Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2022 08:03
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə vətəndaşlarına müharibə ilə bağlı çağırış edərək onları bir-birini dəstəkləməyə çağırıb.
"Nə olursa olsun, ürəyinizdə nə varsa - bir-birinizi dəstəkləyin. Mütləq", - Prezident axşam videomüraciətində deyib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, Zelenski ukraynalıları yanlarındakı insanlara xoş sözlər söyləmək üçün vaxt tapmağa çağırıb.
"Onlar sizə yaxın insanlar olmasa belə, işə görə təşəkkür etmək üçün fürsət və məqam tapın. Bu və ya digər səyə, qayğıya görə tərifləyin... Əgər bilirsinizsə ki, insan müharibədəki oğlunu və ya qızını gözləyir, diqqət ayırın, kömək edin. Doğmalarınızı daha çox qucaqlayın, dostlarınıza onları nə qədər qiymətləndirdiyinizi daha tez-tez söyləyin, həmkarlarınızı daha tez-tez dəstəkləyin, valideynlərinizə daha tez-tez təşəkkür edin, övladlarınızla daha tez-tez xoşbəxt olun və yaxınlarınız necə olduğunuzu eşitmək üçün gözləyəndə zəng etməyi unutmayın", - dövlət başçısı deyib.
O vurğulayıb ki, indi dost-tanışla əlaqəni kəsməyə dəyməz. Dövlət başçısı vətəndaşları Ukrayna uğrunda döyüşənləri dəstəkləməyə çağırıb.
O, vətəndaşları Ukraynanın qayğısına qalmağa, bir-birinin qədrini bilməyə və ölkə əsgərlərinə kömək etmək üçün hər şeyi etməyə çağırıb.
"Dəhşətli aylar yaşasaq da, insanlığımızı itirməmişik və onu itirməyəcəyik, baxmayaraq ki, qarşıda çətin il də var. Qələbəyə nail olacağıq. Bunu həqiqətən birlikdə etməliyik", - Prezident vurğulayıb.