Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvanda qəbul edilən qərarlar türk dünyasının birliyini daha da gücləndirdi

Naxçıvanda qəbul edilən qərarlar türk dünyasının birliyini daha da gücləndirdi

Tarix: 16 Oktyabr 2019 13:54

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan daha bir mühüm beynəlxalq tədbirə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşünə uğurla ev sahibliyi etdi. Hesab edirəm ki, bu sammit türkdilli ölkələr arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında çıxışı zamanı mühüm məsələlərə toxundu: “Cənab Prezident qeyd etdi ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Cənab Prezident, eyni zamanda Türk Şurasının VII Zirvə Görüşünün Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf etdiyini diqqətə çatdırdı. Təbiidir ki, Naxçıvan sazişi türkdilli ölkələr arasında əməkdaşlığın yeni formatının yaranmasına səbəb oldu, əlbəttə, bu da türkdilli ölkələr arasında əlaqələrin inkişafına mühüm töhfələr verdi. Naxçıvan sazişinin türkdilli ölkələr arasında əlaqələrin qurulması və inkişafında mühüm rolu var. Naxçıvanda qəbul edilən qərarlar türk dünyasının birliyini daha da gücləndirdi. Bu baxımdan cənab Prezidentin bildirdiyi kimi, Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”.

C.Osmanov vurğulayıb ki, Prezident İlham Əliyev, həmçinin öz çıxışında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yerləşən Zəngəzur bölgəsinin vaxtilə Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi məsələsinə toxundu və bunun böyük türk dünyasını coğrafi baxımdan parçaladığını diqqətə çatdırdı:

“Bununla da cənab Prezident bir daha dünya ictimaiyyətinin diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəltdi və türk dünyasının liderləri bütün məsələlərin türkdilli dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğuladılar, ərazi bütövlüyünün qorunması istiqamətində birgə fəaliyyətdən danışdılar. Eyni zamanda, türk dünyasının liderləri Dağlıq Qarabağ məsələsində Azərbaycanın tərəfində olduqlarını bir daha bəyan etdilər və bildirdilər ki, Ermənistanın separatçı rejimi tərəfindən 30 ilə yaxındır ki, işğal altında saxlanılan Dağlıq Qarabağ və ətraf yeddi rayon əzəli Azərbaycan torpaqlarıdır və bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

Milli Məclisin deputatı əlavə edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində dövlətlər arasınsda çox mühüm layihələr həyata keçirilir, o cümlədən iqtisadi, siyasi, humanitar, turizm, mədəni və digər sahələrdə daha sıx əməkdaşlığın qurulması istiqamətində birgə fəaliyyət aparılır: “Azərbaycan bu quruma çox böyük önəm verir və növbəti illərdə quruma sədrlik edəcək. hesab edirəm ki, Azərbaycanın sədrliyi dövründə türkdilli dövlətlər arasında əməkdaşlıq daha da genişlənəcək”.

Qeyd edək ki, ötən gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.

İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi, Macarıstan və Türkmənistan isə müşahidəçi qismində iclasda iştirak edib.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin yeddi iclası baş tutub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Naxçıvanda qəbul edilən qərarlar türk dünyasının birliyini daha gücləndirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ