Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2023 08:24
Tehranla Avropa arasında illərdir danışıqlar mövcuddur. İranın nüvə silahı məsələsi aşkar olunduqdan sonra Avropa İranla Amerika arasında bir vasitəçi kimi bu müzakirələri aparıb. Bunun da səbəbi təbii olaraq, milli mənafeləridir. Qərb özünü demokratiyanın mərkəzi hesab etsə də, milli maraqları daha önəmlidir.
Sonxeber.net bildirir ki, bu sözləri axar.az-a Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından olan Əlirza Abdullahi deyib.
O bildirib ki, İran və Avropa arasında danışıqlar Ukrayna-Rusiya müharibəsinə görə daha da fəallaşıb:
"Avropanın himayəsəndə olan İran rejimi artıq gözdən düşməkdədir. İran Rusiyanın tərəfini tutur, ona silah verir. Əslində, Ukrayna-Rusiya savaşı Avropa savaşı sayılır. Qərb narahatdır ki, Rusiya Ukraynadan sonra Avropaya da saldırsın. İran Rusiyaya ucuz dronlar verdiyindən, Avropa Tehrana təzyiq göstərməyə çalışır. Onların qiyməti 20 min dollardır. Göyə qalxan hər bir PUA öz təyinatı üzrə doğru istiqamət almasa belə, Ukrayna döyüşçüləri onu zərərsizləşdirmək üçün Avropanın ən bahalı, bəlkə də milyon dollarlıq silahından istifadə etməli olur. Ona görə də bu, Avropaya qarşı müharibədir. Qərb müzakirələrdə təzyiqi çoxaldıb. Biz bunu İran rejiminin əməlində və davranışlarında da görürük".
Milli fəal deyib ki, Qərb İranda rejimin dəyişdirilməsinin tərəfdarıdır. Onlara zərər verməyəcək hakimiyyətin qurulmasını istəyir. Bunun üçün hətta öz namizədləri də var:
"Son zamanlarda ölkədə başlayan etirazlar bir az səngimişdi. Amma bir neçə gündür İranın bir çox şəhərində etirazlar yenidən başlamaq üzrədir. Bu etirazlar bitməyib, davam edir və daha da çoxalacaq. Çünki İranda işsizlik, ailə böhranları, yaşam çətinlikləri var. 44 ildə üst-üstə gəlmiş zülm insanları bu rejimdən bezdirib. Öldürən, vuran, işgəncə verən bu qəddar rejimə qarşı küçələrə çıxıb, "ya azadlıq, ya ölüm" şüarı səsləndirirlər. Avropa da bunu yaxşı bilir. Rza Pəhləvini hakimiyyətə gətirmək, İranda onlara zərəri olmayan bir rejim qurmaq istəyirlər. Odur ki, belə bir şəxsin hakimiyyətə gəlməsinə razıdırlar".
O, İranda rejim dəyişikliyinin qaçılmaz olduğunu vurğulayıb:
"Qərb üçün demokratiya və insan haqlarının önəmi yoxdur, öz milli mənafelərinin, maraqlarının əhəmiyyəti var. Onlar ölkələrini ucuz neft, qaz və enerji ilə təmin etmək marağındadırlar. Bu da son zamanlar İran və Qərb arasında gedən gizli müzakirələrə səbəb olub. Hətta İran geri addım atmaq və imtiyaz verməklərin istərdi, amma bu iş Ukrayna-Rusiya savaşı səbəbindən bitmiş sayılır. Qərb qoyulan embarqoları götürüb, rejimin güclənməsinə razı olmaz. İranda ən qısa müddətdə rejim dəyişikliyini görəcəyik".