Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu tələbələr də sosial təhsil krediti ala biləcəklər - Qaydalar dəyişdi

Bu tələbələr də sosial təhsil krediti ala biləcəklər - Qaydalar dəyişdi

Tarix: 22 Dekabr 2022 11:50

Elm və Təhsil Nazirliyinin təklifinə əsasən Nazirlər Kabinetinin müvafiq Qərarı ilə "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"nda əlavə və dəyişikliklər edilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, qərara əsasən aşağıda qeyd edilmiş daha iki sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyadan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial təhsil tələbə krediti ala biləcəklər:

Ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələr;
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək "Müharibə veteranı" adı almış tələbələr.

Qeyd edilən dəyişikliyə qədər mövcud qanunvericiliyə əsasən sosial təhsil tələbə kreditlərinin əhatə dairəsi aşağıdakı kimi idi:

Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;
Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:

Orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;
İşsiz kimi qeydiyyatda olanlar;
Yaşa görə əmək pensiyası alanlar;
Yaşa görə sosial müavinət alanlar.

Qeyd edək ki, 2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.

Milli.Az


Etiketlər:  Bu tələbələr sosial təhsil krediti ala biləcəklər Qaydalar dəyişdi


RƏYLƏR