Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2022 18:38
İranın etirazlar davam etdiyi bir vaxtda milli valyuta - rial ABŞ dollarına qarşı rekord həddə ucuzlaşıb.
Sonxeber.net Bonbast.com xarici valyuta vebsaytına istinadla xəbər yayıb ki, bir dollar hazırda 396 min 700 riala bərabərləşib. Bir ay öncə məzənnə 353 min 400 idi. Sentyabrda başlayan etirazlardan öncə bir dollar 298 min 200 rial idi. Məhsa Əmininin guya hicab qaydasını pozduğuna görə saxlanandan sonra ölümü ölkəni bir-birinə vurub. Etirazlar üç aydır davam edir.
Milli valyutanın ucuzlaşmasının bir səbəbi də Tehranla dünya güclərinin 2015-ci il nüvə sazişinin dirçəldilməsinə ümidlərin bitməsi haqda yayılan xəbərlərdir.
İranın xarici işlər naziri və nüvə danışıqlarında əsas təmsilçisi dekabrın 20-də İordaniyada Avropa İttifaqının xarici siyasət rəhbəri və blokun nüvə danışıqları üzrə rəsmisi ilə görüşüb. Məlumatı İranın rəsmi IRNA agentliyi yayıb, ancaq görüşün detalları açıqlanmayıb.
İranda sosial media şəbəkələrində isə bir video yayılıb. ABŞ Prezidenti Co Bayden noyabrın 4-də Kaliforniyada seçki tədbirində iranlı etirazçıya deyir ki, nüvə sazişi "artıq ölüb, ancaq bunu elan etmirik". İran dünya gücləri ilə nüvə sazişini imzalayanda bir dollar 32 min rial idi. Həmin saziş İranın nüvə proqramını məhdudlaşdırması qarşılığında Tehrana maliyyə sanksiyaları nəzərdə tuturdu. 2018-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp sazişdən çıxaraq İran iqtisadiyyatı və valyutasına ağır sanksiyaları bərpa etdi. Vaşinqtonun addımından sonra İran da sazişin bəzi məhdudiyyətlərini daha yerinə yetirə bilmədiyini deyərək pozmağa başladı. Tehran nüvə proqramının dinc məqsədli olduğunu desə də, Qərb onun nüvə silahı hazırlamaq qabiliyyətinə yaxınlaşa biləcəyindən ehtiyatlanır.
Kamran Seyidov