Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2023 19:10
"Bu həyatda hamı əziyyət çəkir, hamı nəyəsə nail olmaq istəyir. İnsanlar var ki, kiminsə bədbəxtliyi onun xoşbəxtliyi deməkdir. Gəlib sənin yerində oturmaq üçün ayağının altını qazırlar, min cür işlər görürlər. Bu cür yollarla gəlib, hədəflərinə nail olanlar var. Zəhmət insanı müəyyən yerlərə gətirib çıxara bilər. Müasir müğənnilərin əksəriyyəti asan şeyə qaçır. İki sözdən ibarət mahnı oxuyurlar. İstəyirlər ki, milizmalar çox olmasın. Bir də görürsən ki, bir müğənni oxuyur, arxadan 15 səs gəlir. Bədii şura olmalıdır. O vaxt var idi. Orada savadlı musiqiçilər-Tofiq Quliyev, Şövkət Ələkbərova kimi sənətkarlar əyləşirdilər. Onlar mahnıların sözlərinə, musiqisinə, harmoniyasına fikir verirdilər".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Brilliant Dadaşova deyib.
"Sənətimin hər bir dövründə heç vaxt gedib restoranda oxumağı qəbul etməmişəm. Ancaq yeni ildə, Novruz bayramında, bir sözlə xüsusi günlərdə bir gün çıxış etmişəm. Amma gündəlik gedib restoranlarda, şou proqramlarda ifa etməmişəm. Bunun da səbəbi var. Toyla şou-proqram arasında böyük fərq var. Toylarımızda hər zaman analarımız, ağbirçəklərimiz, ağsaqqallarımız, bir sözlə ən seçmə insanlar olur. Ona görə də toyda atmosfer, abu-hava tamam başqa olur. O vaxt toyda da hər müğənni ifa edə bilməzdi. Hamısı canlı ifalar olmalı idi. Elə insanların məclislərinə düşürdük ki, toylarda Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin mahnılarını istəyirdilər. İndiki kimi deyildi. İndi toylarımız da dəyişib. O vaxt oturub müğənnini, sənətkarı dinləyirdilər" deyə sənətkar bildirib.
Xalq artisti fonoqram ifa edənlərə də iradını bildirib.
"Fonoqram da müğənninin öz səsidir. Elə yer var ki, orada sırf fonoqramla ifa etmək məsləhətdir. Ya görürsən ki, musiqiçilər sənin nə istədiyini verə bilmir, ya məkandakı akustikaya görə məcbursan ki, fonoqram oxuyasan. Amma şərait olan yerdə başdan-ayağa fonoqram da oxumaq olmaz. Gəncədə, Naxçıvanda konsert vermişdik, orada bütün ifalarımı canlı edirdim. Texniki baxımdan bu çox bahalıdır. Canlı oxuyanlar bu gün çox azdır. Bu da onların sağlam həyat tərzlərinin olmadığından irəli gəlir. Bir çoxu siqaret çəkir, bu da onların səslərinə pis təsir edir. Onlar bunun fərqində olmurlar. Bunu deyəndə bir çoxları məndən inciyir. Amma səhnə insanı idmançı kimi sağlam olmalıdır. Onun nəfəsi yerində olmalıdır, sağlam ruha, bədənə malik olmalıdır" deyə sənətkar bildirib.