Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2023 15:30
"İrəvan və Tehranın qardaşlaşması Azərbaycan üçün hər hansı təhlükə törədə bilməz. Onların qardaşlaşması iki fars və erməni qardaşlarına xoş aura gətirməyəcək".
Bu sözləri azxəbər-ə açıqlamasında politoloq Elşad Həsənov İrəvan və Tehranın qardaşlaşması məsələsinə münasibət bildirərkən deyib.
O, qeyd edib ki, İran fars-molla rejimi 30 il ermənilərin bizim əraziləri işğalda saxladığı zaman daim onlara dəstək oldu:
"İrəvanla Tehranın qardaşlaşması haqqında söhbət artıq Ermənistan mətbuatında neçə vaxtdır ki, gedirdi. Dünən isə İrəvan meri Qraçya Sarkisyan Tehran meri Əlirza Zəkaninin dəvəti ilə öz nümayəndə heyəti ilə birlikdə Tehrana səfər edib. İki günlük səfər zamanı İrəvan və Tehran arasında qardaşlaşmış şəhər sazişi imzalanacaq. Artıq bu haqda məlumat da yayılıb. Eyni zamanda Sarkisyan Tehran Şəhər Şurasının sədri Mustafa Çamrani ilə də görüşlər keçirəcək.
Bildiyiniz kimi, İran fars-molla rejimi 30 il ermənilərin bizim əraziləri işğalda saxladığı zaman daim onlara dəstək oldu. Elə Birinci Qarabağ Müharibəsində biz onları məğlub etməyə hazır idik, ancaq İran molla rejimi onlara həm hərbi, həm siyasi, həm də ərzaq dəstəyi göstərdi. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan öz kitabında da qeyd edir ki, iran olmasaydı, Ermənistan həm siyasi, həm hərbi cəhətdən məğlub olardı. İran həddən artıq kömək göstərdi, dayaq oldu. İranın həmin bu siyasəti 30 il müddətinə davam etdi".
Elşad Həsənov deyib ki, bizim "din qardaşı"mız olan İran düşmənlərimizə dəstək göstərir:
"Eyni zamanda 2020-ci ildəki 44 günlük müharibədə də fars-molla rejimi ermənilərin yanında oldu, onlara arxa dayaq oldu İran Azərbaycanın bu müharibədə qələbə qazanmasını istəmirdi, bunu qəbul etmirdi. Ona görə də, daim onların yanında olurdu. Erməni faşistləri işğal dövründə bizim 67 məsciddən 65-ni darmadağın edib, onların içərisində mal-qara, donuz saxlayıb. Buna da İran göz yumub, onlara dəstək olub. İran guya bizim "din qardaşı"mızdır. Ancaq bizim düşmənlərimizlə bir olub".
"İranın bu fars-molla rejimi öz xislətini erməni xisləti ilə birləşdirib və Azərbaycana qarşı həmişə birləşiblər. Ona görə də onlar qardaşlaşması nəyisə dəyişmir, dinləri, dilləri ayrı olsa da, onların məsləki, xisləti eynidir. Hər ikisi Azərbaycana düşmən zümrədir. İrəvan və Tehranın birləşməsi Azərbaycan üçün hər hansı təhlükə törədəcək səviyyədə deyil. Onların qardaşlaşması iki fars və erməni qardaşlarına xoş aura gətirməyəcək", - deyə politoloq əlavə edib.