Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2023 19:03
Sellülit - müasir qadınların üzləşdiyi ən çox yayılmış kosmetoloji problemlərdən biridir. Sellülitdən həm kök, həm də arıq qadınlar əziyyət çəkirlər.
Qadın orqanizminin bəzi xüsusiyyətlərinə görə, ümumiyyətlə, bütün qadınlar sellülitə meylli olurlar. Sellülit zamanı piy hüceyrələrinin ölçüsü qeyri-bərabər olaraq böyüyür, birbiri ilə düyünlər şəklində birləşir, onların daxilinə toksinlər və şlaklar yığılır, bu nahiyədə qan və limfa dövranı çətinləşir. Nəticədə dəri qeyri hamar şəkil alaraq "portağal qabığına" oxşayır. Sellülitin müalicəsi üçün müxtəlif xüsusi salon müalicəsi üsulları istifadə olunur (ozonoterapiya - oksigenlə müalicə, mezoterapiya - dəri altına müxtəlif dərmanların yeridilməsi, talassoterapiya - dəniz yosunları ilə müalicə, palçıqla müalicə, krioterapiya - aşağı temperaturla müalicə, vakuumla masaj, banka ilə masaj, sıxılmış hava ilə masaj və s.). Müayinə və məsləhətləşmədən sonra həkim sizin sağlamlığınızı nəzərə alaraq, şəxsən sizə uyğun olan müalicə üsulları təyin edir (adətən, bir neçə növ proseduradan ibarət kompleks müalicə təyin edilir). Qeyd etmək lazımdır ki, əgər qadın müalicə müddəti ərzində müəyyən pəhriz rejimini yerinə yetirməzsə, heç olmasa minimal bədən tərbiyəsi hərəkətləri etməzsə, sellülitin müalicəsi gözlənilən nəticəni verməz.
Əlbəttə ki, sellülitin əmələ gəlməsinin və artmasının qarşısını almaq, onu müalicə etməkdən daha yaxşıdır. Düzgün və balanslaşdırılmış qidalanma və kifayət qədər fiziki hərəkət - sellülitin ən yaxşı profilaktikasıdır. Qida rasionu tərəvəzlərlə, meyvələrlə, bitki yağları ilə zəngin olmalıdır. Meyvə və tərəvəz şirələri, təzə göyərti, paxlalı bitkilər, yağsız süd məhsulları, suda bişirilən sıyıqlar da xeyirli hesab olunur. Rasiona balıq da daxil edilməlidir (balıq yağı qəbul etmək də yaxşıdır). Qara çörəyə üstünlük verin. Qızardılmış yeməklərdən, yağlı ətdən, vetçina, kolbasalar, hisə verilmiş məhsullar, şorabalar, şirin un məmulatları, kremli tortlar yeməkdən çəkinmək lazımdır. Süni qida əlavələri - rəngverici, aromatlaşdırıcı və s. - olan qidalardan istifadə edilməsi də məsləhət deyil.
Gün ərzində 1,5-2 litr maye (suplar daxil olmaqla) qəbul edilməsi də vacibdir (yaşıl çay və digər ot çayları çox xeyirlidir).
Əgər siz gözəl bədən quruluşuna malik olmaq istəyirsinizsə, mümkün qədər çox hərəkət edin - piyada gəzin, üzgüçülüyə gedin, velosiped sürün və s. İdman zalına getməyə vaxtınız yoxdursa, qarın, bud, sağrı əzələləri möhkəmləndirmək üçün, heç olmasa həftədə 2-3 dəfə (nə qədər çox olsa, o qədər yaxşıdır) 40-60 dəqiqə ərzində idman hərəkətləri edin.
Sellülitin başlanğıc dövrlərində gündəlik olaraq kontrast duş (soyuq və isti suyun növbələşməsi) qəbul edilməsi yaxşı profilaktik və müalicəvi üsul hesab edilir. Bu, birləşdirici toxumanın möhkəmlənməsinə imkan verir. Sağlamlığınızda ciddi problemlər yoxdursa, sauna və hamama getmək yaxşıdır. Bu, bədəni şlaklardan təmizləməyə imkan verir, dərini hamar edir. Daimi olaraq üz üçün krem və skrablardan istifadə edən qadınlar, adətən, çox nadir hallarda bədən üçün olan krem və skrablardan istifadə edirlər. Skrablanma bədənin dərisi üzərində yığılan ölmüş hüceyrələri xaric edir, nəticədə dəri daha yaxşı nəfəs alır, orada gedən maddələr mübadiləsi bərpa olunur. Həftədə 1 dəfədən az olmayaraq bədən dərisi üçün skrablardan istifadə etmək lazımdır. Bu cür dərin təmizlənmədən sonra müxtəlif antisellülit kremləri daha yaxşı effekt verir. Belə kremlərin tərkibinə dəridə maddələr mübadiləsini normallaşdıran və dərinin elastikliyini yaxşılaşdıran - kofein, A vitamini, müxtəlif fermentlər, efir yağları, müxtəlif otların və dəniz yosunlarının ekstraktları və s. bu kimi maddələr daxil edilir. Bu kremlər dərini qidalandırır, onun tonusunu artırır.
Uzun müddət ərzində (1 aydan az olmamaqla) istifadə edildiyi halda öz-özünü masaj etmək çox yaxşı effekt verə bilər. Onu isti vanna və ya duş qəbulundan sonra etmək daha yaxşıdır. Öncədən dəriyə masaj üçün krem və ya zeytun yağı, ən yaxşısı isə keyfiyyətli antisellülit krem sürtmək lazımdır. Belə masajı əllərinizlə və ya xüsusi masaj şotkası ilə etmək olar. Masaj zamanı bütün hərəkətlər yalnız aşağıdan yuxarıya doğru olmalıdır. Masaj ağrılı olmamalı və icra edildikdən sonra dəridə göyərmə sahələri qalmamalıdır. Əgər masajdan sonra dəridə göyərmiş sahələr qalarsa, demək, masaj vaxtı dəriyə lazım olduğundan artıq təzyiq göstərilmişdir.
1. Masaj edilməsi budların bütün səthi - diz oynaqlarından bud-çanaq oynaqlarına qədər və sağrı nahiyələrinin dərisi boyunca ovuclarınızla sığallanması hərəkətləri ilə başlayır. Bu hərəkətlər əvvəl çox yüngül, sonra isə bir qədər güclü olmalıdır.
2. Bir-birinə birləşdirilmiş barmaqlarınızın uc hissələri ilə yüngül dairəvi hərəkətlər etməklə, budların tam səthini - dizlərdən bud-çanaq oynaqlarına qədər və sağrı nahiyələrinin dərisini masaj edin.
3. Barmaqlarınızı yumruq şəklində büküb, barmaq sümükləri ilə budların tam səthlərini - dizlərdən bud-çanaq oynaqlarına qədər və sağrı nahiyələrinin dərisini qızarana kimi masaj edin.
4. Budlarınızın içəri səthini baş barmaqla digər 4 barmaq arasına almaqla sıxın və diz oynağından bud-çanaq oynağına qədər spiralşəkilli hərəkətlərlə hamarlayın. Bu hərəkətləri edərkən dərini çox sıxmayın - çünki dəridə göyərmələr əmələ gələ bilər.
Masajdan sonra kontrast duş qəbul etmək və dəriyə antisellülit krem sürtmək yaxşı nəticə verir.
Ev şəraitində tətbiq edilən vibromasaj aparatından istifadə edilməsi ilə daha yaxşı effekt almaq olar. Vibromasaj aparatından istifadə etməmişdən əvvəl dəriyə antisellülit krem də çəkmək məsləhət görülür.
Bal ilə masaj - ilkin başlayan sellülitin müalicəsi üçün çox xeyirli üsul hesab olunur. Bal orqanizmdən toksinlərin xaric edilməsinə kömək edir. Kurs müalicəsi 15 masajdan ibarət olub, günaşırı olaraq 5-10 dəqiqə ərzində aparılır. İstifadə edilən təbii bal xarlanmış şəkildə olmamalıdır. Bala aromatik yağları da (limon, adaçayı, pozmarin, lavanda və s.) əlavə etmək olar (1 çay qaşığı bal + 5 damcı yağ və ya yağların qarışığı). Bal ilə yağları masajdan bilavasitə əvvəl qarışdırırlar. Bu məqsədlə bir neçə yağdan istifadə edilirsə, əvvəlcə yağları bir-biri ilə qarışdırır, sonra isə üzərinə bal əlavə edərək bir daha yaxşı-yaxşı qarışdırırlar. Balı əllərin ovuc hissəsinə yaxın və onları sıx şəkildə dəriyə "yapışdırın". Sonra isə kəskin hərəkətlə ovuclarınızı dərinin üzərindən qaldırın. Bu cür döyəcləyici hərəkətlər tədricən daha kəskin və güclü olmalıdır. Masajın ilk seansları zamanı bəzi narahatlıqlar ola bilər. Lakin sonradan dəri bu proseduraya uyğunlaşdığı üçün masaj yüngül keçir.
Masajdan sonra balın qalıqlarını yumşaq hamam lifindən istifadə etməklə ilıq su ilə yuyub dəriyə nəmləndirici krem sürtürlər.
Bürünmələr - sellülitlə mübarizədə çox yaxşı vasitədir. Bürünmələri ev şəraitində də etmək mümkündür. Göy və ya ağ gili xamaya bənzər qatılıq alınana qədər su ilə qarışdırın, üzərinə bir necə damcı portağal və ya limon yağı, 1 çay qaşığı üyüdülmüş qəhvə, 1 çay qaşığı bal əlavə edib qarışdırdıqdan sonra dərinin problemli sahələrinə sürtün. Sonra bədənin bu maska çəkilən hissəsini sellofan plyonka ilə bürüyün və 1 saat ərzində üstünüzü yorğan və ya isti ədyal ilə örtüb uzanın. Şokolad ilə bürünmələr də çox yaxşı effekt verir. Acı şokoladı su hamamın üzərində əridin, ilıq şəkildə bədəninizə çəkin və plyonka ilə bürüyün. Sonra üstünüzü yorğanla örtüb 1 saat uzanın. Bürünmələrin digər reseptləri:
- 10 damcı limon yağı, 20 damcı kamfora yağı, çalınmış 2 yumurta sarısı, bir qədər su;
- dəniz yosunlarını (apteklərdə satılır) suda isladın və dərinizə çəkin;
- təbii alma sirkəsini eyni miqdarda su ilə qarışdırıb bədəninizə çəkin.
Bürünmələrdən sonra duş qəbul edin və antisellülit krem çəkin. Belə bürünmələri həftədə 2 dəfə etmək olar. Əgər sizdə ürək-damar sistemi xəstəlikləri və ya dərinizdə yaralar varsa, bürünmələrdən istifadə etməyin!
Ev şəraitində banka köməyi ilə masaj etmə də sellülitlə mübarizədə yaxşı effekt verir. Dəriyə antisellülit krem çəkib adi tibbi bankanı bərk "yapışdırın". Sonra bankanı bədənın bud və sağrı hissələrində "gəzdirin". Bütün hərəkətləri aşağıdan yuxarıya doğru etmək lazımdır. Bu masaj kifayət qədər ağrılı olur və hətta dərinizdə göyərmələr əmələ gələ bilər. Belə masaj həftədə 2 dəfə etmək lazımdır. Damar xəstəliklərindən əziyyət çəkən qadınlara bu masaj qadağan edilir.
Sonda bir daha qeyd etmək istəyirik ki, əgər siz pəhriz saxlamasanız və heç olmasa adi bədən tərbiyəsi hərəkətlərini etməsəniz nə evdə, nə də salonda aparılan antisellülit tədbirləri arzu olunan nəticəni verməyəcəkdir.