Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhəbbət Vəliyeva: Məktəbin işi valideyni yalnız iclasa çağırmaqla bitməməlidir

Məhəbbət Vəliyeva: Məktəbin işi valideyni yalnız iclasa çağırmaqla bitməməlidir

Tarix: 15 Oktyabr 2019 13:58

Bakı. İlhamə İsabalayeva - Trend:

Əvvəlki dövrlərlə müqayisədə valideynləri məktəblərə cəlb etmək çətinləşib.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

Bunun obyektiv və subyektiv səbəblərinin olduğunu deyən M.Vəliyeva qeyd edib ki, valideynlər bəzən prioritetləri düzgün müəyyənləşdirə bilmirlər.

Nazir müavini hesab edir ki, valideynləri tədris prosesinə cəlb etməklə onların uşaqlarına olan münasibətini köklü şəkildə dəyişmək olar. O, bu mənada məktəblərdən yeni yanaşmalar və modellər gözlədiklərini nəzərə çatdırıb: "Valideyni yalnız valideyn iclasına çağırmaqla iş bitmir. Yaxud da məktəbdə hər hansı bayram tədbiri keçirəndə "gəl, uşağının səhnədə necə çıxış etdiyinə bax" deyə çağırmaq lazım deyil. Bu gün valideynlər daha ciddi məsələlər üçün məktəbə gəlməlidir. Onların diqqətinə müasir dövrün tələbləri çatdırılmalıdır. Bəzən biz valideynlərin övladlarının ixtisas seçimlərinə müdaxilə etdiyini görürük. Əgər valideyinlər müasir dövrün tələblərini, gələcəkdə əmək bazarının ehtiyaclarını bilsələr, sözsüz ki, onların təhsilə münasibətləri də dəyişəcək. Təəssüf ki, bu gün hələ də bəzi məktəblərin sinif otaqlarında elektron lövhənin sadəcə lövhə kimi istifadə olunduğunu görürük. Halbuki lövhə böyük imkanlar daşıyıcısıdır. Bu mənada bunu həm direktor bilməlidir, həm də valideynlərin diqqətinə çatdırmaq lazımdır. Bu gün valideynlər övladı evə gələndə "aç, gündəliyinə baxım, neçə qiymət almısan?" sualını verməməlidir. Başa düşməlidir ki, qiymətdən vacib onun uşağının dərs zamanı yiyələndiyi bilik və bacarıqlardır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Məhəbbət Vəliyeva Məktəbin işi valideyni yalnız iclasa çağırmaqla bitməməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ