Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2023 19:21
Rusiya sülhməramlı kontingenti Qarabağda yaşayan azyaşlı ermənilərin Ermənistandan Xankəndiyə aparılmasının görüntülərini yayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Rusiya sülhməramlı kontingentinin məlumatına görə, bir aydan çox Ermənistanda qalan 21 azyaşlı və onları müşayiət edən 6 nəfər yanvarın 17-də Xankəndiyə qaytarılıb.
Rusiya sülhməramlılarının yaydığı görüntülərdən də aydın olur ki, uşaqları daşıyan avtomobillər heç bir maneə olmadan Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən keçir. Ermənilərin iddia etdiyi kimi, onlara qarşı hər hansı "cinayət əməli" törədilmir, yaxud hansısa uşaq "huşunu itirmir".
Qeyd edək ki, Ermənistan tərəfi müxtəlif səviyyələrdə ağlasığmaz yalan və böhtanlar uyduraraq, Azərbaycanın ünvanına ittihamlar səsləndirir. Rusiya sülhməramlı kontingentinin yaydığı məlumat və video isə heç bir fakta söykənməyən bu ittihamları açıq şəkildə ifşa edir.
Xatırladaq ki, aksiya başlamazdan əvvəl uşaq "Eurovision"u ilə əlaqədar bir qrup azyaşlı Xankəndidən Ermənistanda gedib, orada qalmışdı. Onlar yanvarın 17-də Rusiya sülhməramlılarının avtomobilləri ilə Ermənistandan Xankəndiyə qaytarılıb. Avtomobillərin Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən maneəsiz keçidinə şərait yaradılıb. Bu, bir daha sübut edir ki, yolun bağlı olması, blokada barədə erməni tərəfinin iddiaları əsassızdır. Humanitar yüklərin və mülki şəxslərin Laçın-Xankəndi yolunun aksiya keçirilən hissəsindən keçidi üçün heç bir maneə yoxdur.