Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2023 16:33
Dünya musiqi mədəniyyətində azərbaycanlı musiqiçilərin, bəstəkarların, ifaçıların əvəzsiz xidmətləri vardır.
Opera sənəti tarixində də qadın ifaçılarımızın rolu danılmazdır.
Mezzo-soprano səs tembrinə malik Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı, "Tərəqqi" medalı laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının baş müəllimi Səbinə Çingiz qızı Əsədova vokal musiqimizi dünyada tanıdan istedadlı, sənətinin vurğunu olan qadın ifaçılarımızdandır.
- Səbinə xanım, səhv etmirəmsə ailədə Sizdən başqa da musiqiçilər var.
- Bəli, doğrudur. Babam xanəndə Eynulla Əsədov tanınmış muğam ifaçısı, atam Çingiz Əsədov isə bariton səsə malik vokal ifaçısıdır.
-Bu sənətə yiyələnərkən, kumiriniz var idimi?
- Təbii ki. Məsələn Yelena Obraztsova, Dalora Zajeki çox dinləyirəm. Onlar heyrətamiz mezzo-soprano səs tembrinə malik ifaçılardır.
-Sizə ən çox uğur, məşhurluq gətirən hansı opera tamaşası və harada olmuşdur?
- Xarici ölkələrdə maraqlı, yadda qalan çox konsertlərim olub. Lakin opera tamaşası olaraq İtaliyada Cupezze Verdinin "Riqoletto" operasından Maddalenanın obrazı və "Traviata" operasından Floranın obrazı mənə daha çox uğur gətirdiyini deyə bilərəm.
- Bəs opera səhnəsində canlandırdığınız obrazlardan hansını özünüzə ruhən daha yaxın hiss edirsiniz?
- Xarakter olaraq, mən dramatik obrazları çox sevirəm. Misal üçün, Cuzeppe Verdinin "Trubadur" operasından Azuçena, "Aida" operasından Amneris, Ciakomo Puççininin "Plaş" operasından Fruqola obrazlarını xarakter baxımından özümə daha yaxın hiss edirəm. Komik obrazlar da ifa etmişəm. Lakin yaş artdıqca insanda daha çox ciddi, dramatik obrazları canlandırmaq istəyi yaranır.
- Səbinə xanım, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasında vokal sənətini tədris edirsiniz. Sizcə hansı daha çətindir? Bu sənəti tələbələrə öyrətmək, yoxsa ifa etmək?
- Deyərdim ki, hər ikisi. Həm səhnədə ifa etməyin, həm də vokal sənətini tədris etməyin öz çətinlikləri var. Vokal ifaçı özünü nəzarətdə saxlamalı, çoxlu məşq etməli, daima səsi üzərində işləməlidir. Yaş az da olsa, çox da olsa mütəmadi olaraq çalışmalısan. Bütün bu gərgin məşqlərdən sonra səhnədə uğurla çıxış etmək təbii ki, insanın özünə böyük zövq verir. Öyrətməyə gəldikdə isə tədris etməyi sevirəm. Belə hesab edirəm ki, vokal müəllimi özü bir həkimdir. Biz vokal imkanları baxımından çətinliyi olan tələbəyə kömək etməliyik, onu bu çətinlikdən xilas etməliyik. Müxtəlif problemləri olan tələbələrlə işləmək, onları doğru istiqamətə yönəltmək yorucu proses olsa da, öyrətməkdən, tələbə ilə çətinliklər üzərində işləməkdən usanmıram. Çünki tələbənin səhnədə parlaq çıxışı ilk növbədə müəllimin uğurudur.
- Mən bir dəfə jurnalda məşhur musiqiçi haqqında oxuyarkən, onun "klassik musiqi artıq keçmişdə qalıb" ifadəsi diqqətimi çəkdi. Bəs Siz bu barədə nə deyə bilərsiniz?
- Xeyr, mən bu fikirlə qətiyyən razı deyiləm. Klassik musiqi heç vaxt keçmişdə qalmayıb, qala da bilməz, o, hər zaman aktualdır. İllər, əsrlər keçsə də müasir dövrün bəstəkarları, musiqiçiləri, ifaçıları hər zaman klassik musiqiyə istinad edirlər.
- Ümumiyyətlə hal-hazırda klassik musiqinin təbliği, gənclərin ona münasibəti Sizi qane edirmi?
- Hesab edirəm ki, indi gənclərə maraqlı olacaq yeni layihələr hazırlanmalı, zəngin proqrama malik konsertlər təşkil olunmalıdır. Təkcə əsər oxuyub, səhnədə ifa etməklə yaxşı təcrübə əldə etmək olmaz. Eyni zamanda vəhdət şəklində dirijorla, rejissorla işləyib, orkestrla ifa edərək böyük təcrübə əldə edə və imkanlarını genişləndirmək mümkündür. Həmçinin ustad dərslər təşkil etmək lazımdır, çünki ayrı-ayrı peşəkarlardan tələbələr yeni nələrsə öyrənə bilirlər.
- Siz təzəlikcə Astanadan qastrol səfərindən qayıtmısınız. Bu səfər haqqında təəssüratlarınızı bizimlə bölüşərdiniz.
- Bu qastrol səfər "İpək yolu" festivalı çərçivəsində baş tutdu. Təxminən 2 aya qədər davam edən bu festivalda "Turandot", "Yevgeni Onegin" operaları səhnəyə qoyulmuşdu. Mən isə qala konsertə dəvət olunmuşdum, çox maraqlı konsert keçirildi. Təəssüratlarım çox gözəldir. Deyə bilərəm ki, əzəmətli teatr, möhtəşəm orkestr, istedadlı dirijor və kollektiv, maraqlı rejissor işi, müasir səhnə quruluşu-hər şey mükəmməl idi. Bir sözlə, belə musiqiçilərlə bir səhnəni bölüşmək çox xoş idi.
- Səbinə xanım, təşəkkür edirəm!
Ofeliya İsgəndərova
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Mətbuat katibi, musiqişünas