Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2023 16:42
Bakı-Sumqayıt yolunda sürücü qəfil ölüb.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, sürücü Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən verilən "Saxla" əmrindən sonra qəfil vəfat edib.
BDYPİ-dən bildirilib ki, hadisə bu gün saat 09:45-də baş verib. "Tofaş" markalı 10-NJ-759 nömrə nişanlı avtomobilin sürücüsü ödənilməyən cərimə borcu olması səbəbindən Xocəsən qəsəbəsindən Bakı-Şamaxı şosesi istiqamətində hərəkət edərkən ərazidə xidmət aparan YPX əməkdaşları tərəfindən saxlanılıb: "YPX əməkdaşı sürücüyə yaxınlaşaraq nəqliyyat vasitəsini saxlamasının səbəbini izah edib. Sürücü Vidadi Baxışov isə YPX əməkdaşlarına bir qədər gərgin, aqressiv formada cavablar verərək, ürək xəstəsi olduğunu və özünü narahat hiss etdiyini bildirib.
YPX inspektoru əraziyə təcili tibbi yardım avtomobili dəvət edə biləcəyini söyləsə də, sürücünün həyat yoldaşı özlərinin təcili yardım çağırdıqlarını qeyd edib. Sürücü özünü narahat hiss etdiyi üçün YPX əməkdaşı ona bu halda avtomobil idarə etməməyi tövsiyə edərək oradan uzaqlaşıb.
Daha sonra sürücü sükan arxasına əyləşərək avtomobili idarə etməyə çalışıb, bir qədər getdikdən sonra avtomobil yolun kənarındakı betona dəyərək dayanıb".
İdarədən qeyd olunub ki, hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım heyəti yaxınlaşıb: "Bu zaman sürücünün sükan arxasında öldüyü müəyyən edilib. Qeyd olunan faktla bağlı araşdırma aparılır".