Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2019 13:03
Bakı. Mətanət Nəsibova - Trend:
Moskva, Bakı və Ankara arasında üçtərəfli əməkdaşlıq formatı regionda əməkdaşlığın möhkəm özülü üzərində qurulub.
Trend-in məlumatına görə, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Türkiyə sektorunun elmi işçisi Amur Hacıyev Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirilən “Azərbaycan-Rusiya-Türkiyə: siyasi dialoq, iqtisadiyyat, təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans zamanı deyib.
O bildirib ki, bugünkü konfrans “Rusiya-Türkiyə-Azərbaycan: yeni regional nəqliyyat-enerji qovşağının formalaşdırılması” layihəsinin tərkib hissəsidir:
“Bu layihə kontekstində region olaraq Mərkəzi Asiya, Yaxın Şərq və Balkanlarla birgə Xəzər-Qara dəniz makroregionunu nəzərdə tuturuq. Biz əmin olduq ki, üçtərəfli format aktualdır və bu formata maraq böyükdür. Aydındır ki, üç ölkə arasında əməkdaşlığın xarakteri həm ikitərəfli əlaqələrin inkişaf vektoruna, həm də ümumilikdə regionda vəziyyətə müəyyən təsir göstərir”.
A.Hacıyev əlavə edib ki, bu konfrans bir tərəfdən dövlətlərarası münasibətlərin inkişafının təbii davamı, digər tərəfdən isə yeni ideyaların formalaşdırılması üçün ictimai platformadır:
“Ona görə də hesab edirik ki, layihəmiz təkcə ictimai təşəbbüs olmayacaq, həm də praktiki baxımdan səmərəli olacaq. Layihənin hər üç tərəfdaşı – Müasir Türkiyənin Tədqiqi Mərkəzi, “Baku Network” Ekspert Şurası və Rusiya Araşdırmaları İnstitutu fəal təhlil fəaliyyəti aparır”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin