Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın diqqəti qardaş ölkədə: Növbəti beş ildə kim idarə edəcək? – Müsahibə

Dünyanın diqqəti qardaş ölkədə: Növbəti beş ildə kim idarə edəcək? – Müsahibə

Tarix: 12 Yanvar 2023 21:10

Türkiyədə fəaliyyət göstərən "World Panorama" strateji araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Türkiyədə prezident seçkilərinə bir neçə ay qalmasına baxmayaraq, artıq siyasi qüvvələr arasında qızğın yarış gedir. Son sorğularda "Cümhur" İttifaqının namizədi, Prezident Rəcəb Tayyib Ərdoğan qalibdir. Siz kimin seçiləcəyini düşünürsünüz?

- Bir neçə ay sonra həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Artıq bir neçə aydır ki, seçkilərlə bağlı iş gedir. Prezident Ərdoğanın və müxalifət liderlərinin açıqlamalarında da məlum olur ki, artıq hazırlıq başlayıb. Bunu qeyri-rəsmi təbliğat kampaniyası da hesab etmək olar. Amma rəsmi qaydada elan olunmayıb.

Hələlik meydanda Ərdoğanın qarşısına çıxıb, ona qalib gələ biləcək namizəd görünmür. Müxalifət öz namizədini seçməkdə çətinlik çəkir. Müxalifət partiyaları vahid namizədlə bağlı razılığa gələ bilmirlər. Namizədlə bağlı müxalif partiyalar arasında fikir ayrılıqları da diqqətdən yayınmır. Hələlik Ərdoğan meydanda təkdir.

Ərdoğana gəldikdə, onun daxili və xarici reytinqi kifayət qədər yüksəkdir. Türkiyə liderinin uğurlu xarici siyasəti göz önündədir. Ərdoğan Türkiyəni ən yüksək səviyyəyə qaldırıb. Bu gün onun sayəsində qlobal aktor kimi Türkiyənin dünya siyasətində öz rolu var və bundan hər kəs məmnunmuş kimi görünür. Türkiyə təkcə geosiyasi aktor kimi yox, sülhməramlı ölkə kimi bir çox dövlətlərə yardım edir. Geosiyasi meydanda zülmkarın qarşısında olan Türkiyə məzlumun da arxasında, yanındadır.

Prezident Ərdoğan qlobal müstəvidə prosesin mürəkkəb olduğu bir dövrdə çox soyuqqanlı, konkret nəticələrə hesablanmış və ardıcıl siyasət aparır. Türkiyənin Qərblə yanaşı, Rusiya, Çin və türk dövlətləri ilə münasibətlərinin hansı yerdə olduğunu görürük. Türkiyə bu gün türk dünyasının lideri mövqeyində dayanıb.

Həmişə demişəm ki, Türkiyə türk dövlətlərinin başıdırsa, ürəyi də Azərbaycandır. Bütün bunların bir araya gəlməsində Ərdoğan və Türkiyənin böyük əməyi var. Türkiyə-Azərbaycan münasibətlərinin özünün ən yüksək səviyyəsinə qalxması da bu dövrdə baş verdi. Bu gün Türkiyə-Azərbaycan ittifaqı türk dövlətlərinin Turan ideyası ətrafında birləşməsində öncüllük edir. Eyni zamanda, Türkiyənin 44 günlük müharibədə Azərbaycana verdiyi dəstəyi də unutmamışıq.

Ərdoğana Türkiyəni qaldırdığı yerdən baxdıqda, onu seçkilərdə məğlub edə biləcək namizədin olacağını düşünmürəm. Görünür ki, olmayacaq da. Ərdoğanın böyük səs fərqi ilə qalib gələcəyini də deyə bilərəm. Türkiyənin bir sıra iqtisadi problemləri olsa da, Türkiyə cəmiyyəti bunun kənar təsirlər nəticəsində olduğunun fərqindədir. Türk cəmiyyəti anlayır ki, Türkiyənin özünü müstəqil dövlət və geosiyasi aktor kimi təsdiqləməsinin bir bədəli olacaq. Bu da ABŞ və Qərbdən Türkiyəyə edilən iqtisadi təzyiqlərlə əlaqəlidir. Amma yenə də bu məsələləri həll edə biləcək yeganə şəxs Ərdoğanın özüdür. Hələlik onun qarşısına çıxa biləcək bir güc görünmür.

- Bəs müxalifətin "Altılıq" koalisiyasının namizədi kim ola bilər? Məsələn, nəhayət, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu rəqib kimi Ərdoğanın qarşısına çıxacaqmı?

- "Altılıq masası"nda uzun müddətdir bununla bağlı müzakirələr gedir. Orada təmsil olunan siyasi partiyaların liderlərinin hər birinin öz fikri var, yəni sözləri bir araya gəlmir.

CHP liderinə gəldikdə, o, deyib ki, "Altılıq masası" namizədliyini irəli sürsə, bunu qəbul edəcək. İyi partiyanın sədri Maral Akşənər baş nazir postuna iddialı olduğunu bildirib. Deva partiyanın sədri Əli Babacan da namizədliyi irəli sürüləcəyi halda buna "yox" deməyəcəyini söyləyib. Görünən budur ki, müxalif blokda təmsil olunanların hər biri öz maraqlarını güdür. Nəticəsi də budur ki, aylardır sözlərini bir yerə qoya bilmirlər. Seçkilərə az vaxt qalır, bir müddət sonra təbliğata başlamalıdırlar, amma ortada bir namizəd yoxdur.

İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun bir açıqlaması da bu günlərdə Türkiyədə müzakirə mövzusudur. İmamoğlu dedi ki, "CHP mənim gücümdən istifadə edə bilərdi, amma bunu etmədi".

İmamoğlunun bu açıqlaması təsadüfi deyil, çünki CHP lideri onun namizədliyinə qarşıdır. "Masa"da yalnız Akəşənər onu dəstəklədiyini bildirib.

Müxalif birlik vahid namizəd irəli sürməlidir, amma orada təmsil olnan 6 partiyanın liderinin hərəsinin öz namizədi var. Çünki namizədlə bağlı fikir ayrılıqları həddindən artıq dərindir. Bu, müxalifətin elektoratında da ona qarşı narazılığı artırır. Bu baxımdan, müxalifətin vahid namizəd seçib-seçə bilməyəcəyi sual altındadır. Görünən budur ki, bu məsələnin həlli uzun vaxt aparacaq. Çünki "Masa"da olan 6 nəfərin hər biri düşünür ki, prezident olmağa layiqdir. Bu ambisiyaları da birliyə maneə yaradır, üstəgəl, onların heç biri bir-birinə güvənmir.

- Suriya-Türkiyə əlaqələrinin normallaşması da gündəmdədir. On bir ildən sonra Moskvada iki ölkə arasında müdafiə nazirləri səviyyəsində ilk görüş baş tutdu. Bundan sonrakı proses haqda proqnozunuz necədir: barışıq olacaqmı? Və bu mümkün barışıq Türkiyənin Suriyada terrora qarşı mübarizəsinə necə təsir göstərə bilər?

- Suriyada müharibə başlayanadək Ankara-Dəməşq münasibətləri normal idi, amma savaşdan sonra bu durum dəyişdi. Zamanla Bəşər Əsədin hakimiyyətdən getməsi Türkiyə üçün prioritet məsələlərdən birinə çevrildi. Amma bu, Əsədi dəstəkləyən Rusiyanın maraqğında deyildi. Rusiya ilə münasibətlərin normallaşmasına uyğun olaraq, Türkiyənin Əsədlə bağlı mövqeyində də dəyişiklik yaranmağa başladı. Düzdür, Türkiyə Əsəd rejiminə qarşı mübarizə aparan silahlı müxalifləri dəstəkləyir, amma əvvəlki sərt mövqe bir qədər yumşalıb.

Suriya-Türkiyə münasibətlərinin normallaşmasının Rusiyadan qaynaqlandığını düşünürəm. Suriya Rusiyanın Yaxın Şərqdəki yeganə forpostu, Türkiyə qlobal meydanda əsas tərəfdaşlarından biridir. Üstəgəl, Türkiyə Yaxın Şərqdə söz sahibi dövlətlərdən biridir. Buna görə də bu iki ölkənin münasibətlərinin normal olması Rusiyanın maraqlarına uyğun olmalıdır.

Türkiyə uzun müddətdir Suriyada terrorizmə qarşı əməliyyatlar keçirir. İndi razılaşma budur ki, bu əməliyyatlar davam edəcək, amma Suriya rejiminə problem yaratmayacaq. Yəni Suriya hökuməti Türkiyəyə entiterror əməliyyatları üçün şərait yaradacaq. Rusiyanın da buna etiraz edəcəyini düşünmürəm. Deyə bilərik ki, Suriya-Türkiyə sərhədlərinin terrordan təmizlənməsinə dair üçtərəfli anlaşma əldə olunub. Əsəd Türkiyənin öz sərhədlərini terrordan təmizləməsinə mane olmayacaqsa, onun üçün də heç bir problem olmayacaq.

- Bu ərəfədə ABŞ-ın Suriyadakı qüvvələrinin sayını və YPG/PKK terror təşkilatına dəstəyini artırması da diqqətdən yayınmır. Sizcə, bu dəstək Türkiyə əleyhinədirmi? Çünki ABŞ iddia edir ki, bu dəstək İŞİD-ə qarşı verilir. Əgər Ankaranın dediyi kimi, Türkiyənin əleyhinədirsə, Amerika nə planlaşdırır?

- ABŞ Türkiyənin terrorun məngənəsindən çıxmasına imkan vermək istəmir. Çünki ABŞ-a görə, sərhədləri yaxınlığında və daxilində nə qədər terror varsa, Türkiyənin başı özünə bir o qədər qarışmış olacaq. Eyni zamanda, terror Türkiyənin inkişafının önünə bir əngəl kimi çıxarılır.

Türkiyənin Çin və Rusiya ilə əlaqələrini inkişaf etdirməsi, Cənubi Qafqaz və Mərkəzi Asiyaya çıxışı da ABŞ-ı narahat edir. Eyni zamanda, NATO-nun bu gün Yaxın Şərqdəki ən böyük ordusu və gücü Türkiyədir. Bu gün Türkiyə NATO-nun bölgədəki təmsilçisidir. Amma öz müttəfiqinin - Türkiyənin həm bu bölgədə və həm də dünyanın digər strateji nöqtələrində güclənməsi Amerikanı təşvişə salır.

ABŞ-ın Türkiyə və digər müttəfiqlərinə qarşı yanlış addımları onları özündən uzaqlaşdırır. Məhz bu siyasətin nəticəsidir ki, Türkiyə ABŞ-ın ən böyük rəqiblərinə - Çin və Rusiyaya yaxınlaşmağa başlayıb. Hətta ABŞ Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyada da Rusiyanı əvəzləməsini istəmir. Türkiyənin bu coğrafiyalardakı nüfuzunun genişlənməsindən əndişələnən ABŞ onu öz daxilinə çəkmək üçün terror təşkilatlarına dəstəyini artırır. PKK/YPG-ni Türkiyənin qarşısına çıxmağa vadar edən də bu siyasətdir.

ABŞ bu gün öz geosiyasi maraqlarının müdafiəçisi kimi qarşısında "sözəbaxan Türkiyə" görmək istəyir. Amma ox yaydan çoxdan çıxıb, Türkiyə hər şeyin fərqindədir və öz maraqlarından heç kimə güzəştə getməyəcək: nə Cənubi Qafqazdan, nə Yaxın Şərqdən, nə də Mərkəzi Asiyadan geri çəkiləcək.


Etiketlər:  Dünyanın diqqəti qardaş ölkədə Növbəti beş ildə idarə edəcək Müsahibə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ