Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2023 12:00
Elşad Həsənov: "Bəyanatla separatçıların fəaliyyətinə son qoyulmayacaq, yaxşı olar ki..."
Qarabağdakı erməni separatçıların liderinin "müşaviri" David Babayan sosial şəbəkədəki paylaşımında Azərbaycana inteqrasiya tərəfdarı olanların mövcudluğunu bu sözlərlə ifadə edib və onları hədələyib:
"Qarabağda özünü Azərbaycanın bir hissəsi sayan insanlar yoxdur. Bir, iki, üç nəfər, belə deyək, sadəlövh, satqın, ələ alınmış hər bir cəmiyyətdə ola bilər, ancaq cəmiyyətin əsas hissəsi buna qarşıdır. Belə düşünmək, sadəcə olaraq ayıbdır. Əgər kimsə Azərbaycana inteqrasiya məsələsini qaldırsa və bunu gündəmə çevirsə, düşünürəm, belə fəaliyyət ən yaxşı halda intihar olar".
Bu, Azərbaycanın erməni icmasına qarşı açıq-aydın təhdiddir və terrora çağırışdır. Belə vəziyyət Azərbaycanın əlinə antiterror əməliyyatı keçirmək şansını verirmi və dünya birliyi bu terror hədəsinə hansı yöndə reaksiya verməlidir?
Siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Ermənistandakı və Qarabağdakı separatçılığa meylli qüvvələr Azərbaycanla inteqrasiyaya qarşı çıxırlar: "Qarabağda 25-30 min cıvarında erməni yaşayır. Onların içərisində bəzi separatçıları çıxmaq şərtilə, qalan sadə, zəhmətkeş əhali Azərbaycana inteqrasiyanı istəyir. 30 illik ağır şəraitdən sonra heç olmasa indi insan kimi yaşamağı düşünürlər. Onlar bilir ki, Azərbaycanın iqtisadi qüdrəti Ermənistandan qat-qat çoxdur. Ona görə də, bizə meylləri daha çoxdur. Arayik Arutunyan və onun komandası ermənilərə bu imkanı vermir. Bunun üçün də əllərindən gələn nə varsa edirlər. Belə bir halda, orada səsini çıxarmaq istəyən insanlar da qorxur. Biz yenə də üçtərəfli Bəyanatın şərtlərinə əməl edilməsini tələb etməliyik. Rusiya sülhməramlılarının əraziyə yerləşməsi ilə bərabər, Azərbaycan ərazisində olan silahlılar oradan çıxarılmalı idi. Ancaq görürük ki, hələ də ermənilərin quldur dəstələri ordadır. Görünən budur ki, Rusiya sülhməramlıları bu gün də bizim tələblərimizə cavab vermir. Hətta gizli yollarla Ermənistandan silah daşınmasının qarşısını almırlar".
Ekspertin sözlərinə görə, Münhendəki görüşdən sonra Prezident bildirdi ki, biz gələcəkdə Qarabağdakı erməni icması ilə danışıqlar aparacağıq: "Azərbaycanın təzyiqi ilə Vardanyan tutduğu "vəzifədən" azad edildi. Bundan sonra Azərbaycan dövlətinin təmsilçiləri ilə erməni icması aradında görüş də keçirildi. Gələcəkdə belə formatda görüşlərin keçirilməsi planlaşdırılır. Buna görə də, separatçılar görüş tərəfdarı olanları hədələyir. Nə qədər ki, orada separatçılar var, bizim tələblərin həyata keçməsi real görünmür. Bunlar alınmasa, biz öz ərazimizdə antiterror əməliyyatı keçirib, həmin qanunsuz silahlıları Qarabağdan çıxaracayıq. Hələlik bunu danışıqlar yolu ilə etməyə çalışırıq. Ermənistan Avropanın yarımhərbi missiyasını sərhədə gətirib. Martın 5-də baş verən silahlı insidentdən sonra həmin missiyanın Qarabağa da yerləşməsi tələb edilir. Buna Rusiya da etiraz edir. Görünən budur ki, münaqişəni daha da gərginləşdirməyə çalışırlar. Bu səbəbdən də beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirir. Bəyanatla separatçıların fəaliyyətinə son qoyulmayacaq. Yaxşı olar ki, Azərbaycan hansı yolla olursa-olsun, separatçıları qovub ərazimizdın çıxarsın".