Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Öldürüb Azərbaycanın üstünə ata bilərlər” - Şok iddia

“Öldürüb Azərbaycanın üstünə ata bilərlər” - Şok iddia

Tarix: 24 Dekabr 2022 22:03

Politoloq Natiq Miri Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Laçın yolundakı durum ətrafında maraqlı gəlişmələr var. Qərb dövlətləri Azərbaycanı ittiham etsələr də, Rusiya hələlik neytral görünür. Sizin bu proses haqda fikriniz necədir, gedişat hansı istiqamətə dönə bilər?

- Əslində, bu, Azərbaycanın öz haqlı tələblərində nə qədər ardıcıl və davamlı olmasına bağlıdır. Çünki bunu qısamüddətli, korporativ maraqları və xristian həmrəyliyi kontekstində baş verən hücumlar kimi dəyərləndirmək lazımdır. Bir də dünyada "qızıl mafiyası" adlandırılan bir mafiya da var. Azərbaycan ərazilərindəki qızıl mədənlərini qanunsuz şəkildə istismar edərək dövriyyəyə buraxan erməni-rus şəbəkəsi də bu prosesdə aktivdir. Məsələni bir də bu xüsusda dəyərləndirmək lazımdır.

Rusiyaya gəldikdə, bu, Kremlin Azərbaycanla münasibətlərini korlamaq istəməməsi və Ermənistanın antirusiya siyasəti yürütməsi ilə bağlıdır. Yəni bunun "Azərbaycan sevgisi" ilə heç bir əlaqəsi yoxdur.

Dediyim kimi, bu prosesin hansı formada yekunlaşması Azərbaycandan asılıdır. Əgər Azərbaycan bu etirazlardan istədiyi nəticələri əldə edəcəksə, düşünürəm ki, proses bütövlükdə ölkəmizin xeyrinə nəticələnəcək və Ermənistan növbəti dəfə çox ağır məğlub olacaq.

- Ermənistan isə Rusiyadan açıq narazılığını dilə gətirir və Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşündən imtina edir. İrəvanın bu addımını necə şərh etmək olar?

- Ermənistan həmişə çalışır ki, Rusiya və Azərbaycanı üz-üzə qoysun. İndiyədək buna nail olmayıb. Çünki bunu Rusiyada da anlayırlar. Əlbəttə, Rusiya indiki çətin vəziyyətində başqa bir cəbhədə Azərbaycan və Türkiyə ilə qarşı-qarşıya qalmaq istəməz.

Məsələnin başqa bir tərəfi budur ki, Ermənistan Moskvanı ittiham obyektinə çevirməklə erməni ictimai rəyində Anti-Rusiya əhval-ruhiyyəsini körükləyir. Bunun nəticəsi var. Artıq Ermənistanda ciddi anti-Rusiya atmosferi möhkəmlənir. Nikol Paşinyanın Rusiya sülhməramlılarının öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı ittihamı da bilavasitə buna hesablanıb. Həm də Rusiyaya bir təzyiq xarakteri daşıyır. Eyni zamanda, bu, Ermənistana əsas yaradır ki, tədricən Rusiyanın orbitindən uzaqlaşıb, Qərbin sifarişlərini yerinə yetirmək imkanı qazansın.

- Moskvadan Xankəndiyə göndərilmiş Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxarıldı. Rusiya lideri Vladimir Putin onun bununla bağlı müraciətini yerinə yetirdi. Bu qərarın bölgədə vəziyyətin kövrək olduğu vaxtda verilməsi nə ilə əlaqəli ola bilər?

- Əvvəla, bu bir prosedurdur. Çünki Vardanyan hələ dörd ay əvvəl Xankəndiyə gəlməmişdən əvvəl demişdi ki, Rusiya vətəndaşlığından imtina ilə bağlı müraciət edib. Yəni prosedur olaraq yerinə yetirildi. Amma bu, sıradan bir prosedur deyil. Çünki Vardanyan kimdir ki, onun vətəndaşlıqdan çıxarılması həm rus, həm də digər xarici media qurumlarında bu cür təbliğ olunsun?! Bu faktın özü göstərdi ki, bunun arxasında konkret siyasi niyyətlər var.

Birincisi, Rusiya bununla göstərmək istəyir ki, Vardanyan onun geosiyasi layihəsi deyil. Çünki bu məsələ ilə əlaqədar Rusiya rəsmilərindən də açıqlamalar verilmişdi. Yəni Vardanyanın vətəndaşlıqdan çıxarılmasının elan edilməsi Rusiya rəsmilərinin bu açıqlamalarının təsdiqi oldu. Həm də dolayısıyla Azərbaycana göstərmək istəyirlər ki, guya Rusiya bu yöndə Anti-Azərbaycan siyasətinin içində deyil.

Məsələnin bir də beynəlxalq tərəfi var ki, guya Rusiyanın sülhməramlı missiya və vasitəçilikdən başqa niyyətləri yoxdur. Ancaq bunlar həqiqəti əks etdirmir. Çünki hər kəsə bəllidir ki, Ruben Vardanyan Rusiya layihəsidir. Doğrudur, bu layihə Rusiyanın istədiyi kimi özünü doğrultmur, amma hər halda Vardanyan Kreml alətidir.

Özünü doğrultmayacağı təqdirdə Kreml "Vardanyan kartı"nı deaktiv edə, yəni zərərsizləşdirə bilər. Bu xüsusda Vardanyanın gələcəkdə öldürülüb, Azərbaycanın üstünə atılacağı ehtimalını da istisna etmirəm. Çünki Rusiya indiki məqamda Azərbaycana qarşı beynəlxalq təzyiqlərin olmasında maraqlı görünür. Ona görə də, bu məsələni də diqqətdə saxlamalıyıq ki, özünü doğrultmayacağı halda Vardanyan Rusiya xüsusi xidmət orqanları tərəfindən aradan götürülə bilər. Bunu bəri başdan deməliyik ki, sabah belə bir hadisə baş verəcəyi təqdirdə, hər kəs indidən məlumatlı və ayıq olsun.

Milli.Az


Etiketlər:  Öldürüb Azərbaycanın üstünə ata bilərlər Şok iddia


RƏYLƏR