Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zərərçəkmiş: Fala baxmaq adı ilə qızıl və pullarımı aldı

Zərərçəkmiş: Fala baxmaq adı ilə qızıl və pullarımı aldı

Tarix: 10 Oktyabr 2019 16:42

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətə təhrik etməkdə təqsirləndirilən İbrahim Bağırovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqına start verilib. Prokuror ittiham aktını elan edib.

İttihama əsasən, İ.Bağırov özünü müxtəlif qurumların vəzifəli şəxsi kimi təqdim edərək, vətəndaşlardan işə düzəltmək adı ilə pul alıb və vədinə əməl etməyib.

Özünü ittihamlarda təqsirli bilməyən təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Fövqəladə Hallar Nazirliyində inspektor işləyib, heç kimdən işə düzəltmək üçün pul almayıb. O deyib ki, zərərçəkmiş Qaratel Əhmədova qızıl-zinət əşyalarını ona saxlamaq üçün verib, sonradan ərinə qaytarıb.

Zərərçəkmiş Qaratel Əhmədova isə bildirib ki, İbrahimlə atasının il mərasimində tanış olub. "Bizə dedi ki, yaxşı işlərə adam düzəldirəm. Sonra isə dedi ki, guya sizə cadu ediblər. Bizə falçılıq edirdi. Biz də qorxduq. Ceyran dərisi almaq, cadu pozmaq adı ilə məndən pul və qızıl əşyaları aldı. Dedi ki, qızıllara cadu-əməl ediblər. Daha sonra qohumlarımla da münasibət yarandı. Qardaşıma və onun uşaqlarına da işə onları düzəldəcəyini demişdi. Hamısından da pul aldı. Deyirdi ki, bu gün-sabah işə çıxacaqsınız".

Q.Əhmədova qeyd edib ki, o, qohumlarına İbrahimin onları işə düzəldəcəyini, bunun üçün pul verdiyini deyib.

Proses oktyabrın 17-də davam edəcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı olan İ.Bağırov Qaratel Əhmədova və onun qohumlarına qarşı dələduzluq etməkdə ittiham edilir. İ.Bağırov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Zərərçəkmiş Fala baxmaq adı ilə qızıl pullarımı aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ