Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə dostluq qapısını açdı: Ermənistana yalnız bir şərti var...

Türkiyə dostluq qapısını açdı: Ermənistana yalnız bir şərti var...

Tarix: 18 Fevral 2023 08:00

Türkiyədə fəaliyyət göstərən "World Panorama" strateji araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik:

- Türkiyədə baş vermiş şiddətli zəlzələlərdən sonra prezident seçkisinin ertələnəcəyi gündəmə gəlib. Siz necə düşünürsünüz, hökumət buna gedəcəkmi?

- Artıq bir müddətdir bu məsələ müzakirə olunur. Bunu da hökumət yox, müxalif kəsim qabardır. Türkiyənin bəzi media qurumları da seçkinin ertələnə biləcəyini yazır. Təbii ki, şiddətli və faciəvi zəlzələdən sonra cəmiyyət seçki ab-havasında deyil. Zəlzələ on şəhəri yerlə-yeksan edib, bəziləri isə tamamilə dağılıb. Bu şəhərlərin bərpası illər aparacaq. Bütün bunlara baxmayaraq, hələlik rəsmi səviyyədə seçkinin təxirə salınacağı ilə bağlı məlumat yoxdur. Məsələ sadəcə şayiə, söz-söhbət səviyyəsindədir. Bu gün hökuməti məşğul edən əsas məsələlər zəlzələnin zərərlərinin aradan qaldırılması, bu səbəbdən yardıma ehtiyacı olan vətəndaşların təminatı ilə bağlıdır.

Bütün hallarda Türkiyədə seçki ilidir, bu baxımdan, kənardan AKP hökumətinin qarşısına əlavə problemlərin çıxarılmasına cəhdlər olacaq. AKP və ya Ərdoğanın komandasını iqtidarda görmək istəməyən qüvvələr olduğu kimsəyə sirr deyil. Həmin qüvvələr əllərindən gələni edəcəklər ki, seçki indiki hakim komandanın xeyrinə olmasın. Kürdlərin partiyasının (HDP) və "Altılıq" blokunun daxildə həmin kənar qüvvələrin əllərinə oyanayacağını deyə bilərik. AKP hökumətinin səs ala bilməməsi üçün seçki öncəsi Türkiyədə aranı qarışdırmağa qədər hər oyuna gedə bilərlər. Amma AKP və Ərdoğanın bütün ssenarilərə hazır olduğunu düşünürəm.

Seçkinin ertələnməsi məsələsinə gəldikdə, belə bir qərarın hakim komandaya sərf etdiyini düşünmürəm. Çünki bundan sonra nə olacağı da məlum deyil. Üstəgəl, insanlar nə baş verdiyini anlayırlar, türk cəmiyyəti ayıq-sayıqdır. Parlament seçkiləri təxirə salına bilər, amma prezident seçkisi haqda belə bir qərarın olacağını zənn etmirəm. Mənə elə gəlir ki, prezident seçkisi elan edildiyi vaxtda - mayın 14-də baş tutacaq.

"Altılıq" masasına gəldikdə, orada təmsil olunan partiyalar hələ də üzə bir namizəd çıxara bilməyiblər. Üstəgəl, namizəd kimi adı hallanan şəxslərin cəmiyyətdə o qədər nüfuzu da yoxdur.

- Türkiyə müxalifəti isə baş verənlərdən xal qazanmağa, seçki öncəsi daxili reytinqini yüksəltməyə çalışır. Müxaliflərin bu səylər türk cəmiyyəti tərəfindən necə qarşılanır və bu onlara nə qazandıracaq?

- Düşünmürəm ki, Türkiyə müxalifətinin reytinqində hansısa bir dəyişiklik var. Təbii ki, həmişə hər bir məqamdan fürsət kimi yararlanmağa çalışırlar. İndinin reallığı budur ki, bütün səylərinə baxmayaraq, müxalifətin reytinqi və ayrı-ayrı isimlər üzrə populyarlığı o qədər də yüksəkdə deyil. Seçkiyə kifayət qədər az vaxt, iki ay qalır, amma müxaliflər hələ də aralarındakı fikir ayrılığına görə namizəd məsələsində razılığa gələ bilmirlər. Bir nəfər tapıb üzə çıxara bilmirlər ki, namizədimiz budur, Ərdoğana qarşı onunla mübarizə aparacağıq.

"Altılıq" platformasının ən böyük problemi odur ki, oradakı partiyaların hər birinin öz marağı, öz namizədi var. Həmin partiya liderlərinin heç biri digərini bəyənmir. Hər şeyi edirlər ki, eyni masa ətrafında oturanlardan biri namizəd olmasın. Publika qarşısında hər şey rəvan görünür, masa altında isə güclü bir çəkişmə var. Ona görə də "Altılıq" heç nə edə bilmir.

İndiyədək bir müxalifət liderinin zəlzələ bölgəsinə gedərək insanlarla bir normal görüş keçirdiyini görməmişəm. Əksinə, gedənlər də narazılıq yaradıb qayıdırlar. İndiki dönəmdə atdığı addımlar da onların reytinqlərinə müsbət xal qazandırmır. Tam əksini görürük, verdikləri açıqlamalar, seçki dərdinə düşmələri mənfi imiclərini bir az da korlayır.

Türk cəmiyyəti müxalifətin potensialına, nə qədər bacarıqlı olub-olmadığına bələddir. Ən azı indiki durumda müxalifəti cəmiyyətin gözündə qaldıracaq "sehrli çubuq"un olduğunu düşünmürəm. Əlbəttə, müxalifətin bəlli bir seçici kütləsi var, amma bu da həlledici elektorat deyil.

- Gündəmin əsas mövzularından biri də Türkiyə-Ermənistan əlaqələrinin bərpası ilə bağlıdır. Artıq sərhəd humanitar məqsədlər üçün açılıb, üstəgəl, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər etdi. Bu gəlişmə əlaqələrin tam normallaşmasına qədər gedəcəkmi? Ən əsası, Ermənistan əlaqələrin bərpası üçün əsas şərt olan Türkiyə qarşı qondarma ərazi və "soyqırımı" iddialarından vaz keçə bilərmi?

- Məncə, bu əlaqələr Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyindən asılıdır. Bunu Türkiyənin özü də rəsmi qaydada elan edib. Ankaranın mövqeyi belədir ki, əgər Ermənistan Türkiyə ilə əlaqələrinin normallaşmasını istəyirsə, Azərbaycanla sülh masası ətrafında oturmalıdır. Yəni bunun üçün sülh müqaviləsini imzalamalıdır. Hələlik Ermənistan nə bu yöndə addım atır, nə də bu fikirdə olduğunu sərgiləyir. Paşinyan başda olmaqla, Ermənistanın hakim komandası sülh prosesini pozmaq üçün min oyundan çıxır.

Qarabağla bağlı bəzi məsələlər hələ də həlsiz qalır. Bu məsələlərin həllinə də Ermənistanla yanaşı, ona dəstək verən dövlətlər mane olurlar. Türkiyə dəfələrlə həm prezident, həm xarici işlər, həm də müdafiə nazirləri səviyyəsində bəyan edib ki, Ermənistan normal qonuşuluq münasibətləri istəyirsə, sülhyaratma prosesində səmimi olmalı, yekun sülh müqaviləsini imzalamalıdır. Ermənistana o da bildirilib ki, bunu etsə, Türkiyə və Azərbaycan kimi böyük bir bazara, həmçinin Avropaya birbaşa çıxış imkanı qazanacaq. Yəni sülh sazişini imzalaması Ermənistana iqtisadi dirçəliş qazandıra bilər. Ermənistanın özü də yaxşı anlayır ki, onun rifahlı gələcəyi Azərbaycan və Türkiyə ilə anlaşmadan asılıdır.

Gürcüstan elə bir böyük bazar deyil ki, Ermənistan orada özü üçün nəsə əldə edə bilsin. Dünyadan təcrid edilmiş İranın isə özünə xeyri yoxdur, Ermənistana haradan olsun. İndi Ermənistan Gürcüstan üzərindən Rusiyadan göndərilən yardıma möhtacdır. Tiflisin Moskva ilə əlaqələrindəki problemlər səbəbindən bu xətt üzərində də Ermənistan üçün ciddi əngəllər var. Eyni zamanda, Paşinyanın xarici siyasət vektorunu dəyişməsinə və Ukraynada davam edən müharibəyə görə Rusiyadan Ermənistana verilən dəstək xeyli zəifləyib. İrəvanın ikili oyunu Moskvanın xoşuna gəlmir. Artıq Rusiya Paşinyanın ona qarşı atdığı addımların cavabını verməyə başlayıb. Belə bir durumda çıxış yolu üçün Azərbaycan və Türkiyənin önəmi Ermənistan baxımından daha da artır.

İndi sərhəd humanitar məqsədlər üçün açılıb, amma uzun müddətdir bu haqda danışılırdı. Yəni bu, Ermənistan üçün bir şansdır, indi bundan düzgün istifadə edib-etməyəcəyi ondan asılıdır. Mövlud Çavuşoğlu Ankarada görüşdüyü Mirzoyana da dedi ki, Ermənistan bölgədə sülhyaratma prosesində iştirak etməlidir. Yəni Çavuşoğlu Ermənistana bunu demək istədi ki, humanitar məqsədlər üçün olsa belə, sərhədin açılmasına razılıq verdik, indi sən bu yolla sülh üçün gəl, separatizmdən əl çək, qonşuların Azərbaycan və Türkiyə ilə qonşu kimi davran, düşmənçiliyi dayandır.

Ermənilərin soyqırımı və ərazilərlə bağlı qondarma iddialarının bitəcəyini düşünmürəm. Xaricdəki erməni lobbisi və diasporu xüsusən də "soyqırımı" məsələsini gündəmdə saxlayacaq. Bu məsələdən də həm Türkiyə, həm də Azərbaycana qarşı əsassız ərazi iddialarını "legitimləşdirmək" üçün istifadə etməyə çalışırlar.

- Deyək ki, indiki durumda Türkiyə-Ermənistan əlaqələri normallaşdı. Belə bir gəlişmə bu halda Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşmasına və mümkün sülh sazişinə nə kimi töhfələr verə bilər?

- Dediyim kimi, bu, Ermənistandan asılıdır. Ermənistan yaranmış fürsətlərdən yararlanmalı və hər şeyə rəğmən ona uzadılmış dostluq əlini tutmalıdır. Ermənistan başa düşməlidir ki, əgər Türkiyə onunla əlaqələrini normallaşdırmaq istəyirsə, demək, bunu Azərbaycanla razılaşdırıb. Bu gün dünyanın onlarla ölkəsindən Türkiyəyə yardım gəlir, özünün də potensialı kifayət qədərdir. Yəni Türkiyənin Ermənistanın yardımına ehtiyacı yoxdur. Türkiyə bu yardımı qəbul etməklə Ermənistana onu başa salmağa çalışır ki, gəlmək üçün həmişə qapı var, sadəcə onu dostcasına aç.

Türkiyənin açdığı dostluq qapısından necə keçəcəyi Ermənistandan asılıdır. Əgər Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalayacaqsa və ölkəmizə qarşı qondarma ərazi iddialarından vaz keçəcəksə, o qapı həmişə üzünə açıq qalacaq. Hesab edirəm ki, Ermənistan Azərbaycanla əlaqələrini tam normallaşdırdıqdan sonra Türkiyə də onunla hərtərəfli münasibətlərini qaydasına salacaq. Ermənistan arxasında durub onu qızışdıran dövlətlərə yox, Azərbaycan və Türkiyəyə sarı gəlsə, bu, onun üçün daha yaxşı nəticələr verə bilər. Əks halda etdiklərinə qatlanmalı olacaq.


Etiketlər:  Türkiyə dostluq qapısını açdı Ermənistana yalnız şərti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ