Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqı niyə Azərbaycana missiya göndərmədi?

Avropa İttifaqı niyə Azərbaycana missiya göndərmədi?

Tarix: 11 Fevral 2023 07:30

Bu gün qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin nəticələri ürəyimizi sızladır. Günbəgün dağıntılar altından həyatını itirmiş, sağ qalmış insanların çıxarılması mənzərələrinə baxdıqca iztirab keçirməmək olmur. Orada qardaşlarımız, bacılarımız, övladlarımız dağıntılar altındadır. Soyuqda, qışda o mənzərələri görmək elə bir ağrı yaradır ki, bunu yaşamaq çox çətindir.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Avropa Parlamentinin məkrli qətnaməsini şərh edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, Azərbaycan dövlətinin, xalqının bu gün öz qardaşları üçün əlindən gələni etdiyini görmək qürurvericidir: "Azərbaycanlı olaraq bunu görmək də bizim nə qədər böyük bir xalq olduğumuzu nümayiş etdirir. Sözsüz ki, bu acılar geridə qalacaq, qardaş ölkədə binalar, məscidlər tikiləcək, azanlar eşidiləcək. Amma biz o dağıntılar altında qalmış balaların səsini, daşlar altında qalan qardaşlarımızın sızıltısını heç vaxt yaddan çıxara bilməyəcəyik. Uca Allahdan həyatını itirinlərə rəhmət, yaralılara şəfa diləyirəm".

Deputat deyib ki, bu ağrılı gündə hansısa siyasi məsələni müzakirə etmək, təhlil aparmaq çox çətindir: "Ürəyimiz qanla dolu olsa da, müəyyən şeylərə də etirazımız, üsyanımız var. "Charlie Hebdo" kimi nəşrlərdə olanları görəndə üsyan etməmək olmur. Bu gün bütün dünya Türkiyənin yanındadır. Onun ağrısına, acısına şərik olmaq istəyir. Ancaq elə qüvvələr də tapılır ki, faciədən istifadə edib xalqları qarşı-qarşıya qoymağa çalışır. Yenə də hansısa üsyanlar qaldırıb, xaos yaratmaq niyyətlərini ortaya qoyurlar. Bu mənfur niyyətləri üçün isə heç nədən çəkinmirlər".

Millət vəkili vurğulayıb ki, bu qüvvələr cəmiyyətin içərəsində "Charlie Hebdo" kimi düşünür: "Təəssüf ki, onların bir qismi bir çox ölkələrdə vacib postlarda qərarlar qəbul edir. Bəzən düşünürsən ki, bu qüvvələr əsla sülh istəmir? Onlar ancaq müharibə, xaos, ölüm-itim arzulayır. Bizim regionda da anarxiya niyyətindədirlər. Çünki bu qüvvələr regionda Azərbaycan və Türkiyənin yüksəlməsini, yeni yanaşmaların formalaşmasını istəmirlər. Elə ona görə də, bu istiqamətdə addımlar atırlar və bundan sonra da atacaqlar. Məqsadləri odur ki, burada vəziyyət çətin, acınacaqlı olsun. Avropa İttifaqının missiyasını Azərbaycana deyil, birtərəfli şəkildə Ermənistana göndərilməsi məhz bu silsilədən olan hadisədir. Çünki hər bir problem iki tərəfin birlikdə iştirakı ilə həll oluna bilər. Birtərəfli hansısa bir addımı atmaq bu regionda yalnız gərginliyi artıracaq. Bu səbəbdən də Azərbaycan açıq şəkildə prosesin belə bir məcrada aparılmasına etiraz edir. Azərbaycanın bu etirazına isə məhəl qoyulmadı. Əksinə onlar Aİ-nin məlum missiyasının içərisinə Fransa jandarmasını da əlavə etdilər".

Səməd Seyidov bildirib ki, fakt odur Ermənistan bu bölgədə vaxtilə oynadığı dağıdıcı rolunu indi də ifa edir: "Bu ölkə yenə də regiona elə qüvvələri, qurumları, adamları çağırır ki, onlar buradakı vəziyyəti gərginləşdirsinlər, mürəkkəbləşdirsinlər. Ona görə də, Azərbaycan tərəfi yalnız o qurumlar, təşkilatlarla əməkdaşlıq edə bilər ki, onlar hansısa bir müsbət iş görəcək. Bu baxımdan burada Azərbaycanın razılığı olmadan atılan addım gərginliyin artırılmasına xidmət edir".


Etiketlər:  Avropa İttifaqı niyə Azərbaycana missiya göndərmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ