Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

7-ci maddənin vaxtı çatdı: Xankəndiyə qayıdış zamanıdır

7-ci maddənin vaxtı çatdı: Xankəndiyə qayıdış zamanıdır

Tarix: 14 Dekabr 2022 10:22

Cəmiyyətin, onun müxtəlif təbəqələrinin Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş rus sülhməramlıların hərəkətlərindən narazılıqlarını bildirmək, Azərbaycan ərazilərinin talanmasına etiraz etmək hüququ təbiidir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri QAFSAM sədri Araz Aslanlı Xankəndi yolunda azərbaycanlı ictimai fəalların və jurnalistlərin keçirdiyi aksiya ilə bağlı qeyd edib.

O bildirib ki, qaldırılan məsələlər, səsləndirilən şüarlar milli xarakterli olduğu, hansısa şəxslərin, ya da qrupların fərdi maraqları ön plana çıxarılmadığı müddətcə alqışlanmalıdır:

"Rus sülhməramlıların Azərbaycan ərazisində mövcudiyyətinin hüquqi əsası yoxdur. Bu səbəbdən beynəlxalq hüquqa görə, onlar üçün başqa ifadə də işlədə bilərik. Amma onların hansı mürəkkəb və riskli şəraitdə Azərbaycan ərazisinə daxil olduqları, hansı səbəbdən Üçtərəfli bəyanatda onların daxil olmalarına dair məqamların yer alması barədə müəyyən təxminlərimiz var. Anlayırıq ki, proses bizim arzuladığımızdan daha çətin, daha mürəkkəb, daha risklidir, daha çox səbir, düzgün strategiya və ardıcıl yanaşma tələb edir. İndi də onun bir mərhələsini yaşayırıq".

Ekspertin fikrincə, mübarizəmizlə bağlı nüanslara, terminlərə, mahiyyətə diqqət etmək lazımdır:

"Azərbaycanın mübarizəsi kiməsə, ya da nəyəsə qarşı deyil, öz ərazi bütövlüyü, suverenliyini bütün ərazilərində tam təmin etmək, bölgədə beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanan sülhü və əməkdaşlıq mühitini təmin etmək uğrundadır və s. Bu mübarizəni kiməsə qarşı mübarizə kimi təqdim etmək nə doğrudur, nə də faydalı. Açıqlama verən şəxslər bunlara diqqət etməlidirlər. Haqq işimizi düzgün təqdim etməliyik, özümüzə zərər verəcək şəkildə deyil".

A.Aslanlı onu da vurğulayıb ki, israrla təkrarlanan "separatçılar", "separatçı rejim" ifadələrini mümkün qədər yığışdırmaq lazımdır:

"Ermənistan ilə Azərbaycan arasındakı məsələ "separatism" məsələsi deyil, bölgədə hansısa "rejim" də yoxdur. Problem Ermənistanın Azərbaycana yönəlmiş ərazi iddiasından, işğalçılıq siyasətindən və bəzi dövlətlərin bu siyasətə verdikləri dəstəkdən qaynaqlanırdı. İndi tam həll olunmamasının səbəbi də bu dəstəkdir.

Xankəndidəki əhalinin əslində nə istədiyini sadəcə ruslar da daxil olmaqla, oradakı bütün qeyri-qanuni silahlı qruplar o ərazini tərk etdikdən, tam sülh əldə edildikdən sonra, dinc şəraitdə bilmək olar. O halda istənilən Azərbaycan vətəndaşı kimi, onların da hüquqları olacaq: dinc şəraitdə birgə yaşamaq, istəsələr, başqa ölkələrə səyahət etmək, ya da başqa dövlətin vətəndaşlığını almaq üçün müraciət etmək...

Amma hər hansı bir qrupu bütövlükdə "separatşı" kimi qeyd etmək, ya da ərazimizdə hansısa "rejimin" olduğunu iddia etmək doğru və faydalı deyil. Bu, işğaçlçı tərəfin və onun dəstəkçilərinin strategiyasıdır.

Eyni zamanda unutmayaq ki, separatizm heç də hər zaman və hər yerdə mənfi bir hal kimi qəbul olunmur. Ona müsbət baxanlar da olur. Fikir qarışıqlığına səbəb olacaq, dünyada müəyyən dəstək tapacaq bir yanaşmanın canlı qalmasına ən azı biz imkan verməməliyik. Burada problemin adı sadədir: 44 günlük Vətən müharibəsinə qədər - işğal və işğalçıya dəstək; hazırda isə - beynəlxalq hüququn, surevenliyin bərpa olunmasına və daimi sülhün əldə olunmasına mane olmaq".

Ekspert hesab edir ki, Xankəndi, Xocalı və rus sülhməramlıların müvəqqəti yerləşdikləri digər ərazilərin sakinləri olan azərbaycanlıların evlərinə qayıtmaq üçün təşəbbüs göstərməyin zamanı da gəlib çatıb:

"Bu, həmin insanların ən təbii hüququdur, eyni zamanda bunu təmin etmək 10 noyabr (9 noyabr) 2020-ci il tarixli Üçtərəfli bəyanatın 7-ci maddəsinin tələbidir".


Etiketlər:  maddənin vaxtı çatdı Xankəndiyə qayıdış zamanıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ