Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28 ili tamam olur

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28 ili tamam olur

Tarix: 17 Oktyabr 2019 16:21

Bakı. Trend:

2019-cu ilin oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi səkkizinci ildönümü tamam olur.

Bu illər ərzində demokratik, hüquqi və dünyəvi bir dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.

Lakin xalqımızın müstəqil dövlət quruculuğu yolu heç də asan olmamışdır. 1991-ci ildə sovet imperiyasının süquta uğraması nəticəsində digər müttəfiq respublikalar kimi, Azərbaycan da özünün dövlət müstəqilliyinə nail oldu. Ancaq digər respublikalardan fərqli olaraq, respublikamızı bu müstəqilliyə, azadlığa aparan yollara qanlar töküldü, şəhidlər verildi. Eyni zamanda fərq onda idi ki, Azərbaycan xalqı müstəqilliyin nə demək olduğunu daha yaxşı bilirdi. Çünki xalqımız XX əsrin əvvəllərində müstəqilliyin sevincini artıq bir dəfə yaşamışdı və əldə etdiyi növbəti-əbədi müstəqillik əsrin sonlarına doğru Azərbaycanın siyasi tarixinin möhtəşəm hadisəsi idi.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Ali Sovetinin xalqın tələbi ilə çağrılmış növbədən kənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı” nı qəbul etdi. Ancaq müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O dövürdə hakimiyyətdə olan siyasi qüvvələrin səriştəsizlikləri az qala bu müstəqilliyin də məhf olmasına gətirib çıxaracaqdı. 1991-1993 –cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər.

Belə bir vəziyyətdə Azərbaycan xalqının tələb və istəyi ilə hakimiyyətə gələn xalqımızın ümumilli lideri Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən xilas etdi. 1993-cü ilin iyun ayından dövlətimizin idarəçilik sükanının arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını, müdrikliklə, yenilməz iradə, qətiyyətlə və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr gözləyirdi? Dövlət müstəqilliyinin qorunub saxlanması ilə bağlı Ulu öndər Heydər Əliyev demişdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətindir”.

1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu öndər Heydər Əliyev demişdir: “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyduq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli bir vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır”

2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan iqtisadiyyatın bütün sahələrinin, xüsusilə qeyri-neft sektorunun inkişafını, xalqın sosial-rifah halının yaxşılaşdırılması məsələlərini daim diqqətdə saxlayır.

Heydər Əliyev siyasətini layiqincə davam etdirməklə yanaşı, həm də dövlət idarəçiliyində yeni məktəbin yaradıcısı olan Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir.

Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin, müstəqillik tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ulu öndərin yeni neft strategiyasının uğurla həyata keçirilməsi, iri miqyaslı enerji layihələrinin reallaşması və yeni iri miqyaslı sosial-iqtisadi layihələrin reallaşması, regionda və eləcə də dünyada cərəyan edən proseslərə dövlət başçısının müdrik siyasi baxışları Azərbaycanın dövlət müstəqilliyinin və dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə və qüdrətlənməsinə xidmət edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müyyənləşdirilən və həyata keçirilən uğurlu siyasət nəticəsində son illərdə Azərbaycan sürətlə inkişaf edərək həm iqtisadi həmdə sosial sahədə böyük uğurlar qazanıb. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Ölkədə 2 milyon yeni iş yeri açılıb, əməkhaqqı 7 dəfə, pensiyalar 9 dəfə artıb. İşsizlik səviyyəsi 5%-ə, yoxsulluq səviyyəsi 49%-dən 5,4 faizə endirilmişdir. Son 15 ildə 3200 dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 Olimpiya idman kompleksləri yaradılıb.

Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına və güclənməsinə şərait yaratmışdır. İnamla qeyd etmək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabər hüquqlu üzvü, söz sahibi olan dövlətdir. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu onu göstərir ki Azərbaycan dünya miqyasında böyük nüfuza malik dövlətə çevrilib. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevtilmişdir. Bakıda 500 milyonluq auditoriyası olan Formula 1 yarışı yüksək səviyyədə təşkil olunur. 2015-ci ildə ilk dəfə Bakıda I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olunmuşdu. Ötən dövr enerji-nəqliyyat sektoru üçün də çox uğurlu olub. 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri, 2007-ci ildə Bakı-Tbilisi- Ərzurum qaz kəməri istifadəyə verilib. “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə müqavilənin müddətinin 2050-ci ilə kimi uzadılması çox böyük əhəmiyyətə malikdir. 29 may 2018-ci il tarixdə “Cənub Qaz Dəhlizinin“ rəsmi açılış mərasimi keçirilib.

Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Azərbaycan Prezidentinin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir də heç vaxt əldən verməyəcək, müstəqillik əbədi olacaqdır.

Millət vəkili

Rauf Əliyev

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tamam olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ