Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ulduz Əliyevanın 100 illik yubiley qeyd edilib

Ulduz Əliyevanın 100 illik yubiley qeyd edilib

Tarix: 27 Dekabr 2022 13:33

Azərbaycan teatr sənətində öz dəsti-xətti, geniş yaradıcılıq diapozonu, maraqlı tapıntıları ilə adından bəhs etdirən çox sənətkarlar olub. Onlardan biri də Ulduz Əliyeva - Rəfili olmuşdur. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar incəsənət xadimi,  ilk azərbaycanlı peşəkar qadın teatr rejissoru Ulduz Əliyeva-Rəfilinin anadan olmasının 100 illiyi münasibətilə tamaşa göstərilib. Gecədə xanım rejissorun bir zamanlar Mirandolina obrazını ifa etdiyi diplom tamaşası - "Mehmanxana sahibəsi"  nümayiş etdirilib.

Tamaşadan öncə Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, teatrın baş rejissoru Mehriban Ələkbərzadə, aktrisa Sona Babayeva, truppa müdiri Ələsgər Muradxanlı, unudulmaz rejissorun bacısı qızı Dilşad Kərimova və  nəvəsi Ulduz Hüseynzadə çıxış edərək milli teatr sənətinin formalaşması və inkişafında Ulduz Əliyevanın əvəzsiz xidmətlərindən, qadın rejissor olmağın çətinliyindən, onun genişmiqyaslı rejissorluq fəaliyyətindən, mənalı həyat yolu və maraqlı yaradıcılıq tarixçəsindən danışmış, xatirələrini bölüşmüşlər.

Çıxışlardan sonra Ulduz Əliyevanın ailə üzvləri rejissorun yubileyinin keçirilməsində əməyi keçən hər kəsə, başda teatrın rəhbəri Naidə İsmayılzadə olmaqla, bütün bədii və yaradıcı heyətə dərin minnətdarlıqlarını bildiriblər.

Daha sonra tamaşa göstərilib. Tamaşada Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Elşən Hacıbabayev, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Anar Səfiyev iştirak ediblər.

Məlumat üçün bildirək ki, Ulduz Əliyeva-Rəfili Saleh qızı 15 dekabr 1922-ci ildə Gəncədə anadan olub. 1951-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun "Rejissorluq" fakültəsini bitirib.

1952-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor vəzifəsində fəaliyyətə başlayan U.Əliyeva baş rejissor vəzifəsinə qədər yüksəlib. Bu illər ərzində o, "İkinci ailə" (1954), "Ayrılan yollar" (1957), "Durna qatarı" (1958), "Qavroş" (1959), "Ümid nəğməsi" (1959), "Hünər" (1963), "Şirin bala bal yığır" (1965), "Xoruz" (1965), "Dovşanın ad günü" (1966), "Dan ulduzu" (1967), "İki ağanın bir nökəri" (1968), "Rübailər aləmində" (1968), "Keçən ilin son gecəsi" (1968), "Qaraca qız" (1971), "Aycan" (1973), "Mənim nəğməkar bibim" (1975) və başqa, ümumilikdə 50-dən artıq tamaşaya maraqlı səhnə həyatı bəxş edib.

Milli.Az


Etiketlər:  Ulduz Əliyevanın 100 illik yubiley qeyd edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ