Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2019 10:56
Bakı. İlhamə İsabalayeva - Trend:
Təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə hər il 400-dək insan öz həyatına son qoyur. Azərbaycanda intihar edənlər arasında uşaqlar, gənclər və ahıllar da var.
Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin direktoru Gəray Gəraybəyli Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş elmi-praktik konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda belə halların sayı çox deyil.
G.Gəraybəyli əlavə edib ki, dünyada hər 40 saniyədə bir nəfər öz həyatına son qoyur: "Ümumdünya Səhiyyə Təşkilatının bu göstəricisi intihar hallarının dünya miqyasında nə dərəcədə ciddi məsələ olduğunu göstərir. İntihar hallarının səbəbləri müxtəlifdir. Əsas diqqət intihar hallarının profilaktikasına, o cümlədən, intihar hallarına səbəb olan amillərin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına yönəldilməlidir. Bu məqsədlə bütün müvafiq dövlət qurumları və qeyri-hökümət təşkilatları, kütləvi informasiya vasitələri, vətəndaşlar, biznes qurumları öz fəaliyyətləri çərçivəsində əməkdaşlarının və əhalinin psixi sağlamlığının yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə diqqət yetirməyə çalışmalıdır. Ailədə və ailədənkənar yerlərdə uşaqlara qarşı şiddət aradan qaldırlmalıdır. İş yerlərində əməkdaşların psixi sağlamlığının yaxşılaşdırılması, gərginliyin, stressin azaldılması, psixi sağlamlıqda problemi olan əməkdaşların erkən aşkarlanması və onlara yardım edilməsi zəruridir. Eyni zamanda psixi pozuntuları, o cümlədən, psixoloji problemləri olan vətəndaşların vaxtında müayinə və müalicəyə cəlb olunması, onların müvafiq dərman preparatları ilə təmin edilməsi, əlbəttə, diqqət mərkəzində olmalıdır. Azərbaycanda da bu məsələlərə mühüm diqqət yetirilir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin