Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2022 08:34
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 ədəd təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Sonxeber.net "report"a istinadən bildirir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, Xankəndindən Laçın istiqamətinə Rusiya sülhməramlılarına məxsus hərbi polis maşını və hərbçiləri daşıyan avtomobil keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Qeyd edək ki, ötən hər iki istiqamətdə Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus ümumilikdə 11 avtomobil maneəsiz hərəkət edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 15 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.