Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2023 09:08
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zəzərçəkənlərə ölkəmizin hər yerində ümumxalq yardımı davam edir. Digər bölgələr kimi Tovuz, Gədəbəy və Qazax rayonları da bu yardım aksiyasına qoşulub.
Qardaş Türkiyə respublikasına yola salmaq üçün Tovuz rayon icra hakimiyyətinin xətti ilə humanitar yardım Qazax rayonuna gətirilib.
Yardım üçün göndərilən humanitar yardım arasında zəlzələ zamanı xəsarət alanların müayinə və müalicəsində istifadə edilə biləcək tibbi avadanlıq və ləvazimatlar da var. Tovuz Rayon İcra hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov: "Təşkil etdiyimiz tibbi avadanlıqlar arasında süni nəfər cihazları, kardio-monitor, göz müayinəsi üçün aparatlar və digər tibbi qurğular da var. Allahdan bir daha Türkiyə xalqına səbr diləyirik. Biz hər zaman qardaşlarımızın yanındayıq".
Qazax rayon icra hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev isə bildirib ki, Türkiyədə baş verən zəlzələyə ölkəmizdə dərhal reaksiya verilmiş, dəstək və yardımlar başladılmışdır. Azərbaycan ilk andan qardaş Türkiyə xalqının yanında olduğunu hər zaman olduğu kimi bu dəfə də bəyan etdi. Vətəndaşlarımız doğma türk xalqına tək olmadığını, necə ki hər zaman dar gündə, şad gündə bir birimizin yanında olduğu kimi bu ağır gündə də onlarla birgə olduğumuzu nümayiş etdirməkdədir.
"Qazax rayon icra hakimiyyətinin xətti ilə bizim soydaşlarımıza 300 ədəd yorğan, 100 ədəd döşək, 300 ədəd yastıq, 211 ədəd elektrik qızdırıcıları, 6000 ədəd qida məhsulları, 38 çeşiddə vacib olan dərman pereparatları Qazax rayon icra hakimiyyəti könüllüləri tərəfindən qablaşdırılaraq yük maşınlarına yüklənərək, can qardaşlarımıza göndərilir"- deyə, Qazax RİH başçısının birinci müavini Məmməd Alıyev bildirib.
Türkiyədə baş verən zəlzələ nəticəsində tələfatın və xəsarət alanların olması ölkəmizin hər yerində hər yaşayış məntəqəsində olduğu kimi Gədəbəy sakinlərini də dərindən sarsıtmışdır. Gədəbəy rayon icra hakimiyyəti də Türkiyədə zəlzələdən zərər çəkən insanlara humanitar yardım tədarükü aksiyasına qoşulub. RİH nin xətti ilə isti geyimlər, ərzaq məhsulları,dərman pereparatları tədarük edilib. Gədəbəy rayon icra hakimiyyəti başçısının müavini Vüsal Musayev: "Türkiyədə baş verən zəlzələ nəticəsində qardaşlarımızın bacılarımızın dərdinə şərik olmağa, onlara dəstək olmağa çalışırıq. Bu dəstək və kömək təbii ki davamlı olacaq."
Qeyd edək ki, Gədəbəy, Tovuz və Qazax Rayon İcra hakimiyyətlərinin xətti ilə təşkil edilən yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.