah Ərdoğana, gah İlham Əliyevə, gah Putinə zəng edir, gah da Baydenlə danışır. Özünü elə göstərməyə çalışır ki, guya Fransa Avropada aparıcı gücdür. Böyük Britaniya və Amerikada isə buna gülürlər. Avropanın yeni gücü Türkiyədir. Türkiyənin arxasınca gələn isə Azərbaycandır. Artıq Azərbaycana yeni gepolitik düzəndə yer ayrılıb. Çox təəssüf ki, onlar bunu başa düşmürlər. Anlamaq istəmirlər ki, bu düzən artıq razılaşdırılıb.  Almaniya, İtaliya, Böyük Britaniya susur. Çünki, onların əsas işi geopoltik işi deyil.   Düzən razılaşdırıldığına görə, bunlar bir-birləri ilə barışmaq istəmirlər. Fransanın arxasında neçə illərdir ki,  Rotsild durub. Belə halda Fransadan soruşarlar, sənin bu qətnamən nə deməkdir? Nə etmək istəyirsən? Sən öz ölkəndə etiraz aksiyalarına yiyə dura bilmirsənsə, öz ölkənin narazılıqlarını həll edə bilmirsənsə, Ermənistanın problemlərini necə həll edəcəksən? Fransa yalnız dünyaya göstərmək istəyir ki, mənə yeni geopoltikada yer ayırın. Ona da bu düzəmdə yer yoxdur. Siz elə bilirsiniz ki, Rusiya-Ukrayna müharibəsi elə-belədir? Dünya siyasətində Avropa, ABŞ, İngiltərə var. Böyük Britaniya heç bir halda neft və qaza görə şikayət eləmir. ABŞ və Türkiyə də belə bir şikayət etmir. Türkiyə elan etdi ki, bizim hələ gələn il üçün də ehtiyatlarımız var, qışa tam hazırıq. Amma Avropa Rusiyadan əlini üzəndən sonra neft və qazı haradan alır? Amerikadan, Norveçdən, İsveçdən, Azərbaycandan. Hətta bir milyon yarım insanını qətlə yetirən Fransa prezidenti Əlcəzairə getdi. Lakin üzünə tüpürüb geri qaytardılar. Bu o deməkdir ki, Fransa, sənə bu düzəndə yer yoxdur. Sənə harada yer göstərəcəyik, orada da qalacaqsan.

-Bəs, yeni geopoltik düzəndə İranın yeri haradadır?

-Eynilə də dünyanın Şərq siyasətində belədir. İrana da artıq burada yer yoxdur. İran da bununla barışmaq istəmir. Əgər bununla barışmaq istəməsə İran parçalanacaq. Məlumdur ki, orada Türkiyə və Azərbaycana da yer ayrılıb. Qərblə Şərqi birləşdirən loqistik xətlər tikilib,  həmin xətlər Azərbaycandan keçir. Üstəlik Azərbaycan 44 günlük Vətən müharibəsində qalib sindromu yaradıb. Belə halda İran nə edə bilər? Dünya ölkələri ilə, Böyük Britaniya ilə vuruşacaq? Fransa müharibə zamanı BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə əleyhimizə olan qətnamə çıxartmağa çalışdı. Orada Azərbaycan haqqında  bağlı  1993-cü ildə qəbul edilmiş 4 qətnamə yaddan çıxmışdı. Fransanın təqdim etdiyi qətmanəyə Böyük Britaniya veto qoydu. Ona görə ki, ABŞ Böyük Britaniya ilə razılaşıb ki, Şərqlə danışıqları sən aparırsan, vetonu da sən qoy. Bu baxımdan, hazırda İranın vəziyyəti çox ağırdır. Fransanın parçalanmaq məsələsi gündəmdə deyil, baxmayaraq ki, orada da kifayət qədər separatist qüvvələr baş qaldırılar. Yaxşı, sən öz ölkəndə separatist qüvvələri yatırırsan, amma biz torpaqlarımızı işğaldan azad edirik, dərhal başlayırsan ki, Azərbaycan əsgəri geri qayıtsın. Haradan çıxsın, axı 1991-ci ildə ölkəmiz BMT-yə qəbul olunanda Azərbaycanın ərazi bütövlüyünə sən səs vermisən. Heç olmasa öz qərarına hörmətlə yanaş.

-İranın parçalanmaq ehtimalı nə dərəcədədir?

-İndi Ermənistan həm İran, həm də Fransa üçün bir maşa rolunu oynayır. Hələlik maşa ilə isti odunun kim tərəfindən götürüləcəyi bilinmir. İranda isə parçalanmaq ehtimalı yüksəkdir. Orada etnik və dini azlıqların sosial problemləri boğaza qədərdir. Faktiki olaraq teokratik bir dövlət ağeyi dəccalın  (şeytana xidmət edənlər) diktəsini icra edir. Azərbaycan isə İrandan fərqli olaraq demokratik dövlətdir. O taydan da saytlarımıza girib görürlər ki, burada kimi istyirsən tənqid etmək olur, fikri sərbəst şəkildə çatdırmaq mümkündür. İnsanlar naziri, prezidenti də tənqid edə bilirlər.  Amma İranda bir kəndxudanı tənqid etsən səni gecə ilə apararlar. Xaricə qacan insanlar da görürlər ki, Azərbaycanda hər kəs sərbəst yaşayır, kim istəyirsə baş örtüyündən istifadə edir, istəməyən isə saçını kəsdirir. İnsanlar azad cəmiyyət istəyirlər. Dini və sosial problemlərin qabardılması, insanların məşğulluq probleminin həll olunmaması, onların kütləvi şəkildə xaricə qaçması əməlli-başlı problemə çevrilib. İran narkotik vasitələrini Azərbaycana ixrac etdiyi kimi öz əhalisinə də tətbiq edir. Başqa sözlə, İran əhalini narkotiklə idarə etmək istəyir. Xalq isə belə idarə üsulundan bezib. Təbii ki, heç bir valideyn istəməz ki, övladları narkotikə qurşansın.  

-İranın Azərbaycana qarşı təhdidlərinin kökündə hansı amillər durur?

-İranın ən böyük səhvi ondadır ki, yeni geosiyasətdə Azərbaycanın yeri ilə barışa bilmədi. Məlumdur ki, 1925-ci ildə ingilislərin həyata keçirdikləri çevrilişdə qacarları devirib Rza Şah Pəhləvini hakimiyyətə gətirdilər. İranda düşünürdülər ki, Böyük Britaniya onlara əbədi dəstək verəcək. Lakin başa düşmürdülər ki, Çörçill deyib ki, "Böyük Britaniyanın əbədi dostu və düşməni yoxdur, əbədi maraqları var". Başa düşmürlər ki, artıq əbədi maraqlar Azərbaycan tərəfə dəyişib. Sən isə Azərbaycanı təhdid edirsən. Yadından çıxdımı Ermənistana silah karvanı göndərəndə azərbaycanlılar çıxıb sənin öz ərazində maşınları yandırdılar. Sən isə prezident İlham Əliyev Xudafərinə gedəndə onu snayperlə izləyirsən. İranın molla rejimi əslində dəccala xidmət edən bir qüvvəyə çevrilib. Bu dövlətin yalnız adında İslam var, özləri isə İslama xidmət etmirlər. Əslində İran dünyada İslamı gözdən salan bir saylı dövlətdir. Azərbaycanda isə müxtəlif dinin nümayəndələri bərabər şəraitdə yaşayırlar. Çünki ölkədə liberal dini siyasət yürüdülür. Sən erməniyə qucaq açırsan, Ermənistana silah,  bizə isə patı, aftafa göndərirsən, sonra da deyirsən İslam dövlətiyəm. Odur ki, İran dünya siyasətinə qoşula bilmir. Belə halda təbii ki, Böyük Britaniya  vasitəsilə sanksiyalar tətbiq olundu. Nəticəsi də o oldu ki, daxildən insanlar etiraza qalxdı. İran qışqırır ki, guya etirazçılar  xaricdən qızışdırılır. Elə isə niyə imkan verirsən ki, xaric qızışdırsın? Sosial, siyasi, dini dil problemlərinii həll elə ki, insanlar etiraz etməsinlər.

Azərbaycanda narkotikdən tutmuş ideoloji işə qədər yüz milyonlarla pul buraxırdın. Axırı nə oldu, bir nəfər ayağa qalxdımı? Səni müdafiə etdimi? Yox. Çünki insanlar İranın siyasətinə yaxından bələd oldular. Xüsusən, 44 günlük müharibədə daha arxayın oldular ki, İran Azərbaycana elə-belə gəlmir. İstəyir ki, burada özünün mənsub olduğu teokratik bir dövlət yaratsın. Necə ki, "Hizbullah"ı yaradıb, Livanı idarə etmək istəyir, necə ki, Yəməndə "Husilər"i yaradıb. Baxın, İranın hansısa İslam dövlətilə dostluğu varmı? İranın dostu başqa dinlərə mənsub olan Hindistan və Ermənistandır. İran sanki dəccaldan elə bir tapşırıq alıb ki, İslam dünyasını dağıt, qoyma birləşsinlər. İranda artıq xalq ayağa qalxıb, məktəb şagirdləri, universitet tələbələri ayağa qalxıb, onların hamısını ələ almaq mümkün deyil. Artıq Təbriz bazarı bağlanıb. Bu isə o deməkdir ki, İranda inq insan  molla görən kimi papağına bir şillə qoyurlar ki, papaq yerə düşsün. Təbii ki, orada da analitiklər var, lakin onlar da dəccala xidmət edirlər. İran bizi təhdid etməsin. Azərbaycan İrana uzun illər qucaq açdı, hətta Zəngəzurun iki yolunu göstərdi. Biri Ermənistan, biri də İran tərəfdən, təəssüf ki, nə İran, nə də Ermənistan bunu başa düşür.

-Yeni geosiyasi düzəndə Fransa və İran niyə məhz Azərbaycanı rəqib kimi seçib?

-Dünyada Şərqlə Qərbi birləşdirən bir çoğrafi məkan var ki, o da Azərbaycandır. Ona görə, Azərbaycanı seçiblər. Necə ki, Orta Doğu projesində Türkiyəni seçmişdilər. Ərdoğan olmasaydı o proje az qala reallaşmışdı. Şərqlə Qərbi birləşdirən Türkiyə-Naxçıvan-Azərbaycan xətti vasitəsilə dünya dövlətləri birləşir.  Bu loqistik layihə həm ucuzdur, həm də iqtisadi baxımdan sərfəlidir. Həm də mal idxalı baxımından yaxın məsafədir. Mal idxalı təxminən 3 dəfə tez başa gəlir. Hazırda Türkiyə dövləti sürətlə dirçəlir, hərbi potensialı artır.  Ona görə də Ermənistan bölgədə maşa rolunu oynayır. Kimin burada geosiyasi maraqları varsa Ermənistana sillə çəkib deyir ki, qışqır. Odur ki, Ermənistan rəhbəri Avropaya gedir, deyir sən düz deyirsən, Rusiyaya gedir eyni sözü deyir, İrana gedir deyir səninlə razıyam.

-Necə hesab edirsiniz,  Rusiya yeni geosiyasi düzəndən kənarda qalıb?

-Rusiyanın başı müharibəyə qarışıb. Hələ uzun müddət başı qarışıq olacaq. Yeni geosiyasi düzən oturuşandan sonra Qərb Rusiya ilə barışacaq. Rusiya isə İranın parçalanmasına göz yumacaq. Artıq göz yumub, diplomatik əlaqələr dondurulub. 2025-ci ilə qədər yeni düzən tam oturuşmalıdır. Onda Rusiyaya deyəcəklər ki, biz deyən yerdə dur. Hazırda Rusiyanın qaz idxalı 45 faiz azalıb. Bi isə milyardlarla pul deməkdir. Digər tərəfdən də müharibə gedir. Rus "mujiki"nin soyuducusunda kartofı, balığı, arağı olmasa inqlab edəcək. Həmin prosesi başqa şəkildə İranda ediblər, bir azdan da Rusiyada edəcəklər.


Etiketlər:  İranın yeni geosiyasi düzəndə yeri yoxdur Yunus Oğuz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ