Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

20 Yanvar axşamı Ali Sovetdə ilk fövqəladə iclasa qatılmış yeganə hökumət üzvü danışdı...

20 Yanvar axşamı Ali Sovetdə ilk fövqəladə iclasa qatılmış yeganə hökumət üzvü danışdı...

Tarix: 20 Yanvar 2023 11:32

1990-ci il yanvarın 20-də sovet-rus ordusunun Bakıda törətdiyi qətliamla bağlı elə həmin axşam bir qrup deputatın təşəbbüsü ilə fövqəladə sessiya keçirilməsi məqsədi ilə toplanmış Azərbaycan SSR Ali Sovetinin yanvarın 21-i səhər saatlarınadək davam etmiş fövqəladə iclasında respublikanın hökumət üzvlərindən yalnız bir nəfər - o vaxtkı ədliyyə naziri Əlisaab Orucov iştirak etmişdi.  Bu barədə məlumatı sabiq nazirin "Mübarizəmiz Qarabağdadır" kitabında Qara yanvarla bağlı məqamları araşdırarkən əldə etdik. 

Milli.Az xəbər verir ki, Əlisaab Orucovla moderator.az üçün telefon söhbətində Azərbaycan xalqının və gələcək müstəqil dövlətçiliyinin gələcək taleyində önəmli izlər buraxmış həmin qara, həm də şərəfli günlər  və onlardan çıxaracağımız dərslər barədə danışdı. 
 
-Əlisaab müəllim, 20 Yanvar faciəsi 1990-cı il faciəsi və  xalqımızın başına gətirilmiş həmin qanlı olaylarla bağlı yanvarın 20-i axşam Ali Sovetdə keçirilmiş, amma yetərsay olmadığından sessiya kimi baş tutmamış ilk fövqəladə iclasda və nəhayət, yanvarın 22-də çağırılmış fövqəladə sessiyada iştirakınız barədə nələri demək istəyərdiniz?  
 
-1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakı şəhərinə sovet qoşunları yeridildi və əhaliyə divan tutuldu. Bildiyiniz kimi, ondan öncə Almaatıya, Vülnüsə və Tiflisə də  Moskva tərəfindən ordu yeridilib, o şəhərlərdə də qətliamlar törədilmişdi. Azərbaycan xalqına qarşı bu qətliamda Bakıya yeridilmiş qoşun birləşmələrinin tərkibində olan erməni hərbçilər də ruslarla bərabər iştirak etmişlər. Moskvanın belə bir siyasət yeritməkdə məqsədi ilk növbədə SSRİ-nin dağıdılmasına və sonra da müttəfiq respublikaları özündən asılı vəziyyətdə saxlamaq üçün orada azsaylı xalqları  çoxluq təşkil edən xalqlara qarşı mübarizəyə qaldırıb müharibələr törətməyə hesablanmışdı. Müharibələr nəticəsində iqtisadi baxımdan sarsılan ölkə - SSRİ, nəhayət, parçalandı... Bu gün də Ukraynada Rusiyanın apardığı təcavüzkar savaş ilk növbədə onun özünün neçə-neçə dövlətlərə parçalanmasına gətirib çıxara bilər. O günə olduqca az qalıb... Yalnız bundan sonra Moskva təsiri altında olan suveren dövlətlər tam şəkildə müstəqil inkişaf edə biləcəklər... 
 
Qayıdaq  Qara Yanvar günlərinə... Beləliklə,  SSRİ xüsusi xidmət orqanlarının əli ilə Azərbaycan paytaxtında faciə törədildikdən sonra elə həmin gün televiziya vasitəsilə Ali Sovetin fövqəladə sessiyası keçirilməsi haqda elan verildi. Mən də dərhal o sessiyada iştirak etmək məqsədilə parlament binasına yollandım. Lakin o gecə əksər deputatların gəlməməsi, yəni yetərsay olmaması səbəbindən sessiya baş tutmadı... 20 yanvar axşamından 21 yanvar səhər saat 4-5 radələrinə qədər Ali Sovet binasına toplanmış bir qrup deputat tərəfindən  digər parlament üzvlərinin evlərinə zənglər edilərək onlar növbəti gün -yanvarın 22-də təşkil ediləcək sessiyada iştirak etməyə dəvət olunurdular. Bəli, həmin gün şahidi oldum ki, qeyd etdiyiniz kimi, məndən başqa heç bir hökumət üzvü, yəni deputat olan nazirlər, digər qurum rəhbərləri xalqın bu ağır günündə keçirilən fövqəladə tədbirə qatılmayıblar... Xatırladım ki, o dövrdə hökumətdəki bütün nazirlər və vəzifəsi nazirə bərabər tutulan digər qurum rəhbərlərinin hamısı Ali Sovetin deputatı olurdu.. 
-Bəs, görəsən, digər hökumət üzvləri hansı səbəblərdən 1990-cı il yanvarın 20-i axşam parlamentdəki iclasa gəlməmişdi?
 
-Deyə bilmərəm ki, gəlməyənlərin hamısı qəsdən gəlməmişdi. Bəlkə bəziləri elanı eşitməmişdi, yaxud  SSRİ rəhbərliyi tərəfindən Bakıda  və demək olar ki, bütün respublikada fövqəladə vəziyyət elan edilməsi ucbatından hərəkət etməyin çətinlikləri səbəbindən gələ bilməmişdilər...
Sonradan hətta o zaman mənimlə yaxşı münasibətdə olmayan Xalq Cəbhəsi fəalları belə, dəfələrlə müxtəlif məqamlarda həmin sessiyada yalnız mənim iştirak etdiyimi vurğulayırdılar...
 
Onu da deyim ki, 1990-cı il yanvarın 19-u axşam faciədən bir neçə saat öncə Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçkonun təhriki ilə respublika fəallarından bir neçəsi televiziya ilə çıxış edərək guya paytaxt Bakıya qoşun yeridilməyəcəyini söyləyib sakinlərin arxayın qalmasına səbəb olmuşlar. Nəticədə şəhərin müxtəlif hissələrində etiraz mitinqlərinə toplanmış insanlar evlərinə qayıtmadan gecəni küçələrdə keçirmişlər ki, bu da faciə qurbanlarının sayının artmasında əsas rol oynayan amillərdən biri olmuşdur...
 
- 20 yanvar faciəsi ilə bağlı parlamentdə olduğunuz gecələr şəhərdəki sovet ordusu komandirləri sessiyanın keçirilməsinə əngəl törədirdimi?
 
-Əlbəttə. Artıq Bakıda fövqəladə vəziyyət, komendant saatı elan edildiyindən sovet zabitləri bizim Ali Sovetin binasında qalmağımıza etiraz edirdilər. Hətta içəri daxil olub dağılışmağımızı tələb edir, bizi bayıra çıxarmağa cəhd göstərirdilər. Biz də onlara bəyan edirdik ki, xalqımızın başına belə bir faciə gəldiyindən biz deputat kimi yığışıb bu hadisəni müzakirə etməliyik, maneçilik törətməyin və parlament binasını tərk edin. Yadımdadır ki, bir qrup deputat vestibüldə dayanıb söhbət edərkən rus zabitlərdən biri bizə yaxınlaşıb binadan çıxmağımızı tələb edəndə mən özümü deputat və nazir kimi ona təqdim edib vəziyyəti açıqlayaraq sessiya keçirilməsinin vacibliyini izah etdim. Cavabında o, məndən soruşdu ki, siz burada heç bir qanuna zidd hadisə baş verməyəcəyinə zamin durursunuzmu. Mən də "bəli, mən bir nazir kimi buna zamin dururam" cavabını verdikdən sonra o, çıxıb getdi...
 
-Əlisaab müəllim, adını çəkdiyiniz Viktor Polyaniçko ilə bağlı bir sual yaranır: maraqlı idi ki, artıq 1989-cu ilin noyabrından keçmiş Dağlıq Qarabağda fəaliyyət göstərən  Respublika Təşkilat Komitəsinin sədri təyin olunmuş Polyaniçko niyə ötən 3 ay ərzində hələ də Xankəndində yox, Bakıda idi? Yoxsa 20 Yanvar faciəsi ərəfəsində  onun üzərinə Kreml tərəfindən xüsusi missiya qoyulmuşdu?
 
-Bəli, hadisələrin ardıcıl məntiqi təhlilindən belə çıxır ki, doğrudan da Kreml tərəfindən Əfqanıstanda və digər ölkələrdə böyük kəşfiyyat və siyasi-ideoloji təxribatlar məktəbi keçmiş Polyaniçko üzərinə xüsusi missiya qoyulmuşdu. Həmin vaxt o, Azərbaycanda sadə bir fiqur deyildi. Əvvəla, o, II katib kimi respublikada Moskvanın əsas adamı idi və respublika rəhbərliyində, xüsusən Mərkəzi Komitədə  1-ci katiblə bərabər böyük nüfuza malik aparıcı şəxs idi. İkincisi isə o, respublikada ciddi siyasi-ideoloji işlər apardığından o dövrün müxalifət dairələrinin bəzi aparıcı şəxsləri də onun tərəfindən, demək olar ki, idarə olunurdu. Ona görə də öncə qeyd etdiyim kimi, onun təhriki ilə 20 Yanvar faciəsindən öncəki axşam televiziya ilə xalqı "Bakıya qoşun yeridilməyəcək" deyib arxayın salanlar arasında Mərkəzi Komitənin məsul işçiləri ilə yanaşı, müxalif liderlər də var idi... Polyaniçkonun missiyası Moskvanın Qara Yanvarı təşkil edərək Azərbaycan xalqında xof yaradılması işinə bilavasitə Bakıdakı provokasiyalar vasitəsi ilə dəstək vermək idi... O, həmin missiyanı uğurla başa çatdırdıqdan və  artıq respublikada ümumi bir xof yarandığına arxayın olduqdan sonra, 1990-cı il yanvarın 30-da bu dəfə Kremlin  İrəvanla birgə Qarabağdakı planlarını həyata keçirmək üçün  Xankəndinə yollandı...
 
Sonda onu da deməyi özümə borc bilirəm ki, 20 Yanvar qətliamı ərəfəsində Bakıda, ondan əvvəl və sonra isə Qarabağda Polyaniçko kimi Moskva canişin və emissarlarının davranışları, atdığı addımlar bizim üçün dərs olmalıdır.  Dərs olmalıdır ki, bu gün də Qarabağdakı "sülməramlı" adlanan Rusiya hərbi komtingentinin komandanı olan Volkovların oyunlarına aldanmayaq...
 
Qeyd: 
 
Sabiq ədliyyə naziri Əlisaab Orucovun 1988-cı ilin sentyabrında Gəncədə guya sovet əsgərlərinin qətlində günahlandırılaraq  həmin ilin dekabrında həbs olunub haqsız yerə Rusiyanın Rostov vilayət məhkəməsi tərəfindən ölüm hökmünə məhkum olunmuş bir soydaşımızın bu nahaq hökmdən bəraət alması nail olması haqda materialımızla yaxın müddətdə tanış ola bilərsiniz.

Milli.Az


Etiketlər:  20 Yanvar axşamı Ali Sovetdə ilk fövqəladə iclasa qatılmış yeganə hökumət üzvü danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ