Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 21:15
Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzində ölkəmizdə ikinci Azərbaycan xalq mahnıları festivalının açılış mərasimi olub.
Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının layihəsi olan festival Mədəniyyət Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Mədəniyyət Nazirliyinin Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, AMEA-nın Folklor İnstitutu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə keçirilir.
Açılış mərasimində çıxış edən festivalın bədii rəhbəri, Əməkdar artist Ramil Qasımov diqqətə çatdırıb ki, "Azərbaycan xalq mahnıları" festivalı artıq ikinci ildir keçirilir. Ümumilikdə ölkəmizdə hər zaman iri miqyaslı tədbirlər, festivallar, müsabiqələr təşkil olunur. Bütün bu nailiyyətlərin, uğurların arxasında dövlətimizin qayğısı durur. Onu da qeyd etməliyik ki, bu gün ölkəmizin milli incilərinin, milli folklor musiqimizin təbliğatı istiqamətində ölkəmizin birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın birbaşa diqqəti ilə bu milli sərvətlərimiz dünyanın bir çox ölkələrində təbliğ olunur. Təşkil etdiyimiz bu festivalda, xalq mahnılarımızın nə qədər zəngin kökə malik olduğunun bir daha şahidi oluruq.
Daha sonra festivalın ilk konsert proqramı təqdim olunub.
Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" Xalq Çalğı Alətləri (bədii rəhbər Xalq artisti Adil Bağırov) ansamblının müşayiəti ilə zamanın axınından süzülüb gələn, dildən –dilə , könüldən –könülə hoparaq bu günümüzdə də sevilən xalq mahnılarımızı Xalq artistləri Teymur Mustafayev, Zabit Nəbizadə, Əməkdar artistlər Təhmiraz Şirinov, Gülüstan Əliyeva, Bəsti Sevdiyeva, Sevinc Sarıyeva və digər sevilən ifaçılar təqdim etdilər. Mövzu və məzmun müxtəlifliyi, musiqi və poetikliyi ilə bir-birindən rəngarəng repertuar tamaşaçıların alqış sədaları ilə mükafatlandırıldı.
Qeyd edək ki, Azərbaycan xalq mahnılarından ibarət festivalın keçirilməsində məqsəd radiomuzun Qızıl Fondunda olan, eyni zamanda, regionlarda illərcə nəsildən-nəsilə ötürülən xalq mahnılarını tamaşaçılara təqdim edilməsidir. Oktyabrın 13-dək davam edəcək festivalda məşhur musiqiçilərlə yanaşı, gənc və peşəkar ifaçıların da çıxışları nəzərdə tutulur.
Festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində oktyabrın 10-da festivalın növbəti konsertini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri təqdim edəcəklər. Beynəlxalq Muğam Mərkəzində günorta saatlarında universitetin tələbə və müəllim heyəti "Apardı sellər Saranı", " Yar bizə qonaq gələcək", "Aşıqəm kimə yalvarım" , "Gör nə məlahətlisən" deyib, məlahətli ifaları ilə könülləri xoş edəcəklər. 12 oktyabr saat 12:00-da Beynəlxalq Muğam Mərkəzində AMK nəzdində Musiqi Kollecinin tələbələrinin ifasında xalq mahnıları, saat 19:00-da isə instrumental ifada xalq mahnıları konsertində tanınmış sənətkarlar, xalq artistləri olan instrumental ifaçılarımızın çıxışları olacaq. Festivalın bağlanış mərasimində 13 oktyabr saat 19:00-da isə BMM səhnəsində "Muğam Televiziya Müsabiqəsinin" laureatları olan gənc xanəndələrin ifası təqdim ediləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin