Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

SEPAH-da şok: Ordu əmrə tabe olmur, xalqla birləşir

SEPAH-da şok: Ordu əmrə tabe olmur, xalqla birləşir

Tarix: 6 Aprel 2023 13:48

2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri məxfi iclas keçirərək, İranda aylarla davam edən etiraz aksiyalarını müzakirə edib. Görüşdə dini rəhbər Əli Xamenei də iştirak edib.

Protokol 40 səhifədən ibarətdir. Əsas məruzəçilər SEPAH-ın yüksək rütbəli genaralları və SEPAH-da fəaliyyət göstərən ideoloji kadrlardan ibarət yüksək səviyyəli din xadimləridir.

"Tam məxfi arxiv" sənədi olan bu görüşün protokolunun surəti hakerlər tərəfindən ələ keçirilib və yayılıb.

Milli.Az bildirir ki, Axar.az olduqca önəmli bu protokolun dərcinə davam edir:

Ali Baş Komandanlıq Aparatına

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin görüşlərinin arxivinə

10/13/1401 (hicri, miladi 3 yanvar 2023-cü il)

Təsnifat: (hərbi) məxfi, arxiv sənədi

İclasın mövzusu: İnqilab Keşikçiləri Korpusunun komandirlərinin çıxışlarının xülasəsi

İkinci briqada komandiri Yadullah Buəli:

- Hörmətli qardaşların bildiyi kimi, müxtəlif səbəblərə görə Fars əyaləti Korpusunun vəzifələri digər əyalətlərə nisbətən daha çoxdur.

Qonşu əyalətlərə dəstək saxlamaq, ölkənin cənubunda təhlükəsizliyi təmin etmək, dəniz qüvvələrini dəstəkləmək kimi mövzulara görə Fars əyalətində logistika məsələsi xüsusi əhəmiyyət kəsb edir. Demək olar ki, Fars əyaləti indiyədək təhlükəsizlik sahəsində effektiv olubdur.

ETTELAAT-ın və SEPAH-ın kəşfiyyat bölmələrinin əməyi nəticəsində iğtişaşlar və iğtişaşlara cəhdlər haqqında öncədən çoxlu məlumat əldə edə bilirik. Ancaq bəzi səbəblərə görə onlarla bağlı vaxtında addım ata bilmirik. Bunun bir neçə səbəbi var. Səbəblərdən biri ondan ibarətdir ki, əldə edilən məlumatları dəyərləndirib və əhəmiyyətliliyinə görə sıralayırıq.

Bundan başqa meydanda olan qüvvələrimizi bütün məsələlərə cəlb edərək yormaq istəmirik. Ancaq əsas problemlərimizdən biri təşkilatların tabesizliyi, idarələrin bir sırasının bizə bağlı olub-olmaması məsələsidir.

Dostların da qeyd etdiyi kimi, Fars əyalətində qüvvə çatışmazlığı yaşanmır, sadəcə onların vaxtında müdaxilə etməmələri, hərbi qüvvələr arasında koordinasıyanın olmaması, onların xalqa dəstək vermələri və göstərişləri yerinə yetirməmələri çətinlik yaradır.

Məqsədli şəkildə əmrə tabe olmamaq və xalqla həmdərdlik halları artıq hərbi bazalarda yayğınlaşıb. Bir sıra hallarda hərbi bazalarda olan ordu və SEPAH qüvvələri şəhərlərdəki təhlükəsizlik qüvvələrinin hərəkətlərinə qarşı çıxıb, onlarla qarşı-qarşıya gəliblər. Qüvvələrimizin mənzil və başqa məişət problemləri, onların təminatında mövcud olan çatışmazlıqlar və idarələr arasında koordinasiyalı fəaliyyətin olmaması ciddi çətinliklərin ortaya çıxmasına səbəb olub. Qüvvələrimizin əsas məsələlərindən biri təminatın olmamasdır. Peşəkar qüvvələrimizin ortalama aylıq gəliri 250-300 dollar civarında olduğu halda, Şiraz kimi meqapolisdə onların aylıq xərci 1000 dollara bərabərdir. Əsas məsələ ailələrinin məişət problemlərini həll etməkdən ibarətdir. Nəzərə almalıyıq ki, ölkənin müxtəlif bölgələrindən olan peşəkar qüvvələr təhsillərini başa vurduqdan və ya təhsil ala-ala yerli və xarici şirkətlərdə, sənaye və başqa müəssisələrdə işləmək əvəzinə ölkənin gələcəyi üçün silahlı qüvvələrə daxil olublar. Ancaq indi başqa iş yerlərindəki gəlirlərlə özlərinin gəlirləri arasındakı böyük fərqi görürlər. Bu, ciddi bir ziddiyyət yaradır və onların təhlükəsizlik, hərbi və müdafiə sənayesi və başqa sahələrdəki fəaliyyətlərinə mənfi təsir edir. Başqa problemləri də digər dostlar qeyd ediblər. Əlbəttə, problemlər yalnız məişət məsələlərindən ibarət deyil.

Fars əyalətinin Təchizat Şurasının iclasında Kəşfiyyat İdarəsinin nümayəndəsi cənab Rəhimidən eşitdim ki, əyalətdə 2000-dən çox kadr SEPAH-la əqidə məsələləri üstündə problemlər yaşayıb və istefa sayı o qədər çox olub ki, cümə imamı da məsələyə müdaxilə etmək məcburiyyətində qalıb.

Bunun qarşısını necə almaq olar? Məişət və gəlir problemi olanları pul qarşılığında qane etmək olar, ancaq əqidə və ideoloji baxımdan beynində suallar yaranan və düşüncəsi zəhərlənənlərlə nə etməliyik?

Bilməliyik ki, mədəni və ideoloji fəaliyyətlərlə, minbər, söhbət və kurslar vasitəsilə korlanmış beyinləri bərpa etmək olmaz. Onları tövbə etdirmək, əvvəlki quruluşu qaytarmaq mümkün deyil. Daha çox problemlər var, mən burada başqalarını da dinləmək istəyirəm. Ancaq qeyd etməliyəm ki, Hacıağa Müctəba Xamenei və yaxın qüvvələrinin şəxsi nəzərlərinə uyğun olaraq xüsusi qüvvələrin tənzimlənməsindəki dəyişikliklər ölkənin təhlükəsizlik quruluşuna ciddi xələl gətirəcək və bir qrupun səliqəsinə uyğun olaraq qüvvələrin dəyişdirilməsi faciəli nəticələrə gətirib çıxara bilər.

Əlbəttə, qeyd etmək lazimdir ki, Hacıağa Müctəbanın (Xamenei) bütün göstərişləri pis olmayıb. Sadəcə bir sıra əsas şəxslərin dəyişdirilməsi ziyanlı ola bilər.

İkinci briqada generalı Möhsün Kərimi:

- Müharibə dövründə də həmsəngər olduğum bir sıra dostlarım bu toplantıda iştirak edir. Onlar məsələlərdən xəbərdardırlar. Burada danışılan məsələləri bir daha təkrar etmək niyyətində deyiləm. Sadəcə, son hadisələrlə bağlı öz qüvvələrim arasında baş verən hadisələri diqqətinizə çatdırmaq istəyirəm. Həzrəti ağa (Xamenei), Ərak hərbi qüvvələri arasında sistemə ideoloji və əqidə baxımından bağlılıq 50%-dən çox azalıb. Biz nə etdik ki, sistem və hakimiyyətə bağlı olan və öhdəlik hiss edən şəxslərin baxışları bu qədər dəyişdi? Həzrəti ağa, bu gün mənim tabeliyimdə olan qüvvələr arasında gizir və kapitan səviyyəsindəki məmurlar arasında belə komandirin əmrinə tabelik öhdəliyi hiss edilmir. Mənim fikrimcə, məsələ dostların dediyi məişət və bu kimi başqa problemlərdən daha dərindir. Əmrimdə olan qüvvələr mənimlə üz-üzə durur, etiraz edir, həbsə atılır, mühakimə edilir və buna görə peşmançılıq belə duymur. Bu ziddiyyət deyil, ideoloji məsələlərin yaranması deyil, cürətlə deyə bilərəm ki, bir çox qüvvələrimiz artıq sistemi qəbul etmirlər.

Ola bilsin bir sıra dostlarımız tabeliklərində olan bölmələrdə nələrin baş verdiyini ya deyə bilmir və ya demək istəmirlər. Ancaq mən hörmətli rəhbər (Xamenei) qarşısında açıqca deyirəm ki, bir çox hərbi qüvvələrimiz sistemdən üz döndərib və alternativ hakimiyyətə hazırlaşırlar.

Araşdırmamızda kateqoriyadan kənar məlumatların verilməsi problemini müşahidə etmişik. Cənablar, rabitə bölməsinin zabitinin əməliyyat bölməsində müdaxiləsi bilirsiniz nə deməkdir? Hamınızın müharibə təcrübəniz var. Məmur öz iş yerindən başqa yerdə araşdırma aparırsa ya casusdur, ya məlumatları satır, ya da xalqa məlumat ötürür, özünün təxribat qrupunun olması ehtimalı da mövcuddur.

Tutaq ki, qeyd etdiyim bu məsələlərin üçünü həll edə bildik, bəs xalqı məlumatla təmin etmə problemini necə həll edə bilərik? Dövlət rəsmiləri və parlament rəhbərliyinin səfərləri ilə bir sıra tənzimləmələrin aparıldığı barədə düşünüldüyünü eşitdim. Bu yalnız onların səfər marşrutları və proqramlarının vaxtından əvvəl ifşa olunması qorxusundan irəli gəlir. Belə olan halda ölkənin problemi artıq xarici dövlətlər deyil, problem xalqa sirləri ötürən hərbi bilmədir. Belə olan halda istənilən sistemdə olan dövlət devrilə bilər.

İclasdan əvvəl Təhlükəsizlik Nazirliyinin ölkənin mühafizə sektorundakı boşluqların təhlükələri ilə bağlı hesabatını oxuyurdum. Oxuyan an fikirləşirdim ki, orqanlardakı boşluğu aradan qaldırmaq vəzifəsi olan mühafizə sektorunun özündə boşluqlar yaranıbsa, ona kim nəzarət edir? Məlumatların sosial şəbəkəyə sızdırılmasını cənablar görüblər? Mən ölkə məsələlərindən vaxtında xəbərdar olmaq üçün katibimə sosial mediadakı məlumatların gündəlik icmalını hazırlamasını tələb etmişəm.

İclasda çıxış edən komandirlərdən biri haqlı olaraq Şamxaninin (Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani) oğlunun saatından danışdı. Bizim övladlarımız da bu dəstədən ayrı deyillər. Biz ölkədə bir qismi sərbəst buraxıb və onların bütün bədxərcliklərinin sistem tərəfindən təmin edildiyi halda xalqa "sizi təmin etmək üçün vəsait yoxdur" deyə bilmərik.

Artıq bir sıra şəhərlərdə problem gündəlik su və çörək təminatı səviyyəsinə enib, mənzil problemi artıq ikinci dərəcəli sayılır. Evində şahın kreslosundan daha yumşaq və yaxşı kresloda oturan komandir və ya hər hansı başqa məsul artıq küçələrdə baş verənlər problemləri görə bilməz.

Həzrəti ağa (Xamenei), xalqın təminatı məsələsinə sizin xüsusi diqqətinizi xahiş edirəm. Biz komandirlər düşüncəsizlik edib tabeliyimizdə olan qüvvələri özümüzə dost, köməkçi hesab etməmişik və ünsiyyət həmişə birtərəfli olub. Xalq və silahlı qüvvələr üçün xüsusi baxış və xüsusi plan olmalıdır.

Milli.Az


Etiketlər:  SEPAH da şok Ordu əmrə tabe olmur xalqla birləşir


RƏYLƏR