Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2022 22:33
"Uşaqlıq və yeniyetməlik dövründə daha çox şəkərli diabet tip 1 rast gəlinir".
Sonxeber.net bakupost.az-a istinadən xəbər verir ki, bunu səhiyyə nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova deyib.
O bildirib ki, bu tip şəkərli diabet poligen multifaktorlu xəstəlikdir. Əsasında insulinin mütləq çatışmazlığına gətirib çıxaran mədəaltı vəzin β-hüceyrələrinin immunasıllı və ya idiopatik destruksiyası durur: "Uşaq yaşlarında tip 2 şəkərli diabetə də rast gəlinir. Onun rastgəlmə tezliyi bu yaş dövründə əlbəttə ki, tip 1 şəkərli diabetə nisbətən az olur. Şəkərli diabet tip 2 əsasən insulinə rezistentlik və nisbi insulin çatmazlığı ilə yaranan karbohidrat mübadiləsinin pozulmasıdır.
Xəstəliyin hər iki tipinin yaranmasında irsi meyliliyin böyük rolu var. Tip 1 şəkərli diabeti yaradan patoloji genlər 6-cı xromosomun qısa çiynində yerləşir. Tip 2 şəkərli diabetə meylliliyi yaradan genlər 11-ci xromosomla bağlıdır. Əlbəttə, xəstəliyin başlanması üçün hər halda müxtəlif faktorlar lazımdır. Onlar təkan rolunu oynayır. Şəkərli diabet tip 1 üçün təkanverici faktor kimi virus infeksiyaları durur. Bu müxtəlif viruslar ola bilər. Şəkərli diabet tip 2 üçün təkanverici faktor kimi artıq çəki, piylənmə, stres və s".
Ekspert vurğulayıb ki, xəstəliyin hər iki tipinin əlamətləri eyni ola bilər: "Ağızda quruluq, susuzluq, tez-tez sidiyə getmə, ümumi zəiflik, yorğunluq ola bilər. Tip 1 şəkərli diabet zamanı əlavə olaraq arıqlama, aclıq hissi, əsəbilik, yuxusuzluq ola bilər. Tip 2 şəkərli diabet zamanı əlavə kökəlmə, piylənmə, gün ərzində bir neçə dəfə səbəbsiz güclü aclıq hissi ola bilər. Tip 1 şəkərli diabet diaqnozu gec qoyulanda (həkimə müraciət gecikəndə) xəstələrdə ketoasidotik vəziyyət və ketoasidotik koma yarana bilər. Ketoasidotik vəziyyət zamanı bütün deyilən şikayətlər kəskinləşir və əlavə olaraq ürəkbulanma, qusma, qarın nahiyəsində kəskin ağrılar, nəfəsdən aseton iyi gəlir, ağır formalarda huşun itməsi olur. Müalicə gecikdiyi halda tip 2 şəkərli diabetdən əziyyət çəkənlərdə piylənmə dərəcəsi arta bilər".